Azərbaycanın Rusiyadan yeni silah və döyüş texnikası alması məsələsi müzakirə olunub

2019/02/texni-1550219321.jpg
Oxunub: 16587     12:15     15 Fevral 2019    
Fevralın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi qeyd edilib.

Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.

Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.

Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin