Erməni əsgər anası: “Oğlumun bədənini birləşdirməyə çətinlik çəkiblər” (FOTOLAR)

2018/02/345345345_1517481017.jpg
Oxunub: 3755     18:26     01 Fevral 2018    
2017-ci il noyabr 4-ü tarixində işğal altında olan Qarabağın Ağdərə yaşayış məntəqəsində yerləşən qanunsuz hərbi hissələrdən birində baş verən partlayışla bağlı yeni detallar məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, partlayış hərbi hissənin silah anbarında baş verib. Partlayış nəticəsində 19 yaşlı Hrant Manqasaryan ölüb, 7 hərbi qulluqçu isə yaralanıb. Gorusdan olan Sergey Alumyan ağır yaralansa da sağ qalır. İrəvandakı hospitalda müalicəsinə davam edən erməni əsgəri, hadisədən bəzi məqamları xatırlayır.

“Jirehli gödəkçə (bronejilet) götürüb bölüyə aparmaq üçün silah anbarına getmişdik. Digər əsgərlər orda iş görürdülər. Biz onlara yaxınlaşan məqamda partlayış baş verdi. Ondan sonra nə olduğunu xatırlamıram”, - deyə Alumyan bildirib.

Partlayış nitəcəsində onun çənəsi qırılıb, alt dişlərindən məhrum olub, sağ əlinin iki barmağı amputasiya olunub. Sol qulağının sinirləri zədələnib, buna görə də həmin qulağı eşitmir. Bütün bədəni qəlpə yaraları ilə doludur. Yalnız sol əlinə 30 tikiş vurulub. Niyə və kimin günahı ucbatından partlayışın baş verdiyi sualına hamı kimi onun da cavabı yoxdur.

Məlumata görə, o, hadisə zamanı yaralanan digər erməni səgəri Hrantla dost olub və hər ikisi 8-ci bölükdə xidmət ediblər. Sergey Alumyan orduda artıq 14 aydır xidmət edir.

Hadisə ilə bağlı artıq cinayət işi qaldırılıb və Sergey zərərçəkən kimi tanınıb. Hərbi həkim komissiyasının rəyinə görə, bu həftə hospitaldan çıxarılacaq. Anası Zemfira Dravants deyir ki, günahkar axtarmır. Hazırda çalışır ki, oğluna heç olmasa əlillik dərəcəsi verilsin.

Baş verən hadisə barədə ölən Hrant Manqasaryanın valideynləri az məlumatlıdırlar.

“Uşaq çökmə vəziyyətində idi, partlayışın zərbəsini öz üzərinə götürüb, digərləri qəlpələrdən yaralanıblar. Onun bədəni elə hala düşüb ki, meyidxanada hissələrini birləşdirməyə çətinlik çəkiblər”, - deyə Manqasaryanın anası bildirib.

O, meyidxanada oğlunu ayağının altındakı şramdan tanıdığını deyib.

Rəsmi ittihamda qeyd olunur ki, yaralanan anbar rəisi Qevorq Hyusnunts qumbaranı döyüş vəziyyətindən çıxarmağa cəhd edərkən, onun əlində partlayıb. O, izahatında qumbaranı döyüş vəziyyətindən çıxarmağa cəhd edərkən əlindən düşərək partladığını təsdiq edib.

Hadisə zamanı ölən Hrant Manqasaryanın qohumlarının bir sıra sualları cavabsız qalıb. Məsələn snayper olan Hrant silah anbarında necə peyda olub? Müharibə şəraiti yoxdursa, niyə qumbara döyüş vəziyyətində olub?

Bu suallara İrəvandakı hospitalda müalicəsi davam edən, digər yaralı Melsik Marqaryanın da cavabı yoxdur. O, işğal altında olan Ağdərədəki hərbi hissədə 120 mm-lik minatan batareyada qulluq edirdi. Onların anbarda mina yeşiklərini qaydaya salmağa gəldiklərini, işi yekunlaşdırıb qayıtmağa hazırlaşdıqlarını bildirir.

Yaralıları hərbi hissənin tibb məntəqəsinə oradan isə Ağdərə və Xankəndindəki hospitallara təxliyyə edirlər, daha sonra İrəvandakı mərkəzi hospitala gətirirlər. Hadisə zamanı yaralanan anbar rəisi Qevorq Hyusnuntsun sol ayağı qırılıb, bədənində yanıqlar və qəlpələr var, əməliyyatdan sonra çətinliklə olsa da, gəzir.

Faktiki olaraq “Xalq-Ordu” konsepsiyasının təbliğatını aparan Ermənistan müdafiə nazirliyi yaralı erməni əsgərlərini taleyin ixtiyarına buraxıb. Xatırladaq ki, istintaq komitəsinin baş hərbi idarəsində hadisə ilə əlaqədar cinayət işi açılıb. Cinayət işindəki materiallara görə, Qarabağdakı qanunsuz hərbi birləşmənin 49971 nömrəli hərbi hissəsinin “vəzifəli” şəxsləri tərəfindən xidməti vəzifə borclarına səhlənkar münasibəti nəticəsində, ağır nəticələrə səbəb olan tank əleyhinə qumbaranın partlayışı baş verib. Hadisə ilə əlaqədar hələ ki, həbs edilən yoxdur. İstintaq davam edir.

Ermənistan müdafiə naziri Vigen Sarkisyan bildirib ki, minanın partlamasına səbəb olan günahkar şəxslərin əhatəsi çox geniş olmaqla, 15 nəfərədək yüksək vəzifəli hərbçilərdən ibarətdir. Bu rəqəmi müstəntiq də təsdiq edib. Müstəntiq izah edib ki, tank əleyhinə mina rəhbərliyin laqeydliyi, səhlənkarlığı səbəbindən partlayıb və buna görə 15 nəfər yüksək vəzifəli hərbçi cavabdehdir.




Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   Partlayış  


Bizi "telegram"da izləyin