Ordu.az xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Madriddə ispaniyalı həmkarı Marqarita Robles ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında təsdiqləyib.
Kosinyak-Kamış alınacaq təyyarələrin sayını açıqlamasa da, Polşa mənbələri bu rəqəmin 4 ola biləcəyini bildirirlər. Qeyd olunub ki, sözügedən təyyarələr havada yanacaq doldurmaqla yanaşı, 300 hərbçiyə qədər daşımaq imkanına malikdir.
A330 MRTT təyyarələrinin yenidən qurulması və yığılması Madrid yaxınlığındakı Xetafe şəhərində yerləşən “Airbus” müəssisələrində həyata keçiriləcək. Nazir bildirib ki, bununla bağlı anlaşma memorandumu imzalanıb və layihə artıq icra mərhələsinə keçib.
Məlumata görə, satınalma Avropa İttifaqının müdafiə investisiyalarını maliyyələşdirmək üçün yaratdığı SAFE mexanizmi çərçivəsində və İspaniya ilə əməkdaşlıq şəraitində həyata keçiriləcək.
Kosinyak-Kamış qeyd edib ki, Polşa Silahlı Qüvvələrinin təcili ehtiyacları nəzərə alınaraq, İspaniya öz təhvil növbəsini Varşavaya verməyə hazırdır. İspaniyanın müdafiə naziri Marqarita Robles SAFE mexanizminin əhəmiyyətini vurğulayaraq Polşanın ehtiyaclarını anlayışla qarşıladıqlarını bildirib.
O, həmçinin ölkəsinin NATO və Avropa İttifaqına sadiqliyini bir daha təsdiqləyərək bildirib: “Polşaya qarşı hücum İspaniyaya qarşı hücum deməkdir”. Polşalı nazir vurğulayıb ki, F-16 və F-35 kimi döyüş təyyarələri havada yanacaq doldurulmadıqda məhdud əməliyyat müddətinə malik olur.
Onun sözlərinə görə, MRTT təyyarələri qırıcıların hava məkanında daha uzun müddət qalmasına və təhdidlərə daha operativ reaksiya verməsinə imkan yaradacaq.
Nazir əlavə edib ki, Polşa və müttəfiq ölkələrin qırıcıları regionda artan Rusiya fəaliyyətinə qarşı NATO-nun şərq cinahında mütəmadi patrul uçuşları həyata keçirirlər.
Kosinyak-Kamış hesab edir ki, öz tanker parkının yaradılması Varşavanın müttəfiqlərin imkanlarından asılılığını azaldacaq. “Bu, çəkindirməyə yönəlmiş investisiyadır. Potensial rəqib bilməlidir ki, biz sutkanın 24 saatı fəaliyyətə hazırıq”, - deyə nazir bildirib.
O, həmçinin layihənin gecikdirilməsinə görə Polşa Prezidenti Karol Navrotskini və əvvəlki hökumətləri tənqid edib.
Qeyd edək ki, Polşa 32 ədəd F-35A qırıcısı əldə etməyi planlaşdırır və mütəxəssislər bu təyyarələrin tam potensialla istifadəsi üçün havada yanacaq doldurma imkanının vacib olduğunu vurğulayırlar.
Sevinc Əliyeva
Ordu.az