Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində NEMUS AESA radarı “Rheinmetall” şirkətinin modul quruluşa malik “StrikeShield” aktiv mühafizə sisteminə inteqrasiya ediləcək.
Şirkətlərin bildirdiyinə görə, yeni həll gələcək nəsil zirehli texnikaların PUA-lar, hipersəs sursatları və digər qabaqcıl təhdidlərə qarşı müdafiə imkanlarını artıracaq. Tərəflər əməkdaşlığın aktiv mühafizə sistemləri sahəsindəki imkanları gücləndirməklə yanaşı, Avropa müdafiə sənayesində texnoloji əməkdaşlığın inkişafına da töhfə verəcəyini vurğulayıblar.
“Indra” tərəfindən hazırlanmış NEMUS AESA radarı eyni avadanlıq vasitəsilə müxtəlif tip hədəfləri aşkar və izləmək üçün nəzərdə tutulub.
Sistem saniyədə 10 metr sürətlə hərəkət edən kiçik Pilotsuz Uçuş Aparatlarını (PUA) müəyyən edə bildiyi kimi, saniyədə 2000 metrdən artıq sürətə malik təhdidləri də izləyə bilir. Radar kinetik enerjili sursatlara, kamikadze PUA-lara və müxtəlif hava təhdidlərinə qarşı istifadə oluna bilər.
NEMUS radarı həmçinin PUA əleyhinə müdafiə sistemlərində, qısamənzilli hava hücumundan müdafiə sistemlərində, kəşfiyyat, müşahidə, hədəf aşkarlama və nəzarət tapşırıqlarında, eləcə də zirehli texnika və əsas döyüş tankları üçün aktiv mühafizə sistemlərində tətbiq edilə bilir.
Aktiv mühafizə sistemi çərçivəsində NEMUS radarı quru platformalarına yönəlmiş təhdidləri aşkar edib izləyəcək. “Rheinmetall” şirkətinin “StrikeShield” sistemi isə təhdidin qiymətləndirilməsi, atışa nəzarət hesablamaları və uyğun əks-tədbirin seçilərək tətbiq olunmasına cavabdeh olacaq.
Şirkətlərin fikrincə, bu inteqrasiya platformaların və ekipajların sağqalma imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Bildirilib ki, “Indra” və “Rheinmetall” son illərdə NEMUS AESA radarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərib. Radarın imkanları çoxsaylı real atış sınaqları və yoxlama fəaliyyətləri nəticəsində təkmilləşdirilib.
“Indra” şirkətinin Quru Sistemləri üzrə Biznesin İnkişafı direktoru Mariya Dolores Karrilyo bildirib ki, bu əməkdaşlıq silahlı qüvvələrə ehtiyac duyulan qabaqcıl texnologiyaların daha sürətli şəkildə təqdim olunmasına və texnoloji suverenliyin qorunmasına imkan verir.
“Rheinmetall” şirkətinin Aktiv Mühafizə Sistemləri Məhsul Bölməsinin rəhbəri Martin Debo isə qeyd edib ki, tərəfdaşlıq texnoloji təcrübələri bir araya gətirərək gələcək sistemlərin inkişafı və sürətlə dəyişən təhdid mühitində maksimum sağqalma qabiliyyəti üçün möhkəm zəmin yaradır.
Sevinc Əliyeva
Ordu.az