Ordu.az-a bu barədə israilli hərbi ekspert Aleksandr Eterman bəyan edib.
Onun sözlərinə görə, “İsgəndər” kompleksi Qarabağda müharibə üçün təmamilə uyğun silah deyil.
“Belə güclü silahlar tank və ya qoşunlara qarşı istifadə olunmur, onlarla yalnız irimiqyaslı obyektlərə zərbə endirirlər. Həmçinin “İsgəndər” tipli silahlar ərazisi geniş olan ölkələrin iştirak etdiyi böyük müharibələrdə istifadə olunur. Bu səbəbdən “İsgəndər”lərin Qarabağ müharibəsində iştirakını istisna edirəm”, - deyə A. Eterman bildirib.
İsrail hava hücumundan müdafiə sistemlərinin “İsgəndər”ləri zərərsizləşdirməyə qadir olub-olmaması barədə suala cavab verərkən ekspert bunun mümkün olduğunu vurğulayıb.
Eterman qeyd edib ki, İsrail bu gün Azərbaycanı öz fəlakətləri və müharibələrinə cəlb etmək istəmir. Belə ki, yəhudi dövləti üçün iqtisadi planda Bakı ilə əməkdaşlıq vacibdir.
“Biz mühüm strateji müttəfiqimiz olan Azərbaycana silah təchizatının etibarlılığından əminik. Cavab olaraq İsrail silah və texnlogiyaların təchizatı ilə kömək edə bilər və bu artıq baş verir. İsrail müasir növ silahlara malikdir, Azərbaycanın isə pulu var. Azərbaycanın yalnız İsrail silahı almaq istəməsi isə başqa sualdır.
Azərbaycan İsraildən ona lazım olan və Rusiyanın ona verə bilmədiyi, yaxud vermək istəmədiyi hər şeyi ala bilər. PUA-lar Bakı üçün faydalı ola bilər. Bildiyim qədərilə 2016-cı ilin aprel döyüşləri zamanı onlar Azərbaycan Ordusuna yararlı olub. Bu PUA-lar həqiqətən də yaxşı və müasirdir. Həmçinin bizdə uzun müddət havada qalan və qəfildən onların gözlənilmədiyi yerdə peyda ola bilən vasitələrimiz var”, - deyə Eterman açıqlayıb.
Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az