Tramp Hindistana səfər edəcəyini vəd edib: Vaşinqton və Yeni Dehli ticarət sazişinin imzalanmasına yaxındır

2026/06/1781756323.jpg
Oxunub: 234     08:15     18 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7-nin 2026-cı il sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə Hindistana səfər edəcəyini bildirib. Bu addım iki ölkə arasında münasibətlərin istiləşdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Donald Tramp səfərin “gələcəkdə müəyyən bir vaxtda” baş tutacağını qeyd edib. O, həmçinin ABŞ və Hindistanın ticarət sazişinin imzalanmasına çox yaxın olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən il Trampın Hindistana qarşı gömrük rüsumları tətbiq etmək planlarını açıqlamasından sonra iki ölkə arasındakı münasibətlər müəyyən gərginliklə üzləşmişdi. Ötən həftə Oman körfəzində ABŞ hərbçilərinin zərbəsi nəticəsində üç hindistanlı dənizçinin həlak olması da əlavə narahatlıq yaratmışdı. ABŞ rəsmilərinin məlumatına görə, hücum İran limanlarına tətbiq olunan blokadanı pozmaqda şübhəli bilinən tankeri hədəf almışdı.

Görüş zamanı Narendra Modi Hörmüz boğazında çalışan hindistanlı dənizçilərin təhlükəsizliyi məsələsini qaldırıb. Liderlər həmçinin ABŞ-nin məcburi əməyə qarşı kifayət qədər mübarizə aparmadığını düşündüyü ölkələrə qarşı yeni idxal məhdudiyyətləri tətbiq etməsindən sonra çətinləşən ticarət danışıqlarını da müzakirə ediblər.

Jurnalistlər qarşısında çıxış edən Tramp Modini “sərt danışıqlar aparan siyasətçi” adlandırıb və yaxın gələcəkdə Hindistana səfər etmək niyyətini bir daha təsdiqləyib.

ABŞ-Hindistan müdafiə əməkdaşlığı ilə bağlı suala cavab verən Tramp Vaşinqtonun mümkün hücum halında Hindistana dəstək göstərəcəyini bildirib.

“Əgər kimsə bu insana hücum etsə, biz onun yanında olacağıq. Amma sabah başqa lider gəlsə, buna zəmanət verə bilmərəm”, - deyə Tramp Modini göstərərək bildirib.

Görüş iki ölkə arasında münasibətlərin kifayət qədər gərgin olduğu bir dövrdə baş tutub. Hindistanlı dənizçilərin ölümü və hindistanlı ekipajların xidmət etdiyi digər gəmilərə zərbələr endirilməsindən sonra Yeni Dehli iki dəfə ABŞ-nin yüksək vəzifəli diplomatını izahat vermək üçün XİN-ə çağırıb.

Modi ölkə daxilində də tənqidlərlə üzləşib. Müxalifət onu ABŞ-nin hərəkətlərini açıq şəkildə pisləməməkdə və Vaşinqtonla münasibətlərdə daha sərt mövqe tutmamaqda ittiham edib.

Hindistan dünyanın ən böyük neft idxalçılarından biri olaraq ehtiyac duyduğu neftin təxminən 90 faizini xaricdən alır. İran ətrafında baş verən hərbi hadisələr və dünya neft-qaz tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazının bağlanması Hindistan iqtisadiyyatına ciddi təsir göstərib.

Gələn həftə tərəflərin nümayəndələri Yeni Dehlidə görüşərək gələcək ticarət sazişinin son detallarını müzakirə edəcəklər. Hindistan rəsmilərinin sözlərinə görə, danışıqlar artıq yekun mərhələyə daxil olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Hindistan  


Bizi "telegram"da izləyin