Avropa Komissiyası, Avropa İnvestisiya Bankı və Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi memorandum imzalayıb

2026/06/1782288016.jpg
Oxunub: 218     12:00     24 İyun 2026    
Brüsseldə keçirilən “Bağlantılılıq Gündəliyi Platforması”nın yüksək səviyyəli açılış tədbiri çərçivəsində Avropa Komissiyası, Avropa İnvestisiya Bankı (EIB) və Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi birgə niyyət memorandumu imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənəd EPIC (Eastern Partnership Investment in Connectivity) təşəbbüsü çərçivəsində məsləhət dəstəyinin rəsmi başlanmasını nəzərdə tutur.

Bildirilib ki, təşəbbüs Axurik-Stansiya və Marqara-Stansiya strateji avtomobil yolu istiqamətləri üzrə hazırlıq işlərinə dəstək verməyi hədəfləyir. Bu yollar sərhəd keçid məntəqələrini Ermənistanın yol şəbəkəsinə birləşdirməlidir.

“Layihənin ilk mərhələsində Avropa İnvestisiya Bankı lazımi araşdırmaların həcminin müəyyənləşdirilməsi və qeyd olunan yol layihələri üçün mümkün həllərin hazırlanması məqsədilə məsləhət xidməti göstərəcək.

Qeyd olunub ki, layihələr Ermənistan hökumətinin “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsü çərçivəsində həyata keçirilir və regionda nəqliyyat əlaqələrinin inkişafına, Ermənistanın etibarlı nəqliyyat və logistika qovşağı kimi rolunun güclənməsinə, eləcə də Avropa İttifaqının Bağlantılılıq Gündəliyinin təşviqinə xidmət edir.

Memorandumu Avropa Komissiyası adından Adrienn Kirali, Ermənistan tərəfdən isə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Avropa İnvestisiya Bankının nümayəndələri imzalayıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   EIB   EPIC  


Bizi "telegram"da izləyin