Səfir: “Aİ-nin dəstəyi ilə erməni gülləri Latviyaya ixrac olunacaq”

2026/06/1780586610.jpg
Oxunub: 224     19:18     04 İyun 2026    
“Avropa İttaqı Ermənistan istehsalçılarının və ixracatçılarının yeni bazarlara çıxışını təmin etmək üçün müxtəlif təşəbbüslər həyata keçirir”.

Ordu.az xəbər verir ki, bunu iyunun 4-də erməni ixracatçılarla görüş çərçivəsində jurnalistlərə açıqlamasında Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Marqos deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi, üzv dövlətlərin diplomatik missiyaları və ticarət mərkəzləri ilə birlikdə istehsalçılara və ixracatçılara dəstəyi artırmaq, Ermənistan iqtisadiyyatının fəaliyyətini davam etdirməsinə kömək etmək və onlar üçün yeni bazarlar tapmaq istiqamətində fəaliyyət göstərir.

Marqos qeyd edib ki, artıq mövcud dəstək mexanizmlərinin genişləndirilməsi və istehsalçılarla ixracatçılar üçün yeni imkanların yaradılması üzərində iş aparılır.

O bildirib ki, bu məsələ Avropa Komissiyasının sədri Ursula fon der Lyayen səviyyəsində də müzakirə olunur və tərəfdaşlara yeni bazarların müəyyənləşdirilməsi istiqamətində kömək göstəriləcək.

“Avropa İttifaqı Ermənistan iqtisadiyyatının diversifikasiyasına dəstək verməyə və erməni ixracatçılarının yeni bazarlara çıxışını təmin etməyə çalışır”, - deyə səfir bildirib.

Marqos əlavə edib ki, yaxın vaxtlarda erməni güllərinin Avropa bazarına, xüsusilə Latviyaya ixracına dəstək mexanizmi təqdim ediləcək. Bundan əlavə, Avropanın ən böyük çiçək ixrac şəbəkələrindən biri hesab olunan “Royal Flora” vasitəsilə Niderlanda ixrac imkanları da müzakirə olunur.

Qeyd edək ki, Rusiya son dövrlərdə Ermənistan məhsullarının idxalına mütəmadi məhdudiyyətlər tətbiq edir. Xüsusilə Ermənistan istehsalı güllərin, “Cermuk” mineral suyunun, bəzi spirtli içkilərin və balıq məhsullarının idxalı qadağan edilib. Meyvə-tərəvəz məhsullarının idxalına da müxtəlif məhdudiyyətlər tətbiq olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Latviya   Ermənistan  


Bizi "telegram"da izləyin