ABŞ Venesueladakı əməliyyatın xərclərini 28 dəfə geri qaytardığını açıqlayıb

2025/02/1740594650.jpg
Oxunub: 216     12:04     24 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Venesuelada həyata keçirilən hərbi əməliyyatın xərclərinin artıq dəfələrlə kompensasiya edildiyini bildirib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Pensilvaniya ştatının Allentaun şəhəri yaxınlığında iqtisadi məsələlərə həsr olunmuş çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Venesueladakı əməliyyat cəmi bir gün davam edib və ABŞ həmin ölkənin neft ehtiyatları hesabına böyük gəlir əldə edib.

“Bu müharibədə qalib gəlmək üçün bizə cəmi 48 dəqiqə lazım oldu. İnanmayacaqsınız, amma artıq bu əməliyyatın xərclərini 28 dəfədən çox geri qaytarmışıq. Çünki oradan milyonlarla barel neft çıxarmışıq”, - deyə Tramp bildirib.

ABŞ lideri həmçinin qeyd edib ki, Vaşinqton və Karakas arasında münasibətlər hazırda yaxşı səviyyədədir.

“Hazırda ölkəni idarə edən insanlar bizim insanlarımızdır, çox yaxşı insanlardır”, - deyə o əlavə edib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelanın mülki və hərbi obyektlərinə zərbələr endirmiş, prezident Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi saxlayaraq ölkədən çıxarmışdı. Yanvarın 5-də onlar Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsi qarşısına çıxarılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməkdə ittiham olunmuşdular.

Hazırda Venesuela prezidentinin səlahiyyətlərini əvvəllər icraçı vitse-prezident olmuş Delsi Rodriges yerinə yetirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela  


Bizi "telegram"da izləyin