Danimarka “Giraffe 1X” radarlarının tədarükü üçün “Saab” ilə müqavilə imzalayıb

2026/06/1781765213.jpg
Oxunub: 194     10:41     18 İyun 2026    
Danimarka Müdafiə Nazirliyinin Satınalma və Logistika Təşkilatı (DALO) “Saab” tərəfindən hazırlanmış “Giraffe 1X” radar sistemlərinin tədarükü üçün sifariş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Saab” şirkəti məlumat yayıb.

Qərar radar sistemlərinin 2025-ci ildə Kopenhagendə keçirilən Avropa İttifaqı liderlərinin sammitlərinin təhlükəsizliyinin təmin edilməsində uğurla istifadə edilməsindən sonra qəbul olunub.

“Saab”ın açıqlamasına görə, Danimarka Silahlı Qüvvələri ilk mərhələdə “Giraffe 1X” radarlarını mülki və hərbi infrastrukturun müşahidəsi məqsədilə istifadəyə verib. Sistemlər altı aydan artıq müddətdə əməliyyat tapşırıqlarında istifadə olunub və əldə edilən təcrübənin ardından DALO onların daimi olaraq alınmasına qərar verib.

Kopenhagendə keçirilən sammitlərin təhlükəsizliyinə İsveç Silahlı Qüvvələri başda olmaqla müxtəlif NATO ölkələrinin hərbi bölmələri və müdafiə sənayesi şirkətləri dəstək verib. Bu çərçivədə “Saab”-ın antidron sistemi və “Giraffe 1X” radarları da istifadə olunub.

Danimarka təhlükəsizlik tədbirləri dövründə “Saab”dan əlavə “Giraffe 1X” radarları icarəyə götürüb. Daha sonra həmin sistemlərin də satın alınması qərara alınıb.

“Saab”ın Müşahidə Sistemləri Bölməsinin rəhbəri Karl-Yohan Berqholm bildirib ki, DALO-dan ilk sorğu daxil olduqdan cəmi üç gün sonra radarlar istifadəyə təhvil verilib.

Onun sözlərinə görə, bu sürətli çatdırılma yalnız şirkətin təşkilati imkanları hesabına deyil, həm də İsveç və Danimarka dövlət qurumlarının əməkdaşlığı sayəsində mümkün olub.

Berqholm əlavə edib ki, Danimarka tərəfinin həll yönümlü yanaşması radarların rekord qısa müddətdə hava müşahidəsi və pilotsuz uçuş aparatı aşkarlama vəzifələrinə başlamasına imkan yaradıb.

“Giraffe 1X” hava müşahidəsi üçün hazırlanmış üçölçülü radar sistemi hesab olunur. “Saab” bildirib ki, Danimarkada istifadə olunan sistemlər müstəqil fəaliyyət göstərə bilən “Compact Radar Module” konfiqurasiyasında yerləşdirilib.

Bu quruluş radarın əməliyyat infrastrukturunun məhdud olduğu ərazilərdə qısa müddətdə istifadəyə verilməsinə və müxtəlif platformalara asan inteqrasiyasına şərait yaradır.

“Giraffe 1X” sabit qanadlı və helikopter tipli uçuş aparatları ilə yanaşı raketləri, reaktiv yaylım atəşi sistemlərinin sursatlarını, artilleriya mərmilərini və minaatan təhdidlərini aşkar edib izləyə bilir.

Sistem həmçinin güclü elektromaqnit təsirlərinin və mürəkkəb fiziki mühitin olduğu ərazilərdə kiçik pilotsuz uçuş aparatlarını da müəyyən edə bilir. “Saab”ın məlumatına görə, radar nəzarət etdiyi hava məkanını hər saniyə skan edərək hədəfləri real vaxt rejimində aşkarlayır və izləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Giraffe-1X   Saab  


Bizi "telegram"da izləyin