"Luxury Super Tank": Hərbi və mülki təyinatlı yolsuzluq vasitələri – Ripsaw EV3 (ARAŞDIRMA)

2018/09/56456_1535957024.jpg
Oxunub: 4506     14:38     03 Sentyabr 2018    
Son illər ABŞ-ın "Howe & Howe Technologies" şirkətinin "Ripsaw" hərbi və mülki təyinatlı yolsuzluq vasitələri geniş yayılıb. Tanınan və sübut olunan yeniliklər əsasında müxtəlif sahələrdə istifadə edilə bilən, tırtıllı şassiyə sahib maraqlı daşıyıcı vasitə yaradılıb. Əvvəlcə bu maşın ABŞ hərbçilərinə təklif olunsa da, sonra şirkət onu mülki bazara çıxmağı da qərara aldı. Sonralar da çoxməqsədli ərazi vasitəsinin inkişafı davam etdirildi və bir neçə ay əvvəl "Ripsaw EV3-F1" yeni ərazi vasitəsinin mövcudluğu rəsmi olaraq elan edildi.

Xatırladaq ki, "Ripsaw"ın ilk versiyası 2000-ci illərin əvvəlində yaranıb. Tezliklə ordu MS1 modifikasiyalı nəqliyyat vasitələrinin tərübə məqsədli pilotsuz versiyasını sifariş etdi. Bununla bu tip avadanlıqların hərbi perspektivlərini dəyərləndirmək planlaşdırılırdı. Daha sonra, MS2 və MS3 adlı ərazi vasitəsinin yeni pilotlu versiyaları ortaya çıxdı. Belə maşınların sınaqları bu günə qədər davam edir və indi onlar müəyyən avadanlıqların yerləşdirilməsi üçün bir platforma hesab olunur. Yeni avadanlıqların istismara veriləcəyi və bunun nə vaxt baş verəcəyi zaman bəlli deyil.


"Ripsaw EV3-F1"

Bir neçə il bundan öncə, istehsalçı şirkət mövcud şassi əsasında qurulan vasitənin mülki versiyasını da təqdim etdi. "Ripsaw EV2" sələflərindən, ilk növbədə rahat, qapalı kabin ilə fərqlənirdi.

Keçən il "Howe & Howe Technologies" şirkəti müxtəlif bazarlar üçün nəzərdə tutulan ərazi vasitəsinin yeni versiyalarının reklamına başladı. "Ripsaw EV3" ümumi təyinatlı nəqliyyat vasitələri ailəsinin yaradılması barədə məlumat verildi. Təzaddan narahat olmayan şirkət bu texnikanı "Luxury Super Tank" - yəni "lüks" tipli "Super-tank" adlandırdı. Yeni layihənin təqdimatında bir neçə videoçarx nümayiş olundu. Məsələn, 2018-ci ilin yanvar ayında təzə ailə üçün baza olacaq "Ripsaw EV3-F1" haqqında videoçarx nümayiş etdirildi. Videoda ərazi vasitəsinin imkanlarını göstərildi, başlıqda isə bu ərazi vasitəsinin yaradılanlar içində ən davamlı olması vurğulandı.

Həmçinin potensial müştərilərə "Ripsow" xəttinin iki digər ərazi vasitəsi təklif edildi. Bunlar EV3-F2 və EV3-F4 tipli maşınlar idi. Onların hamısı əsasən eyni bazaya sahibdir, lakin kabinlərin dizaynı fərqlidir. Əlavə olaraq, əvvəlki layihələrin təcrübəsinə görə, bəzi modellərdə modul yanaşma da təmin olunur. Məsələn, müştəri önun tələblərini ən yaxşı şəkildə yerinə yetirən mühərriki seçmək imkanına malikdir. Digər prinsiplər başqa sistemlərdə də tətbiq olunur.


"Ripsaw MS1" pilotsuz vasitəsi bütün ailənin baza məhsuludur

Yeni ərazi vasitəsinin bazası əvvəllər olduğu kimi, alüminium borulardan və profillərdən hazırlanan çərçivədən ibarətdir. Çərçivənin əhəmiyyətli bir hissəsi torpağın maşın içərisinə daxil olmasını qarşısını almaq üçün metal lövhə ilə təchiz olunub. Korpus bəzi yeni layihələrdə bir qədər dəyişsə də əsasən eyni qalır. Korpusun ön hissəsində amortizatorlar üzərində kabin bərkidilib, arxa hissədə isə mühərrik qurğusunun bütün elementləri yerləşdirilib. Əsas dizayn bəzi boşluqların mövcudluğunu təmin etsə də, ərazi vasitələrinin bəzi modellərində bu həcm istifadə olunur.

"Ripsaw EV3" layihəsi mühərrik seçməkdə müəyyən bir sərbəstliyi təmin edir. Şassi əsas xüsusiyyətləri fərqli olan müxtəlif növ və markalarda mühərriklərlə tamamlana bilər. 500-dən 1500 at gücünə qədər gücə malik benzin və ya 500-1000 at gücünə malik dizel mühərriklərin birindən istifadə etmək mümkündür. Maşın, ümumi tutumu təxminən 120 litr olan bir və ya iki yanacaq çəninə sahibdir. Avtomatik sürətlər qutusu arxa ötürücü təkərləri hərəkətə gətirir.

İlk layihələrdə ərazi vasitəsinin yüksək sürətlə istifadəsinə uyğun olaraq optimallaşdırılmış tırtıllı çarxın orijinal versiyası təklif edilirdi. Çərçivənin ön hissəsində üstündə yaylı amortizator yerləşdirilən balansir bərkidilir. Balansir cüt-cüt dəstək silindiri ilə birləşdirilir. Arxa hissədə də analoji quruluşa malikdir.

Onların arasında, korpusun mərkəzində hər tərəfdə öz şaquli yayı olan bir dayaq təkərləri var. Korpusun ön hissəsində gərginlik mexanizmləri olan bələdçi təkərlər mövcuddur. Tırtılın üst hissəsində üç ədəd kiçik dəstək silindiri yerləşir.


Bir yerlik EV3 haqqında məlumat

Orijinal hərəkətli hissə yüksək sürətlə mürəkkəb ərazi ilə hərəkət etmək üçün nəzərdə tutulur. Digər məsələlərlə yanaşı, bu problemlərin həlli üçün asqı böyük bir hərəkət məsafəsi ilə fərqlənir. Təkərlər şaquli istiqamətdə 16 düym (406.4 mm) uzunluqda hərəkət edərək yolun nahamar hissələrinin əksəriyyətini "uda" bilir.

EV3 layihəsinin əsas yeniliklərindən biri yeni kabin dizaynıdır. Bu hissə ümumiyyətlə, öz sələflərinin məlum konturlarını saxlayır, lakin bir sıra yeni xüsusiyyətlərə də malikdir.

Bundan başqa, istehsal xəttində müxtəlif tutumlu kabinlər hazırlanır. Nəticədə, potensial müştərilərə bir-dörd nəfər daşıya bilən ərazi vasitələrinin üç versiyası təklif olunur. Onlar əlavə literlərlə fərqlənir. Məsələn "Ripsaw EV3-F1" yalnız bir yerə , "F4" modifikasiyası isə dörd yerə malikdir.

Kabin çərçivənin ön hissəsində quraşdırılır. Eyni zamanda, çərçivənin üst kənarları boyunca, müəyyən hallarda əlavə qoruma kimi xidmət edən çərçivə boruları yerləşdirilir.

Bütün EV3 kabinlərinin ümumi bir xüsusiyyəti xüsusi pnevmatik asqıya sahib olmasındadır. Bu sürücünün və sərnişinlərin vəziyyətini yaxşılaşdırır, dolayısı ilə zərbə və titrəyişləri "udaraq" hiss etdirmir.


EV3-F2 iki yerlik ərazi vasitəsi

"Ripsaw EV3-F1" və "Ripsaw EV3-F2" modellərində kabin maşınının ümumi uzunluğunun yarıdan az hissəsini tutur. Kabin xarakterik şüşələnmə və bütün lazımi daxili qurğularla təchiz olunur. EV3-F1 və EV3-F2 "lüks" tipli "Super-tank"lar bir-birindən yalnız kabin quruluşu və oturacaqların sayı ilə fərqlənir. Dörd nəfərlik EV3-F4 kabini digər modellərə nisbətən bir qədər uzundur və bir az fərqli dizayna malikdir. Şüşələnmə formasını, sürücü və ön sərnişinin oturacağını bir qədər irəliyə doğru dəyişməklə iki sərnişin üçün əlavə oturacaq üçün əlavə həcm əldə edilib. Böyük kabinə giriş yan tərəflərdə və damda yerləşən lyuklar vasitəsi ilə həyata keçirilir.

Yeni xəttin bütün ərazi vasitələri sürücü və sərnişinlər üçün kifayət qədər səyahət rahatlığını təmin edən "idman" kresloları ilə təchiz olunub. Sürücünün iş yerində bütün zəruri idarəetmə vasitələri mövcuddur. Bütün komandaların aqreqatlara ötürülməsi elektriklə çalışan uzaqdan idarəetmə sistemi vasitəsilə həyata keçirilir, kabel və ya sərt troslardan istifadə edilmir. Sürücü opsional olaraq peyk naviqasiyası avadanlıqları və digər elektron cihazlarla təchiz edilə bilər. Arxa görüntü güzgüləri əvəzinə video kameralardan istifadə olunur. Müştərinin sifarişi ilə ərazi vasitəsi uyğun tipli akustik sistemlər əldə edə bilər.

Mənşəyindən və əsas baza platformasının orijinal məqsədlərindən asılı olmayaraq "Ripsaw" ərazi vasitələrinin yeni versiyaları əsasən mülki məqsədlər üçün, məsələn insanların və kiçik yüklərin daşınması üçün də istifadə edilə bilər. Silah və ya digər hərbi avadanlıqların quraşdırılma ehtimalı yoxdur. Lakin bu "Howe & Howe Technologies" şirkətinə uzun müddət əməkdaşlıq etdiyi potensial müştərilərindən olan hərbi təşkilatlarla əməkdaşlıq etməyə və onlara yeni hərbi təyinatlı "Ripsaw" ərazi vasitələrini təklif etməyə mane olmur.


Dörd nəfərlik EV3-F4 açıq havada

Tək və ya cüt adamlıq kabin ilə silahsız mülki vasitənin uzunluğu 186 düym (4.73 m), eni 100 düym (2,5 m), hündürlüyü isə 73.5 düymdür (1.87 m). Dörd yerlik versiya isə bir qədər böyükdür və bir sıra hissələrin, əsasən kabinin fərqli ölçülərinə malikdir. EV3-F1 və EV3-F2 modelinin ümumi çəkisi 7750 funt (3.52 ton) təşkil edir. "Ripsaw" EV3-F4 isə 8500 funt və ya 3860 kq çəkiyə malikdir.

Yüksək xüsusi güc və spesifik hazırlanan hərəkətli hissə yeni ərazi vasitələrinin unikal hərəkət və manevr xüsusiyyətlərini təmin edir. Maşınların şossedə maksimal sürəti saatda 75 mil və ya 120 km/saatdır. Kobud yolsuzluq şəraitində olan ərazidə sürət nəzərəçarpacaq dərəcədə azalır, lakin yenə də çox yüksək göstəricilər qorunur. Bu şəraitdə yol verilən maksimum sürət həm ərazinin xüsusiyyətlərindən, həm də sürücü və sərnişinlərin dayanıqlığından asılıdır.

Tırtıllı vasitələrin yeni xətti, əsasən mülki bazar üçün nəzərdə tutulan bəzi xüsusiyyətlərə də təsir göstərir. Beləliklə, müştəri alacağı maşının təchizatını istəyinə görə seçmək imkanına malikdir. Bununla əlaqədar olaraq, EV3 ərazi vasitələrinin başlanğıc qiyməti 400 min dollardan başlayır və bu rəqəm opsional olaraq quraşdırılan avadanlıqların həcminə görə daha da arta bilər.


EV3-F4-nin təsviri

Bütün "Ripsaw" ailəsinin spesifik bir xüsusiyyəti seriya istehsalının aşağı templəridir. Ərazi vasitəsi üçün aqreqatların montajı kiçik mütəxəssis qrupu tərəfindən əl ilə həyata keçirilir. Bu səbəbdən sifariş edilən avtomobili altı ay gözləmək lazımdır. Bunu nəzərə alaraq, tezliklə yolsuzluq avtomobillərinin ilk nümunələrinin sahiblərinə veriləcəyini deyə bilərik.

"Ripsaw" EV3 xətti barədə ilk elan ötən ilin sonunda verilib, deməli "Howe & Howe Technologies" şirkəti bu günlərdə ilk maşının istehsalını tamamlamalıdır.

Eyni zamanda, şirkət təcrübə üçün yeni vasitələrin bir neçə prototipini hazırlayaraq sınaqlarını keçirdi. Bu məqsədlə mövcud yolsuzluq şəraitində sınaq keçirmək məqsədilə bir yerlik EV3-F1 və dörd yerlik EV3-F4 modelinin prototipi istehsal edildi. İki yerlik prototip hazırlanmadı. Onun sınaqları EV3-F1 bazasında əlavə yük (ballast) yerləşdirməklə keçirildi. Layihənin müəllifləri müntəzəm olaraq müxtəlif sınaq sahələrinə yeni avadanlıqlar çıxarır və bu tədbirlərin video yazılarını dərc edirlər. "Howe & Howe Technologies" öz ərazi nəqliyyat vasitələrini kommersiya əsasında təqdim etməyə çalışdığı üçün bu sınaqlar daha şox reklam roliklərini xatırladır. Onlar təklif etdiyi texnikaların ən yaxşı xüsusiyyətlərini nümayiş etdirir, sınaq iştirakçiları isə onların yüksək imkanlarını qeyd edirlər. Sınaqlar zamanı aşkar edilən çatışmamazlıq barədə ictimaiyyətə məlumat verilmir.


Dörd yerlik ərazi vasitəsinin kabininin daxili görünüşü, arxa sərnişin oturacağından görüntü

Əvvəlki "Ripsaw" maşınları kiçik partiyalarla istehsal edilirdi və kommersiya baxımından uğurlu hesab edilirdi.

Göründüyü kimi, EV3 modelinin yeni xəttini də eyni tale gözləyir. Mövcud texnologiyanın uğurları və yeni modellərin xüsusiyyətləri nikbin proqnozlar verməyə əsas yaradır. "Ripsaw" EV3 layihəsinin əsas məqsədi yüklərin, bir və daha çox heyətin daşınması üçün kabinin bir neçə versiyasını yaratmaqdan ibarətdir. Bu dörd yerlik ərazi vasitəsinin görünüşü digər imkanlara malik əvvəlki maşınları almaqda maraqlı olmayan potensial alıcıların diqqətini cəlb edəcəyi şübhəsizdir.

"Ripsaw" markasının hərbi təyinat üzrə istifadəsində hələlik ciddi uğurlar müşahidə edilmir. MS1, MS2 və MS3 ərazi vasitələrinin sınaqları keçən illərdə başlasa da, hələ də istənilən nəticələrə gətirib çıxarmayıb. ABŞ hərbçiləri mövcud vasitələrin yoxlanılmasına davam edir və onlarla müxtəlif təcrübələr aparır. Lakin onların silahlanmaya qəbul məsələsi hələ həll olunmayıb. Mövcud şassilərdə müxtəlif avadanlıqların sınaqdan keçirrilməsinə baxmayaraq qəbul haqqında real qərar hələ də yoxdur.

Göründüyü kimi, mövcud vəziyyət yaxın gələcəkdə də davam edəcək. "Howe & Howe Technologies" istehsalı olan "Ripsaw" yolsuzluq vasitələri mülki sektorda ciddi mövqelər əldə etməkdədir və ciddi səbəb olmadan buranı tərk edəcəyi ehtimalı da yoxdur. Eyni zamanda, onların ABŞ ordusunun və ya digər ölkələrin silahlanmasına tezliklə daxil olacağını gözləmək də real deyil. Yəqin ki, ərazi vasitələri hələlik bu sahədə müxtəlif sınaqlar aparmaq və yeni ideyaları öyrənmək üçün növbəti bir platforma kimi istifadə ediləcək.

"Ripsaw" ailəsinin layihələrinin tarixi, orijinal ideya mütəxəssislərinin və alıcılarının marağına səbəb olacaq. Bununla yanaşı, heç də bütün perspektiv qərar və yeniliklər hərbi sahədə dərhal tətbiq edilmir. Hələ ki, "Howe & Howe Technologies" şirkətinin yeni məhsulları hərbçilərin sınaq və tədqiqat mərhələsində ilişib qalıb. Lakin şirkət məhsullarının bir hissəsi mülki bazara çıxış əldə etməyə və müştərilərini tapmağa müvəffəq olub. Bu isə yeni təşəbbüslərin inkişafı üçün yaxşı bir nəticədir.

Yazı Ryabov Kirilin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ripsaw   Howe-Howe-Technologies  


Bizi "telegram"da izləyin