Ordu.az xəbər verir ki, sifariş Almaniya Bundestaqının 2026-cı il iyunun 10-da qəbul etdiyi büdcə qərarından sonra rəsmiləşdirilib.
Məlumata görə, müqavilənin dəyəri yüz milyonlarla avro səviyyəsində qiymətləndirilir.
Qeyd olunur ki, Almaniya daha əvvəl Ukraynaya 21 ədəd “Bergepanzer 2” və 2 ədəd “Bergepanzer 3” zirehli təxliyə maşını təhvil verib.
Yeni sifariş həmin texnikaların əvəzlənməsi ilə yanaşı, Almaniya Silahlı Qüvvələrinin zirehli birliklərə dəstək imkanlarının gücləndirilməsini də nəzərdə tutur.
“Rheinmetall” şirkəti ilk maşının 2027-ci ilin dekabrında təhvil veriləcəyini açıqlayıb. Şirkət istehsal prosesini sürətləndirmək məqsədilə müqavilə imzalanmamışdan əvvəl istehsal və maliyyələşdirmə işlərinə başladığını bildirib.
Sonuncu maşının isə 2029-cu ilin iyununda Bundesverə təhvil verilməsi planlaşdırılır. Sifariş edilən texnikalar “Bergepanzer 3” platformasının modernləşdirilmiş A2 versiyasında istehsal olunacaq.
Bundesver tərəfindən “Bergepanzer 3” A2 adlandırılan bu versiya mövcud texnoloji standartlara uyğun sistemlərlə təchiz edilir və gələcək modernləşdirmələr üçün açıq arxitekturaya malikdir.
“Leopard 2” əsas döyüş tankının şassisi üzərində yaradılan “Bergepanzer 3 Büffel” döyüş meydanında zədələnmiş və ya hərəkət qabiliyyətini itirmiş zirehli texnikaların təxliyəsi, texniki xidmət və təmir işlərinin dəstəklənməsi üçün istifadə olunur.
Güclü kran sistemi, dartma avadanlıqları və sahə şəraitində təmir imkanları sayəsində maşın mexanikləşdirilmiş birliklərin döyüş tempinin qorunmasında mühüm rol oynayır.
“Rheinmetall” bildirib ki, yeni sifariş “Bergepanzer 3” platformasının müasir zirehli birliklər üçün əhəmiyyətini bir daha təsdiqləyir və sistem gələcək illərdə də Almaniya ordusunun əsas dəstək vasitələrindən biri olaraq qalacaq.
Sevinc Əliyeva
Ordu.az