Çin maraqlarının qorunmasında avtonom dəniz sistemləri – HƏRBİ ESKPERT (FOTOLAR)

2019/01/15447-10825577399.jpg
Oxunub: 23758     14:30     03 Yanvar 2019    
Son illərdə Çinin pilotsuz vasitələri özünə artan maraq cəlb etməsi ilə bərabər, ölkə sənayesi uzaqdan idarəolunan həm suüstü, həm də sualtı dəniz sistemlərinin inkişafı ilə məşğul olur. Bu sahədə son inkişaflara nəzər salmağa dəyər.

2016-cı ilin dekabrında Çin Hərbi Dəniz Donanmasının Cənubi Çin dənizində ABŞ-ın pilotsuz sualtı aparatını (PSA) ələ keçirməsi, Asiya-Sakit Okean hövzəsində pilotsuz sualtı sistemlərin istifadə olunmasına yenidən həssaslıqla diqqət yetirilməsini zəruri etdi.


Bu yaxınlarda Çinin Qingdao şəhərindəki limanda, "SeaFly-01" avtomatik suüstü pilotsuz aparatın prototipinin genişləndirilən sınaqları başa çatıb. Hazırda o, istehsal üçün hazırdır, lakin hələ ilkin alıcısı yoxdur

ABŞ donanmasının "Telidyne Webb" şirkəti tərəfindən hazırlanan "Slocum G2" PSA-sının okeanoqrafik əməliyyatlar üçün nəzərdə tutulan "Bowditch" hidrografik gəmisindən buraxıldığı bəyan edilirdi. Bu cihaz, Filippinin "Subik Bey" boğazından 50 kilometr şimal-qərbdə Çin gəmisi tərəfindən ələ keçirilmişdi.

Çin Hərbi Dəniz Qüvvələrinin bu insansız sualtı aparatı qaytarmasına baxmayaraq, onun öz ərazisi hesab etdiyi, mübahisəli "Scarboro" adası yaxınlığında baş verən hadisə bu platformaların potensial hərbi əhəmiyyətini xarakterizə edən bir göstəriciyə çevrildi.

Bu hadisə Şərqi Çin və Cənubi Çin dənizlərində regional dəniz təhlükəsizlik strukturlarının, ticarət və milli hidrografik xidmətlərinin və təbii ki, HDQ-nin pilotsuz texnologiyanın artan istifadəsinə diqqətini çəkdi. Məsələn, ABŞ Donanması müntəzəm olaraq "Littoral Battlespace Sensing-Gliders" məlumatların toplanması proqramının bir hissəsi kimi, "Slocum G2" aparatından hərbi məqsədlər üçün, məsələn sualtı naviqasiya və hidroakustik avadanlıqlarının kalibrlənməsi üçün istifadə edir.

Bu aparat həmçinin sualtı və mina əleyhinə mübarizədə iştirak edir. Pilotsuz sistemlərin yalnız məlumatların toplanması və kəşfiyyat üçün deyil, həm də Cənubi Çin dənizində öz iddialarını gücləndirmək məqsədilə daimi iştirakını nümayiş etdirmək üçün istifadə oluna biləcəyini nəzərə alaraq, Çinin hərbi və dəniz təhlükəsizlik qüvvələri yeni platformaları inkişaf etdirmək və yerləşdirmək üçün, ölkənin bir çox müdafiə institutları, sənaye müəssisələri və aparıcı universitetləri tərəfindən təklif olunan qabaqcıl tədqiqat və inkişaf imkanlarına əsaslan layihələrə çox zaman və resurslar sərf etdilər.

Avtomatlaşdırma və elektrik stansiyalarında, eləcə də nəqliyyat sistemlərində ixtisaslaşan Pekinin "Beijing Sifang Automation" (Sifang) şirkəti, 2017-ci ildə "SeaFly" avtomatik suüstü aparatının sınaqlarını başa çatdırdı və ilk müştərisi ortaya çıxan kimi onun istehsalına başlamağa hazırdır.


"Seafly" 2014-ci ildən etibarən proaktif şəkildə inkişaf etdirilən ilk "SeaFly-01" aparatının prototipi, 2016-cı ilin oktyabrında Nanhu gölündə ilk sınaqlarını uğurla tamamladı

Cənubi Çin dənizindəki az görüntülü M80A aşkarlanmadan kəşfiyyat aparmasını sınaqlar zamanı təsdiqlədi

Avtomatik suüstü vasitələri

"Sifang" tərəfindən təqdim edilən xüsusiyyətlərə görə, "SeaFly-01" 4.5 ton kütləyə, 10.25 metr uzunluğa və 3.7 metr korpus genişliyinə malikdir, lakin bütün bu göstəricilər müştərilərin tələblərinə uyğun olaraq dəyişdirilə bilər. 380 at gücünə malik iki mühərrik aparatı maksimum 80 km/saat sürətlə hərəkət etməyə, 700 litr yanacaq ehtiyatı isə 400 km-dən çox məsafə qət etməyə imkan verir.

"SeaFly-01"in prototipinin "ikiqat M tipli multikorpus" adlandırılan gövdəsi karbon lif əsaslı yüngül kompozit materialdan hazırlanır. Çin prototipi, ABŞ-ın "MShipCo" tərəfindən qurulan M80 "Stiletto" gəmisinin prototipi ilə təəccüblü bir bənzərliyə malikdir. Şirkətin nümayəndəsi Vang Songlinin sözlərinə görə, "SeaFly" aparatı yüksək sürətdə sabitliyi, hədəf yükü və köməkçi sistemlər üçün daha böyük daxili həcmi təmin edir, 2.5 metrədək dalğa yüksəkliyində məhdudiyyətsiz çalışır.

Vang dəniz platformasının görüntüsünü azaltmaq üçün, "Sifang" mühəndisləri səthin effektiv səpələnmə əmsalını azaldan elementləri məsələn, aşağı profil, çoxyönlü aerodinamik forma və radiodalğaları udan materialları konstruksiyaya əlavə ediblər.

"Sifang" şirkəti "SeaFly-01" aparatında avtomatik olaraq geri qayıtmanı, maneələri yandan keçməni, marşrutun planlaşdırılmasını, dinamik yerdəyişməni təmin etmək məqsədilə qabaqcıl avtonom protokollarını inteqrasiya edərək, gəmi sahəsindəki ağıllı güc qurğuları təcrübəsindən istifadə etdi. Bundan əlavə bir donanma qrupu yaratmaq üçün bir neçə pilotsuz gəminin eyni şəbəkəyə bağlanması da mümkündür.

1.5 ton yük daşıma imkanı olan "SeaFly-01" müxtəlif elektro-optik və infraqırmızı cihazları, eləcə də maçtada və ya orta hissədə tam germetik bölmədə quraşdırılan digər aktiv və passiv sensor sistemlərini daşıya bilər. "SeaFly"ın hədəf yükü bölməsi, kiçik PUA-ların şaquli qalxma və enməsi üçün bir baza rolunu da oynaya bilər. Bir qayda olaraq, onlar canlı video çəkmək üçün yüksək qətnaməli gündüz və gecə kameraları daşıyırlar, lakin müştərinin istəyi ilə digər funksional sistemlər də quraşdırıla bilər.

"Bizim aradan qaldırmaq məcburiyyətində olduğumuz əsas maneə PUA-nın geri qaytarılmasının çətinliyi ilə bağlı idi, çünki "SeaFly" daim dalğalarda yellənir", - deyə Vang bildirib.

Yəni, PUA-nın enməsinə imkan verən pəncərə çox kiçikdir və bu xəbərdarlıq olmadan bağlandıqda, uğursuz enən aparatın zədələnmə riskini artırır.

"Biz avtonom və dənizçiliyin qabaqcıl protokollarını inkişaf etdirmək üçün avtomatlaşdırma və enerji sistemlərindəki zəngin təcrübəmizi istifadə etdik. Bu alqoritmlər "SeaFly" aparatına dənizin mövcud vəziyyətini qiymətləndirməyə, dalğaların hərəkətinə reaksiyasını proqnozlaşdırmağa və yüksək uğurla enmə ehtimalını təmin etmək üçün PUA-nın optimal dönüş yolunu yaratmağa imkan verir".

Sahildən 50 km-ə qədər birbaşa görüntü məsafəsində idarəetmə mobil və ya sabit idarəetmə mərkəzindən aparılır. Bu zonadan kənarda isə idarəetmə "BeiDou" Çin peyk naviqasiya sistemi, eləcə də peyk rabitə avadanlığı ilə təmin edilir. Bir çox ölkənin istifadə etdiyi ABŞ-ın GPS sistemindən fərqli olaraq, "BeiDou" əsas naviqasiya dəstək vəzifələrinə əlavə olaraq kiçik məlumat paketlərini qəbul və ötürməyə də qadirdir. Bu xüsusiyyət nəzəri cəhətdən operatorların, hətta peyk rabitə sistemi nasaz və ya södürüldükdə, "SeaFly" aparatına əsas təlimatları göndərməsinə imkan verir.

Şirkət pilotsuz platfoma üçün TƏİRK də daxil olmaqla 5.8 mm və ya 12.7 mm silah qurğusu ilə sabit modulların və bir neçə digər silahların sınaqlarını bir neçə başqa Çin şirkətləri ilə birgə aparıldığını təsdiqləsə də, onlar daha ətraflı məlumat verməkdən imtina ediblər. Vang, "SeaFly"ın zonanı bloklanması, müşahidə və məlumatların toplanması, limanların qorunması və sualtı mühafizənin təşkili kimi hərbi vəzifələr üçün ideal, yararlı olması ilə bərabər, bu platformanı hidroloji nümunələrin və meteoroloji məlumatların toplanması, suyun keyfiyyətinin izlənməsi və monitorinqi də daxil olmaqla bir çox elmi tapşırıqlar üçün mülki strukturlara da təklif etdiklərini bildirir.


Ən yeni qurğu "Yunzhou-Tech M80B" Antarktikada hidrografik araşdırma apararaq, ekstremal şəraitdə yaşamaq qabiliyyətini nümayiş etdirdi. İlk dəfə bu gəminin modeli 2017-ci ildə Qingdaoda keçirilən sərgidə ictimaiyyətə təqdim edilib

Pilotsuz suüstü platformaların dizayn və istehsalında ixtisaslaşan Zhuhai şəhərindəki "Yunzhou Intelligence Technology"(Yunzhou-Tech) şirkəti, hərbi hidroqrafik və kəşfiyyat vəzifələrini hədəfləyən bir sıra okeanoqrafik M80 platformaları hazırlayıb.

2016-cı ilin aprel ayında başlanan M80A aparatı, korpusu "Yunzhou-Tech" tərəfindən patentləşdirilən köpüklü karbon lifinin bir neçə qat təbəqəsindən hazırlanan, sualtı qanadları olan dalğakəsən tipli bir trimarandır.

Şirkət iddia edir ki, M80A-nın aşağı profil və əyimli səthləri gövdənin radiodalğaları udan örtüklə birgə aparata aşağı radar görüntüsünü təmin edir, nəticədə isə gizli şəkildə vəzifələrin yerinə yetirilməsi mümkün olur.

Şirkətin nümayəndəsi qeyd edir ki, M80A Çin hökumətinin bir çox dövlət orqanları üçün Cənubi Çin dənizində bir sıra hidrografik tapşırıqları tamamlayıb. Lakin o, mübahisəli zonaları əhatə edən siyasi əsəbiliklə əlaqəli ətraflı məlumat verməkdən imtina edib.

4.8 metr uzunluğunda, 2.35 metr enində və 1.35 metr hündürlüyə malik M80A 2.5 metr dalğa yüksəkliyində məhdudiyyətsiz çalışa, 3.5 metr yüksəklikdə isə dalğaları dəf edə bilir. 2 ədəd elektrik mühərriki onun maksimum 18 km/saat sürətlə 260 km məsafəyə qədər hərəkət etməsinə imkan verir.

M80A uzaqdan yarı-avtonom və tam avtonom idarəetmə rejimləri olan sürətli platforma kimi nəzərdə tutulub. Birbaşa görüntü şəraitində mexaniki idarəetmə məsafəsi 5 kilometrdir, lakin bu məsafə avtomobil və ya gəmi bazasındakı mobil idarəetmə məntəqəsi hesabına 15 km-ə qədər artırıla bilər.

Şirkət, həmçinin cihaza 30 km-ə qədər uzaqlıqda real vaxtda məlumat və yüksək keyfiyyətli video ötürmək imkanı verən 4G LTE kommunikasiya sistemini yerləşdirib.
Xüsusiyyətlərinə əsasən, M80A 1.5x1.2x0.5 m ölçüləri olan universal bir bölməyə və 150 kq yükqaldırma qabiliyyətinə malikdir. Tipik avadanlıqlar cərəyan profillərinin akustik dopleri, çoxşüalı exolot, yan müşahidə hidrolokatorları və çoxparametrli zondlar kimi bir sıra sensor sistemlərindən ibarətdir.

2017-ci ilin sentyabrında Qingdao şəhərində keçirilən "Ocean Sciences and Technology Exhibition" sərgisində "Yunzhou-Tech" kompaniyası okeanoqrafik tədqiqatlar üçün yeni bir aparat nümayiş etdirdi.

Hidroqrafik Tədqiqat İnstitutu və Cənubi Çin Dənizinin Araşdırmaları üzrə Texnologiya Mərkəzi ilə əməkdaşlıqda inkişaf etdirilən tam avtonom M80B aparatı 5.65 metr uzunluğunda və 2.4 metr enində bir trimarandır. Bu platformanın potensial tətbiq sahəsinə tədqiqat, dəniz təhlükəsizliyi və dəniz əməliyyatları daxildir.

Şirkətdən bildirilir ki, optimal şəraitdə trimaranın kənar qanadları yığışdırılır və M80B hidrodinamik müqaviməti azaldılan dalğakəsən monokorpusa çevirilir.

Qanadlar açıldıqda isə əlavə sabitlik təmin edilir, aparat 1.5 metr dalğa hündürlüyündə müntəzəm fəaliyyət göstərməyə və 4 metr dalğaları aşmağa qadir olur.

M80V, təxminən 1.4 ton sututumuna və 150 kq yükdaşıma qabiliyyətinə sahibdir. Hədəf avadanlıqları aparatı 500 vat gücündə elektrik enerjisi ilə təmin edir. Elektrik mühərriki 11-14 km/saat kreyser sürəti ilə 180 km məsayəyə qədər üzməni təmin edir.

M80V portativ stansiyadan idarə olunur, operatorlar hədəf avadanlıqlarını izləyir və vəzifələrin yerinə yetirilməsini planlaşdırır. Bununla yanaşı, şirkət nümayəndəsi iddia edir ki, M80B yüksək səviyyədə avtonom funksiyaya malikdir və operatorun müdaxiləsi olmadan da bütün vəzifələri tam yerinə yetirə bilir.

Şirkət istehsal üçün hazır olan M80B aparatının genişləndirilən dəniz sınaqlarını tamamlayıb və ilk müştərisinin göründüyü zaman kütləvi istehsalına başlamaq üçün hazırdır.

"2017-ci ilin noyabrında M80V aparatı 34-cü Çin Antarktika Elmi Ekspedisiyasının bir hissəsi olaraq Antarktikada bir sıra hidroqrafik tədqiqatlar aparıb. MV "Xue Long" (Qar Əjdahası) qütb tədqiqat gəmisi tərəfindən suya buraxılan və qaldırılan nəqliyyat vasitəsi, həddindən artıq ekstremal şəraitə baxmayaraq missiyasını uğurla tamamlayıb", - deyə şirkət nümayəndəsi qeyd edib.


D3000 avtonom döyüş gəmisi, hava hücumundan müdafiə, qayıq əleyhinə mübarizə və suüstü döyüş əməliyyatları daxil olmaqla kompleks hərbi vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulur

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) çoxməqsədli avtonom döyüş gəmilərinin ailəsini inkişaf etdirmək üçün iddialı planları davam edir. Onun təqdim etdiyi D3000 okean döyüş gəmisi, 30 metr uzunluğundadır, 900 km məsafəyə üzə bilir və 90 günə qədər dənizdə qala bilir. D3000 avtonom gəmisinin yük götürmə və üzmə məsafəsini artırmaq üçün ölçülərinin böyüdülməsi mümkündür.

D3000 gəmisi həm suüstü və sualtı gəmilərlə müstəqil bir vahid kimi, həm də döyüş dəstək elementinin bir hissəsi kimi ekipajlı gəmi donanmasının tərkibində vəzifələrini icra edə bilir.

Şirkətin məlumatına əsasən, D3000 baza modelinin hibrid elektrik mühərriklə təmin olunacağı ehtimal edilir, lakin etibarlılığı artırmaq məqsədilə onlar kiçik qaz turbin mühərrikləri ilə də əvəz edilə bilər. Gəmi aşağı sürətli, uzunmüddətli patrul xidməti və digər əməliyyatlarda iştirak etmək üçün yüksək tutumlu elektrik batareyalarla təchiz edilir, fotoelektrik günəş panelləri isə əlavə enerji istehsalını təmin edir.

D3000, dənizdə hərəkət keyfiyyətini artırmaq və hədəf yükünün tətbiqinin rahatlığını artırmaq üçün trimaran tipli gövdəyə malikdir. Ən yüksək sürəti 75 km/saata qədərdir, 10 metrədək dalğa yüksəkliyində fəaliyyəti təmin olunur. Bundan başqa, silahların və funksional yük sensorlarının quraşdırılmasını və sökülməsini asanlaşdıran açıq arxitekturaya da malikdir. Gəmi çox müxtəlif istismar ehtiyaclarını yerinə yetirmək üçün 10 tona qədər hədəf yükü qəbul etməyə qadirdir. CASC korporasiyası əsas dizayn əsasında iki unikal variant hazırlamağı planlaşdırır: D3000A modeli çoxfunksiyalı bir radara və burunda quraşdırılan aktiv hidrolokatora, eləcə də "yer-hava" raketlərinə və yüngül torpedo atıcı qurğulara malik olmaqla donanmanın qorunması və müşahidə aparılması üçün optimallaşdırılıcaq. D3000B modeli isə suüstü gəmilərə qarşı mübarizə aparmaq üçün hərəsində dörd gəmi əleyhinə raket olan iki qurğuya sahib olacaq.

Hər iki versiya ön göyərtədə quraşdırılan 4500-4800 atəş/dəq tezlikli, 30x165 mm zirehdələn və qəlpəli-fuqas mərmilərdən atəş aça bilən çoxlüləli 30 mm-lik Type 730 CIWS topu ilə silahlanacaq.

Silah qurğusunu daxili OFC-3 elektro-optik stansiyası və I-diapazonlu EFR-1 (8-10 GHz) izləmə radarı, gəminin öz maçtasındakı elektro-optik stansiyasından asılı olmayaraq əlavə görüntü və izləmə məlumatı ilə təmin edəcək.

Çin inkişafı və CASC-ın sahibi olduğu "ChinaSat" peyk dəsti, üfüqüstü fəaliyyəti və peyk qrupu ilə rabitəni dəstəkləyir.

D3000 pilotsuz okean gəmilərinə əlavə olaraq, CASC həmçinin B850 və C1500 kimi bir sıra kiçik döyüş platformalarını da təklif edir.

B850 yüksək sürətli dizel mühərriki ilə təchiz olunan, 8.5 metr uzunluğunda sərt korpuslu şişirilən patrul kateridir. 75 km/saat maksimum sürətə, 24 saatdan çox üzmə müddətinə və 190 km üzmə məsafəsinə malik olduğu bildirilir. İstehsalçının sözlərinə görə, platforma 2.5 metrədək dalğa yüksəkliyində fəaliyyət göstərə bilir.

B850-in standart hədəf avadanlıqları arasında yüksək qətnaməli gündüz/gecə video kameralı elektro-optik stansiya və inteqrasiya edilən lazer məsafəölçəni, naviqasiya radarı, peyk antenləri və uzaqmənzilli akustik qurğu yer alacaq. O, müşahidə radiusunu artırmaq üçün kiçik ölçülü pilotsuz vasitəni də gövdəsində daşıyacaq.

B850 standart olaraq, məsafədən idarəolunan 7.62-mm və ya 12.7 mm-lik pulemyot ilə təchiz olunur, lakin obyektlərin və öz qüvvələrinin qorunması, həmçinin dalğıclarla mübarizə aparmaq üçün raketlərlə də təchiz oluna bilər.

2 ton yükdaşıya bilən C1500 platforması sualtı qayıq əleyhinə vəzifələr üçün optimallaşdırılıb. Hibrid elektrik qurğusu ilə təchiz edilən 15 metr uzunluğa malik gəmi maksimum 75 km/saat sürətə, 500 km üzmə məsafəsinə və 24 saatdan çox avtonom fəaliyyət müddətinə malik olacaq. Dənizdə 4 metrdən yuxarı dalğalarda çalışa biləcəyi gözlənilir.

S1500 yalnız sualtı qayıq əleyhinə vəzifələr üçün deyil, eyni zamanda hava hücumundan müdafiə və mina əleyhinə vəzifələr üçün konfiqurasiya edilə bilər. Gəmi avtonom suüstü və sualtı vasitələrinin buraxılması və qəbul edilməsi üçün arxa tərəfdə sərt dok stansiyasına malik olmasına baxmayaraq, sualtı təhlükələrin aşkar edilməsinin əsas vasitəsi kimi endirilə bilən hidrolokator ilə də təchiz olunacaq.

Əgər aşkar edilən anomaliya təhlükə kimi təsnif edilərsə, C1500 gəmisi onu öz yüngül torpedaları ilə təsirsiz hala gətirəcək.

Avtonom sualtı vasitə Lanshui (Open Sea) 2000 hazırda "Zhonghai Lanshui Automation Equipment" tərəfindən hazırlanır. Şirkət bu modul platforma ilə 2000 metr dərinliyə çatmaq niyyətindədir.

Sualtı dünyası

Son illərdə Çin insansız sualtı vasitələrin inkişafında əhəmiyyətli tərəqqiyə imza atıb. Çin Hərbi Dəniz Qüvvələri kəşfiyyat və döyüş missiyaları üçün getdikcə daha ağıllı sualtı vasitələri sınaqdan çıxarır. Hərbi proqramlarla bağlı ictimai məlumatların az olmasına baxmayaraq, dəniz texnologiyası ilə məşğul olan Çin şirkətləri və tədqiqat universitetləri ölkənin elmi tədqiqat və inkişaf potensialını əhəmiyyətli dərəcədə artıra biliblər.


Avtonom sualtı vasitə "Lanshui (Açıq Dəniz) 2000" hazırda "Zhonghai Lanshui Automation Equipment" tərəfindən hazırlanır. Şirkət bu modul platforma ilə 2000 metr dərinliyinə çatmaq niyyətindədir

"Tianjin Sublue Ocean Science & Technology" şirkəti, yalnız 2013-cü ildə qeydiyyatdan keçsə də, artıq bir neçə pilotsuz sualtı aparat və robot hazırlayıb. Şirkətin yeni məhsulu olan "Orange Shark" modulu mina aşkarlanması və məhv edilməsi, həmçinin elmi araşdırmalar kimi hərbi və mülki vəzifələr üçün konfiqurasiya edilə bilər.

Mina aşkarlama konfiqurasiyasında "Orange Shark"ın ön tərəfində bir burun modulu quraşdırılıb, onun daxilində isə maneələri yandan keçmək və sualtı rabitə üçün yüksək tezlikli yaxın sahə akustik stansiyası, dərinliyə həssas nəzarət üçün balast çənlər ilə üzmə çihazı, peyk rabitəsi və "Beidou" peyk qruplaşmasına çıxış üçün antenaları olan maçtaya malik blok, həmçinin su üstünə çıxdıqdan sonra əlaqə saxlanması üçün rəqəmsal yüksək tezlikli radio aparat mövcuddur.

Cihazın arxa hissəsində faydalı yük modulu, güc idarəetmə sistemi və mühərrik qurğusu yerləşdirilib. Minaların aşkarlanması modulu və ölü zonaların bağlanması üçün ikitərəfli və yüksək qətnaməli hidroakustik stansiyalardan istifadə oluna bilər. Analiz üçün məlumatlar daha çox 64 GB həcmli bir diskə yazılır, lakin zəruri olduqda daha böyük tutumlu yaddaş kartları daquraşdırıla bilər.

Güc qurğusu və idarəetmə sistemləri də arxa tərəfdə yerləşdirilib. Yüksək effektivli elektrik mühərriki dördpərli üzmə mexanizmini fırlayır. Eyni modulda cihazın əsas sükan səthləri - sabitləşdiricilər, istiqamət və dönmə sükanları, o cümlədən onların sürücüləri də yerləşdirilir.

Şirkətin məlumatına görə, əsas konfiqurasiyasında "Orange Shark" 2 metr uzunluğa, 20 sm diametrə və 65 kq kütləyə malikdir. Bununla birlikdə, əlavə modulların quraşdırılması ilə uzunluğu 2.4 metrə, kütləsi isə 80 kq-a qədər çata bilər.

Maksimum 5 saat fəaliyyət göstərə bilən aparat 250 metr dərinlikdə 5.5 km/saat sürətlə hərəkət edə bilir, lakin şirkət daha geniş tutumlu batareyaları quraşdıraraq üzmə müddətini uzada bilər.

Yaxın zamanda qurulan "Zhonghai Lanshui Automation Equipment" şirkəti hazırladığı "Lanshui (Açıq Dəniz) 2000" proqramına görə, 2000 metr dərinliyə batmağa qadir olan 240 kq ağırlığında yeni pilotsuz sualtı vasitə hazırlayıb.

"Lanshui 2000" diametri 32.4 sm, lakin konfiqurasiyaya əsasən, uzunluğu 3.2 metrdən 4 metrə qədər dəyişə bilər. Baza modelinə daxildir: suyun dərinliyini, temperaturunu, elektrik keçiriciliyini ölçən cihazın və ön gürüntü hidroakustik stansiyasının yerləşdiyi ön modul; 20 və ya 50 saatlıq fəaliyyət üçün 5 və ya 10 kVt batareyanı yerləşdirə bilən bir enerji modulu; sualtı tədqiqatları üçün CCD kameralı, akustik dopler profilloqraflı və ya dopler sürət sensorlu funksional modul; "Beidou", GLONASS, GPS və Wi-Fi ilə əlaqəni dəstəkləyən sabit maçta; cihazın nəzarət sistemlərinin idarəetmə modulu və hədəf yükü; eləcə də bütün sensorları, cihazları və sistemləri qidalandıran əlavə batareyalar.

"Lanshui 2000" arxasında mühərriki olan bir sürətləndirici modul quraşdırılıb ki, bu da maksimum 8 km/saat sürətin inkişaf etdirilməsinə imkan verir.

Bununla yanaşı, Shenyang Avtomatika İnstitutu Çin və xarici müştərilər üçün "Haiyi" (Sea Wing) sualtı gəmiləri xəttinin istehsalına və təbliğinə dair "Tianjin Sublue" ilə əməkdaşlıq edir. Onun inkişafına 2003-cü ildə başlanıb, lakin onun barəsində yalnız 2011-ci ildə, istehsalçı elmi jurnalda məqalə nəşr etdirdikdə (məqalənin nəşri demək olar ki, onun suya buraxılması ilə üst-üstə düşdü) məlum oldu. Fiziki ölçüləri ilə müqayisədə "Slocum от Teledyne Webb" aparatlarına uyğun gələn "Sea Wing" iki oxşəkilli qanadları olan torpedo tipli korpusa malikdir.

Güclü gövdənin burun bölməsi üzmə prosesinə və dərinliyə nəzarət sistemlərini, orta hissə hədəf yükünü və idarəetmə blokunu daxilində yerləşdirir. "Tianjin Sublue" nümayəndəsi bildirir ki, "Sea Wing" 2014-cü ilin oktyabrında Cənubi Çin dənizində 30 günlük missiyanı 1000 km-dən artıq məsafəni uğurla qət edərək başa vurub.

Bu səfərdən sonra pilotsuz sualtı Şərqi Çin dənizində və Sakit okeanın qərb hissəsində 9100 km-dən çox məsafə qət edərək 436 gün avtonom fəaliyyət göstərdi.


"Petrel II" sualtı aparatı axından istifadə edərək yayşəkilli trayektoriya ilə və ya elektrik-reaktiv mühərrikindən istifadə edərək üfüqi hərəkətləri yerinə yetirməyə imkan verən hibrid mühərrikə sahibdir

Şirkətin məlumatına görə, "Sea Wing" ailəsi, hazırda 60 kq kütləyə, 1.9 metr uzunluğa, 300 metr fəaliyyət dərinliyinə və 1000 km radiusa malik olan ən gənc "Sea Wing 300" modelini də qəbul edib. 2 km/saat sürətlə hərəkət edən "Sea Wing 300" aparatı 40 günə qədər müstəqil fəaliyyət göstərə bilir. Uzunluğu 2.1 m və 2.3 m, çəkisi isə müvafiq olaraq 65 kq və 70 kq olan "Sea Wing 1000-I" və "Sea Wing 1000-II" eyni sürətlə 1000 metr dərinliyə çatmağa qadirdir.

Sonuncu model daha mürəkkəb vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulur və buna görə də 1500 km-lik maksimum üzmə məsafəsinə və 60 günə qədər fasiləsiz fəaliyyət göstərə bilir.

Shenyang Avtomatika İnstitutunun tədqiqatçıları 2016-cı ilin iyun ayının sonundan avqustunadək aparılan dəniz sınaqları zamanı 5751 metr dərinliyə çatmağa qadir olan "Haiyi 7000" aparatını hazırladılar. Onu ilk dəfə "Tansuo-1" tədqiqat platformasından istifadə edilərək Sakit okeandakı Marian çökəkliyində sınaqdan keçirdilər. 2017-ci ilin martında isə aparat Marian çökəkliyinin cənub hissəsində yerləşən "Challenger Dip" çuxurunda 6329 metr dərinliyə çatdı.

Tianjin Universitetindən gələn tədqiqatçılar "Haiyan" hibrid sualtı modellərini inkişaf etdirməkdə davam edir. 70 kq ağırlığında ilk model "Petrel I" 1.8 metr uzunluğunda və 0.3 metr diametrindədir. Xüsusiyyətlərinə əsasən, hibrid sualtı 30 günədək avtonom rejimdə və 1000 metrdən çox dərinlikdə fəaliyyət göstərə bilir.

O, üfüqi hərəkətlə 5.5 km saat, enmədə isə 1.5 km/saat sürətlə hərəkət edə bilir. "Petrel I" ətraf mühit şəraitinə və ya operatorun əmrinə əsasən bir rejimdən digərinə avtomatik olaraq keçid etməyə imkan verən kiçik reaktiv mühərriklə təchiz olunur.

Sonrakı model "Petrel II" 70 kq kütləyə və 2.2 metr uzunluğa malikdir, lakin diametri yalnız 0.22 metrdir. Birinci modeli inkişaf etdirmək təcrübəsinə əsasən universitet sualtı aparatın imkanlarını artırmağa imkan verən yeni aparatı hazırladı. Onun imkanları 1500 metr işçi dərinlikdə, 1200 km-lik üzmə məsafəsində və 30 gün ərzində avtonom fəaliyyətə şərait yaradır.

Məlumat Nikoay Antonovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Avtonom-dəniz-sistemləri   PSV  


Bizi "telegram"da izləyin