Ordu.az xəbər verir ki, ümumilikdə 110 tankı əhatə edən modernləşdirmə proqramı atəş gücü, mühafizə səviyyəsi, rəqəmsal sistemlər və logistik dəstək sahələrində geniş yenilikləri nəzərdə tutur.
Proqramın 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. İlk modernləşdirilmiş tank Münhendə yerləşən KNDS müəssisəsində keçirilən mərasimdə təhvil verilib.
FMV bildirib ki, bu layihə Stridsvagn 122 tanklarının 1990-cı illərin sonlarında silahlanmaya qəbul edilməsindən sonra həyata keçirilən ən genişmiqyaslı modernləşdirmə proqramıdır.
Modernləşdirmə çərçivəsində tanklar tam sökülərək yeni alt sistemlərlə təchiz olunur. “Stridsvagn” 123A-nın ən diqqətçəkən yeniliklərindən biri KNDS tərəfindən hazırlanmış yeni 120 mm-lik L55A1 top sistemidir.
Daha uzun lüləyə malik bu silah sistemi tankın atəş gücünü və təsir məsafəsini əhəmiyyətli dərəcədə artırır. FMV-nin Tank Sistemləri Bölməsinin rəhbəri Niklas Lindberq bildirib ki, yeni tanklar müasir termal nişangahlar, kameralar və rəqəmsal alt sistemlərlə təchiz olunub.
Onun sözlərinə görə, yeni silah sistemi və rəqəmsal atəş idarəetmə kompleksi sayəsində tanklar yeni nəsil sursatlardan istifadə edə biləcək.
FMV qeyd edib ki, modernləşdirmə zamanı köhnəlmiş sistemlər dəyişdirilib, mümkün olan sahələrdə İsveçə məxsus xüsusi həllərdən imtina edilərək NATO müttəfiqləri ilə uyğunluq artırılıb.
Proqram çərçivəsində ekipajın mühafizəsi də gücləndirilib. Bu məqsədlə sürücü oturacağı əvəzinə mina partlayışlarına qarşı daha yüksək qoruma təmin edən asqılı təhlükəsizlik sistemi tətbiq olunacaq.
Bundan əlavə, tanklara köməkçi enerji qurğusu inteqrasiya ediləcək ki, bu da müşahidə və gözləmə zamanı əsas mühərriki işə salmadan fəaliyyət göstərməyə imkan verəcək.
FMV proqram rəhbəri Mikael Tillberq bildirib ki, təchizat zəncirində gecikmələrin qarşısını almaq üçün kritik komponentlər əvvəlcədən sifariş olunub. Onun sözlərinə görə, 2027-2031-ci illər ərzində hər il İsveç Silahlı Qüvvələrinə 22 modernləşdirilmiş tank təhvil veriləcək.
Modernləşdirilmiş tanklar “Stridsvagn” 123A adlandırılacaq. FMV eyni zamanda 44 yeni istehsal tank üçün də müqavilə imzalayıb. Bu tanklar Stridsvagn 123B adını daşıyacaq.
Şirkətin baş direktoru Florian Hohenvarter bildirib ki, “Stridsvagn” 123A bu gün dünyanın ən müasir əsas döyüş tanklarından biri olacaq və “Leopard 2” ailəsinin bütün üzvləri ilə tam uyğun şəkildə fəaliyyət göstərə biləcək.
Sevinc Əliyeva
Ordu.az