Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.
İran mediasına müsahibə verən Qalibaf qeyd edib ki, memorandum ABŞ-nin uğursuzluğunu ortaya qoyan sənəddir və ictimaiyyət bununla bağlı öz qiymətini verəcək.
O bildirib ki, sənədin bir sıra müddəaları üzərində iş hüquqi incəliklər səbəbindən mürəkkəb və uzunmüddətli olub.
“Memorandumun bəzi bəndləri hüquqi xüsusiyyətlərinə görə saatlarla müzakirə olunub”, - deyə Qalibaf vurğulayıb.
“Fars” agentliyinin məlumatına görə, İran parlamentinin sədri sənədin ölkənin iqtisadi bərpası ilə bağlı hissələrinə də diqqət çəkib. Onun sözlərinə görə, memorandumun altıncı bəndində İranın bərpası və iqtisadi inkişafı üçün 300 milyard dollar həcmində investisiyanın cəlb olunması nəzərdə tutulur.
Qalibaf əlavə edib ki, bu vəsaitin müəyyən hissəsi ölkənin yenidən qurulmasına yönəldiləcək.
Parlament sədri İran əleyhinə tətbiq edilən məhdudiyyətlərə də toxunaraq bildirib ki, dəniz blokadasının uzun müddət davam edəcəyi ilə bağlı narahatlıqlar özünü doğrultmayıb.
“Bəzi şəxslər blokadanın yalnız 30 gündən sonra aradan qaldırılacağından narahat idilər. Lakin Allaha şükürlər olsun ki, bu, cəmi üç gün ərzində baş verdi”, - deyə o bildirib.
Qalibaf beynəlxalq təşkilatların son münaqişəyə münasibətini də tənqid edib. Onun sözlərinə görə, BMT ABŞ-ni təcavüzkar kimi tanıyan heç bir bəyanat yaymayıb.
“Güc qanununun hökm sürdüyü dünyada biz öz maraqlarımızı yalnız öz qüdrətimizlə qorumalıyıq”, - deyə İran parlamentinin sədri bildirib.
Sevinc Əliyeva
Ordu.az