Qalibiyyət üçün “Monstr”lar: Yeni snayper tüfəngimiz hansı xüsusiyyətlərə malik olacaq?
Oxunub: 531
14:58
22 Dekabr 2017
Dünyanın bir çox ölkələrində mütəxəssislər müəyyən müddətdir ki, təxminən 3 min metr məsafədə zirehli hədəflərin, radar stansiyaların və rəqibin avtomobillərinin dağıdıcı şəkildə məhv edilməsi üçün artilleriya kalibrli (20 millimetrdən çox) şah snayper tüfəngini yaratmağa çalışırlar.
Ordu.az xəbər verir ki, ötən gün Azərbaycan Müdafiə Sənayesi naziri Yavər Camalov silahlanmaya 23 millimetr kalibrli milli snayperin qəbul olunacağı barədə məlumat verdi.
Məlumdur ki, dünya ölkələrinin müdafiə sənaye qurumlarının istənilən yeniliyi üstün cəhətlərə malik olmaqla yanaşı, həm də texnoloji qüsurlara malik olur. Mütəxəssislərimizin isə yaradılacaq silahın təcrübi istifadə prosesində çatışmazlıqları aradan qaldırmaq və xüsusiyyətlərini mükəmməlləşdirmək üçün yetərincə vaxtı var.
Sözügedən snayper tüfəngi ilk dəfə özündən 2013-cü ildə bəhs etdirib. Onun bazasını 2008-ci ildə təqdim olunan 14,5 millimetr kalibrə malik “İstiqlal” tüfəngi təşkil edir. Böyük ehtimalla, layihə üzrə xarici konstruktorların təcrübəsi də nəzərə alınıb.
Rusiya iri çaplı snayper tüfəngi
Rusiyanın arsenalında snayper tüfənglərinin 20-dən çox növü var. O cümlədən onların 4-ü iri çaplıdır. Hazırda Tuladan olan silah mühəndisləri bütün dünya orduları üçün bənzərsiz sayılan 23 millimetrlik snayper tüfəngi hazırlayırlar. Rusiya Müdafiə Nazirliyi 2020-ci ildə həmin silahları arsenala qəbul etməyi planlaşdırır.
Yeni iri çaplı snayper tüfəninin yaradılması bilavasitə xüsusi döyüş sursatlarının hazırlanması ilə əlaqədardır. Elmi axtarış və eksperimentlərin nəticəsi olaraq yüksək ballistik əmsala malik unikal güllə yaradıldı. Xüsusi döyüş sursatlarının əsasını zenit qurğusunun 22 millimetrlik mərmisinin gilizi təşkil edəcək. Tüfəng 2 metr uzunluğa və o qədər də az olmayan çəkiyə malik olacaq, bu isə artilleriya atışının düzgün yerinə yetirilməsində təpmənin qarşısının alınmasını təmin edəcək.
Mütəxəssislərin fikirlərinə görə, 23 millimetrlik iri çaplı snayper tüfəngi hətta rəqibin tanklarını da sıradan çıxarmağa imkan verəcək. Artıq bu gün Pentaqon Rusiya snayperlərinin Amerika istehsalı olan zirehli gödəkçələri vurmağa qadir tüfəngə sahib olmasından narahatlıq keçirir.
Amerika prototipi
ABŞ mütəxəssisləri bu sahədə hələ ki, geri qalırlar. Ohayoda yerləşən “SSK Industries” şəxsi silah şirkəti ən böyük kalibr - 24 millimetrlik snayper tüfəngini hazırlayaraq sınaqdan keçirib. Lakin bununla belə, həmin snayper nisbi döyüş silahı, innovasiya prototipidir. Bu tüfəng tirajla istehsal olunmadı.
Hər üç silah nümunəsi kiçik olmayan ölçülərə malikdir: 2 metrə yaxın uzunluq və 50 kiloqramdan artıq çəki. Hər atlet belə bu silahı və onun döyüş sursatlarını ön cəbhəyə daşıya və bir neçə atışa tab gətirə bilməz. Videodan görünür ki, güclü təpmə uzanan snayperi hərfi mənada yerindən tərpədir. Axı insan bədəni top qundağı deyil və o, belə yüklənmələr üçün hesablanmayıb.
Afrika ekzotikası
Snayper mövqeyi ilə yanaşaraq bütün dünyanın icmalını yaratmağa çalışsaq, artıq bəhs olunan snayper tüfəngləri ilə müqayisədə nisbətən kiçik kalibrə malik daha bir maraqlı nümunəylə rastlaşa bilərik: 20 millimetrlik “Mechem” NTW-20 1990-cı illərdə Cənubi Afrika Respublikasının “Denel” şirkəti tərəfindən hazırlanıb. Silah dövrünün sınaqlarından üzüağ çıxıb (20 ilə yaxındır ki, CAR milli müdafiə qüvvələrinin silahlanmasındadır). Kumulyativ və fuqas da daxil olmaqla bir çox döyüş sursatlarına malikdir. “Mechem” NTW-20 hətta partlamamış döyüş sursatlarının (aviabombaların) məhvində də istifadə olunub.
Tüfəng iki lüləyə malikdir, çəkisi 29 kiloqramdır və hissələrə ayrılmış şəkildə iki hərbi qulluqçu tərəfindən daşınır. Tüfəngin uzunluğu 122 santimetrlik lülə ilə birlikdə 202 santimetr təşkil edir.
Aşağıda yerləşdirilən videoda “Ulduz müharibələri” fimindən hamıya yaxşı tanış olan personaj usta Yodanın metafizikası olmadan keçinilməsə belə, “Mechem” NTW-20 məhz orada göstərildiyi kimi, tankı dəlib keçməyə qadirdir.
“Monstr”ların prespektivləri
Döyüş meydanında “şah tüfəngi”nin mobillik və gizliliyi məhduddur. Lülənin dözümlülüyü (sıradan çıxanadək neçə atəş açılmasının mümkünlüyü) o qədər də yüksək deyil. Lakin bununla belə nəzərə almaq lazımdır ki, adi 20 millimetrlik döyüş sursatları partlayış zamanı 10 metr radiusda olan canlı qüvvəni məhv etməyə qadir qəlpələnən fuqas mərmiləridir. Beləliklə, tüfəng atışının dəqiqliyi artilleriyanın yüksək effektivliyinə mütənasibdir. Xüsusi döyüş sursatları məhv edilən hədəflərin diapazonunu əhəmiyyətli dərəcədə genişləndirməklə hədəfə qədər olan məsafəni artırır.
Müəyyən şərtlər daxilində iri çaplı snayper tüfənləri yerdə istifadə olunmaq təyinatından kənarlaşa bilər, o cümlədən texnologiyaların inkişafı ilə yüksək dəqiqlikli bu kiçik “artilleriya”nın (ölçü və çəkinin azaldılması ilə) kalibrinin artırılması da mümkündür.