“ABŞ ilə saziş Hörmüz boğazının statusunu İranın xeyrinə dəyişib” - Qalibaf

2026/04/1775835779.jpg
Oxunub: 228     08:23     18 İyun 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə əldə olunan sazişin Hörmüz boğazının statusunu faktiki olaraq İranın xeyrinə dəyişdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Qalibafın sözlərinə görə, ABŞ İran üçün Hörmüz boğazının potensialını real imkanlara çevirib.

İran parlamentinin sədri vurğulayıb ki, Tehran Hörmüz boğazında suveren hüquqlara malikdir və göstərilən xidmətlərə görə ödəniş alınacaq.

“İran Hörmüz boğazında suveren hüquqlara malikdir və təbii olaraq göstərdiyi xidmətlərə görə ödəniş tələb edəcək”, - deyə o bildirib.

Qalibaf qeyd edib ki, yekun saziş imzalansa və hətta BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənsə belə, ABŞ-yə olan etimadsızlıq dəyişməyəcək.

“Mənim Amerikaya olan etimadsızlığım maksimum səviyyədədir. Saziş yekunlaşsa və Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənsə belə, ona tam etibar etmək mümkün deyil”, - deyə o bildirib.

İran parlamentinin sədri əlavə edib ki, ölkənin yanaşmasında diplomatik və hərbi üsullar arasında sərhəd çox şərtidir.

“Diplomatik mübarizə ilə hərbi mübarizə arasındakı məsafə bizim üçün böyük deyil və əlimiz hələ də tətiyin üzərindədir”, - deyə Qalibaf vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Qalibaf  


Bizi "telegram"da izləyin