Ordu.az-ın əvvəlki reportajlarında hərbçilərimizin ön xətdəki məişət və yaşayış şəraiti barədə reportajlar yayımlanıb. Bu dəfə fərqli istiqamətdə düşmənlə üz-üzə xidmət aparan mübariz Azərbaycan əsgərlərinin çətin hava şəraitində xidməti ilə tanış olduq. İstiqamətimiz isə adını tez-tez atəşkəsin pozulması xəbərlərindən oxuduğunuz Tovuz rayonunadır. “N” saylı hərbi hissənin bir neçə ucqar postlarında görüb-çəkdiyimiz, eşidib-yazdıqlarımızı sizinlə də bölüşürük…
-4650452391.jpg)
Havada, quruda, suda, boranda, çovğunda, istidə, dumanda onların yalnız bir məqsədi var…
AZƏRBAYCAN RESPUBLİKASINA XİDMƏT EDİRƏM!
İşğalda olan torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq dövlətimizin yürütdüyü humanist addımların önündə getsə də, hərb yolu ilə də işğaldan azad etmək qarşıda duran vəzifələr sırasındadır. Bu fikirləri Ali Baş Komandan da dəfələrlə vurğulayıb.
Bunları deməkdə məqsədimiz odur ki, cəmi bir neçə metr məsafədə mənfur qonşumuz, ermənilər, düşmən hərbçiləri durur. Hava isə dumanlıdır, hiyləgər düşmən təxribat üçün hər zaman belə havanı əlverişli hesab edir. Biz isə elə həmin həmlələrin gözləndiyi mövqelərdən birindəyik. Müdafiə qüdrəti durmadan artırılan, yerləşdiyi əlverişli mövqeyə və döyüş qabiliyyətinə görə təkmilləşdirilən postlarımızda döyüş növbəsi aparılır. Təlimlərdə, praktiki məşğələ və dərslərdə istifadə etdiyi silahlar və texnika, düşmən ordusunun arsenalında olan silah və texnikalar barədə məlumatlı olan hərbi qulluqçularımız xalqa qürur, düşmənə qorxu saçır.
Beləliklə qalxırıq postlara… Qeyd etdiyimiz kimi hava dumanlı olsa da, Azərbaycan əsgəri əldə silah düşmənin postlarını və hərəkət trayektoriyasını nəzarətdə saxlayır. Ayaq saxlayıb, müşahidə aparan əsgərin xidməti ilə maraqlandıq.
- Salam, əsgər!
- Salam!
- Əsgər, özünü təqdim elə, səni tanıyaq.
- Mən, əsgər Xanəliyev Ziyəddin.
- Əsgər, hazırda düşmənlə üz-üzə dayanmısan. Xidmətin nədən ibarətdir?
- Mən hazırda düşmənlə çox az məsafədə yerləşən postlardan birində döyüş xidməti aparıram. Əlim hər an tətikdə, gözüm isə üzərlərindədir. Düşmənin iki postu nəzarətim altındadır. Bura gələn yolları da rahat müşahidə edib, gördüklərimi qeyd edərək post başçısına məruzə edirəm.
- Düşmən bu havada təxribata cəhd edə bilərmi?
- Əlbəttə, nəzərə alsaq ki, qarşımızda erməni hərbçiləri durur, onlar hər an təxribat üçün əlverişli havadan istifadə edə bilər. Təbii ki, biz də istənilən həmlənin qarşını almağa və əks-hücuma qadir durumdayıq. Bunun üçün sadəcə lazım olan iki əmr verilməlidir - “Atəş sərbəst” və “Hücuma”.
- Xidmət etdiyin müddətdə düşmən təxribata cəhd edibmi?
- Xeyr, etməyib. Onlar heç başını səngərdən çıxara bilmirlər.
- Bəs atəşkəsi pozurlar?
- Əlbəttə, ara-sıra atırlar ki, biz də buradayıq. Amma atdıqları iki-üç gülləyə də peşman olurlar. Dərhal bizə də əmr gəlir ki, ikiqat cavab atəşi açın. Bu əmr ən sevdiyimiz tapşırıqlardan biri olur. Hansı istiqamətdən mərmi gəlirsə, sükuta qərq edirik həmin postu.
- Əsgər, rahat xidmət üçün yaradılan şəraitdən razısan?
- Əlbəttə, razıyam, isti geyimimiz var, yeməklərimiz tabordan isti-isti gətirilir. Paltarlarımız yuyulur, vaxtında çatdırılır. Daimi isti-soyuq su, hamamla təmin edilmişik. Silah və mərmi təhcizatımız boldur. Müşahidə cihazlarımız istənilən havada, gecə və gündüz düşmənin hər bir saniyəsini izləməyə imkan verir. Bizə də qalan qüsursuz xidmət aparmaq olur. Onu da çox şükür yerinə yetiririk. Posta çıxanda komandirimiz dedi ki, yoldaş əsgərlər bu postlara kimsə sadəcə təyin olunan vaxt dayanım, canım qurtarsın deyib duracaqsa, bəri başdan heç çıxmasın ora. Bilin ki, birinizin vurulmağınız və ya postda yatmağınız burada bizim hamımızın, sonra bölüyün, sonra taborun məhvi deməkdir. Postları da itirərik. Bu fikir isə bizi nəinki yatmağa, hətta o postları qarşımızdan ləğv etməyə də sövq edir. Amma biz təyinatı üzrə xidmət edirik. İnşallah ki, düşmən xırda bir səhv edər. İnanın, bir göz qırpımında o postları əldə edərik.
- Sağ ol, əsgər! Xidmətin uğurlu olsun!
- Azərbaycan Respublikasına xidmətimlə şərəf və qürur duyuram!
Sağ ol!
-9300904788.jpg)
Əsgərlə söhbət etdikdən sonra biz də müşahidə apardıq. Fotodan da gördüyünüz bu ərazi düşmənin postudur. Biz isə onları aydın müşahidə edirik. Bu yerdə növbəti postumuza keçirik. Burada isə düşmənin iriçaplı silahla təhciz olunan postu ilə üzbəüz dayanmışıq. Əsgərimiz isə postun daimi müşahidəsinə davam edir.
- Salam, əsgər!
- Əsgər, Elgiz Cəlilov. Salam, xoş gəlmisiniz!
- Təşəkkür edirəm. Hazırda nə müşahidə etdiyini bizə də deyə bilərsənmi?
- Gördüklərimin böyük əksəriyyəti hərbi sirr olduğu üçün xeyr! Qarşımda düşmən postudur. Müşahidələrimi davam etdirirəm.
- Bu istiqamətdən həmlə gözlənilə bilərmi?
- Xeyr! Çünki, mən və digər postlarda olan əsgər yoldaşlarım düşməni dairəvi müşahidə altında saxlayırıq. Bütün postlara giriş-çıxış nəzarət altındadır.
- Hazırda hava dumanlıdır, düşmənin kəşfiyyat-diversiya qrupu hər an gələ bilər. Bu zaman nə kimi tədbirlər görərsən?
- Dedim axı, biz müşahidəni zəncirvari şəkildə qurmuşuq. Postlarımız istiqamətində gəlsələr, üz-üzə gəlməliyik. Bilirsiniz də, gələcəkləri olacaqsa, görəcəklərini də biz göstərəcəyik. Onlar adi vəhşi heyvan səsindən qorxub öz mövqeləri tərəfə atəş açırlar. O ki qaldı canavar yuvasının qarşısına gələrlər...
- Canavar yuvası haradır əsgər?
- Hazırda dayandığınız və bayaq gəzdiyiniz yerlər. Bura yaxınlaşan dostun ürəyi dağa dönər, düşməninki isə parçalara bölünər.
- Əsgər, bu an ən böyük istəyin nədir?
- Təbii ki, birinci istəyim odur ki, kaş elə indi imkan yaranardı, sizə məharətimizi göstərərdik. İkincisi şəhidlərimizin qisasını alıb, torpaqlarımızı işğaldan azad etmək, üçüncüsü isə bu şərəfli istəkləri reallaşdırıb, rahat ailəmə dönmək.
- Sağ ol, əsgər! Xidmətin uğurlu olsun!
- Sağ olun! Növbəti reportajda qələbə müjdəsindən yazarsınız İnşallah!

Bu, əsgərlərimizin suallarımıza cavabları idi. Əvvəldə qeyd etdiyimiz kimi, artıq hərbçilərimiz üçün yaradılan məişət və yaşayış şəraiti barədə məlumatlar verilib. İndi isə fərqli postlardan çəkdik. Çəkdik ki, buradakı vəziyyəti də görəsiniz.
Bir sözlə, Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Əsgərlərimiz əmin edir ki, hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır və onların da vəzifə borcu bu sabitliyi qorumaqdır.
İndi cəbhə kəndlərinin sakinləri Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Onların ordumuzu güvənc yeri bilməsi onlarda qələbəyə inam hissini artırır. Bu müsahibələrdən çıxarılan nəticə odur ki, orduda əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında güclü ordu birliyi dayanır. Buna görə biz də rahatlıqla deyə bilərik ki, nə qədər ki, “Mübarizlər” “Fəridlər” “Çingizlər” bu postlarda xidmət edir, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
-12401206392.jpg)
Cümşüd Məmmədov
Ordu.az