KİV: Paşinyan niyə belə tələsir?

2026/06/1781756017.jpg
Oxunub: 226     08:13     18 İyun 2026    
“Ermənistanda seçkilərdən sonra maraqlı vəziyyət yaranıb. Bir tərəfdən müxalif qüvvələr seçki pozuntularını gündəmə gətirərək Konstitusiya Məhkəməsinə seçkilərin nəticələrinin etibarsız sayılması tələbi ilə müraciət edirlər, digər tərəfdən isə hakimiyyətə yaxın siyasi qüvvələr və fiqurlar da seçkilərin legitimliyi ilə bağlı suallar qaldırmağa başlayıblar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan niyə belə tələsir?” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, müxalifətin mövqeyi aydın olsa da, hakimiyyətə yaxın qüvvələrin bu cür bəyanatlarla çıxış etməsi diqqət çəkir.

“Son səkkiz ildə Nikol Paşinyanın və “Vətəndaş Müqaviləsi” partiyasının siyasi orbitində yer alan bu qüvvələrin belə bir atmosfer formalaşdırması hakimiyyətin öz maraqlarına uyğun görünür.

Həmin qüvvələr saxtalaşdırılmış seçkiləri və ya mandatların qanunsuz əldə olunmasını deyil, parlamentdə müxalifətin təmsilçiliyini hədəfə alırlar. Bu isə hakimiyyətin əvvəllər səsləndirdiyi “seçki rüşvəti” ilə bağlı iddialarla əsaslandırılır.

Bir çox ekspert hesab edir ki, bununla uyğun məqam yaranacağı halda yeni seçkilərin keçirilməsi üçün zəmin hazırlanır. Bunun Konstitusiya Məhkəməsinin gözlənilməz qərarı və ya növbədənkənar seçkilər vasitəsilə baş verməsinin fərqi yoxdur”, - deyə nəşr yazıb.

Məqalədə vurğulanır ki, bu qənaətin formalaşmasına səbəb Nikol Paşinyanın son dövrdə atdığı addımlardır. Müəllif qeyd edir ki, Mərkəzi Seçki Komissiyasının qərarının mürəkkəbi qurumamış hakimiyyət artıq gələcək seçkilərə hesablanmış təşəbbüslərlə çıxış edir.

Nəşr xüsusilə Ermənistanda altı ay yaşamış şəxslərə səsvermə hüququ verilməsi ilə bağlı qanun layihəsinə diqqət çəkir. Bununla yanaşı, Paşinyan və hakim partiya nümayəndələrinin müxalif qüvvələrin fəaliyyətinin məhdudlaşdırılması və müxalif siyasətçilərin həbs olunması ilə bağlı açıqlamalar verdiyi vurğulanır.

“Belə görünür ki, Paşinyan əsas müxalif qüvvələrdən qurtulmağa, özünə mane olmayacaq qanunvericilik mühiti yaratmağa və daha sonra yeni seçkilərə getməyə çalışır”, - deyə məqalədə qeyd olunur.

Müəllifin fikrincə, bunun əsas səbəblərindən biri mövcud mandat bölgüsü şəraitində Paşinyanın Konstitusiyaya təkbaşına dəyişiklik edə bilməməsidir.

“Məqalədə iddia olunur ki, hakimiyyət və “Vətəndaş Müqaviləsi” partiyası faktiki olaraq çoxluq dəstəyi əldə etməyib və seçkilərin saxtalaşdırılması ilə bağlı ittihamlarla üz-üzədir. Bundan əlavə, hazırkı müxalifət də hakimiyyət üçün arzuolunan deyil. Buna görə Paşinyanın ən azı 65 faiz səsə malik olduğu və “müxalifət” adı altında yalnız ona yaxın siyasi qüvvələrin təmsil olunduğu parlament formalaşdırmaq istədiyi irəli sürülür”, - deyə nəşr yazıb.

Məqalədə sonda qeyd olunur ki, həmin hakimiyyətə yaxın qüvvələrin əsasən Qərbyönlü siyasi dairələrdən ibarət olması onların mövqeyinin Avropa İttifaqı tərəfindən də müsbət qarşılanacağı ehtimalını artırır.

“Demokratiya artıq heç kəsi maraqlandırmır, əsas olan siyasi maraqlardır”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin