Paşinyanın qələbəsi Ankara-İrəvan normallaşmasına yeni təkan verə bilərmi?

2026/06/1781725212.jpg
Oxunub: 167     23:51     17 İyun 2026    
Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində qəti qələbə qazanması təkcə Ermənistanın daxili siyasəti deyil, həm də Cənubi Qafqazın geosiyasi balansına təsir edən dönüş nöqtəsidir. Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) iyunun 14-ü bazar günü açıqladığı yekun nəticələrə görə, Paşinyanın partiyası səslərin 49,74 faizini toplayaraq 105 yerlik parlamentdə 64 mandat qazanıb və hökuməti təkbaşına formalaşdırmaq hüququ əldə edib.

Paşinyanın qələbəsi Ankara üçün nə ifadə edir?

Paşinyanın üçüncü seçki qələbəsi Türkiyə-Ermənistan münasibətlərində praqmatik dinamika yaratmaq potensialına malikdir. Seçki kampaniyası boyunca Paşinyan “sülh və rifah” şüarını ön plana çıxarıb, Azərbaycanla sülh sazişini “müstəqil gündəm” kimi xarakterizə edib və Türkiyə ilə “hər cür əməkdaşlığa açıq” olduğu barədə mesajlar verib. Bu yanaşma 2020-ci ildən bəri bağlı qalan Türkiyə-Ermənistan sərhədinin mərhələli şəkildə açılması, ticarət dövriyyəsinin artırılması və regional əlaqəliliyin gücləndirilməsi baxımından müsbət zəmin yaradır.

Ankaranın baxış bucağından Paşinyanın hakimiyyətdə qalması Ermənistanın Rusiya mərkəzli təhlükəsizlik paradiqmasından uzaqlaşaraq çoxvektorlu xarici siyasət yürütməyə başladığını göstərir. Rusiyanın seçkilərdən əvvəl tətbiq etdiyi iqtisadi təzyiqlərə baxmayaraq, əhalinin Paşinyanı seçməsi Moskvanın regional təsirinin azaldığını nümayiş etdirir. Bu vəziyyət Türkiyə üçün strateji imkan yaradır: “Əvvəlcə Azərbaycanla sülh” prinsipi ilə uyğun şəkildə Ermənistanın konstitusiya islahatı prosesini dəstəkləməklə davamlı normallaşmaya töhfə vermək mümkündür. Paşinyanın qələbəsi eyni zamanda Orta Dəhlizin inkişafı və regional iqtisadi inteqrasiya baxımından da Türkiyənin prioritetləri ilə üst-üstə düşür.

Ankara üçün Paşinyanın üçüncü hakimiyyət dövrü sabit və praqmatik diplomatiya imkanı deməkdir. 2018-ci ildən etibarən Ermənistan siyasətində əsas fiqura çevrilən Paşinyan xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonrakı dövrdə Rusiya mərkəzli ənənəvi təhlükəsizlik paradiqmasından uzaqlaşaraq çoxvektorlu və realist xarici siyasət xətti qəbul edib. Bu yanaşma Türkiyə baxımından əvvəlki dövrlərlə müqayisədə daha idarəolunan və rasional tərəfdaş profili təqdim edir.

Keçmişdə Rusiyaya yaxın və ya ənənəvi təhlükəsizlik elitalarının üstünlük təşkil etdiyi dövrlərdə Ermənistanın xarici siyasəti çox vaxt maksimalist tələblər, tarixi revizionizm və sülhpərvər olmayan ritorika ilə formalaşırdı. Bu isə Türkiyə-Ermənistan normallaşmasını sistemli şəkildə əngəlləyirdi. Bunun əksinə olaraq, Paşinyanın “Real Ermənistan” vizyonu “sıfır problem” məntiqinə və qarşılıqlı faydaya əsaslanan normallaşma anlayışına daha yaxındır. Seçki kampaniyası dövründə Paşinyanın Azərbaycanla sülh sazişini “müstəqil gündəm” kimi xarakterizə etməsi və Türkiyə ilə “hər cür əməkdaşlığa açıq” mesajları verməsi bu realist xəttin konkret təzahürləridir.

Cənubi Qafqazda mərhələli normallaşma

Prezident Rəcəb Tayyib Ərdoğanın Paşinyanı təbrik etməsi və ikitərəfli görüşlərin davam etməsi Ankaranın bu praqmatik yanaşmaya müsbət münasibətini açıq şəkildə nümayiş etdirir. Ərdoğanın təbrik mesajında vurğuladığı “regionda sülh və sabitlik” ifadəsi Türkiyənin Cənubi Qafqaz siyasətinin əsas istiqamətləri ilə uyğunluq təşkil edir. Lakin normallaşma prosesinin hüquqi və siyasi maneələri də diqqətdən kənarda qalmamalıdır.

Ermənistanın 2015-ci il Konstitusiyasının giriş hissəsində 1990-cı il Müstəqillik Bəyannaməsinə edilən istinadlar, Qarabağın birləşdirilməsi ilə bağlı eyhamlar və Ağrı dağının dövlət simvollarındakı yeri kimi məsələlər mövcuddur. Bu müddəalar Azərbaycanla hərtərəfli sülh sazişinin Konstitusiya Məhkəməsindən keçməsini faktiki olaraq çətinləşdirir və Türkiyə-Ermənistan normallaşmasının qarşısındakı ən mühüm hüquqi maneəni təşkil edir.

Paşinyanın partiyası yekun nəticələrə görə 64 mandat qazansa da, bu rəqəm konstitusiya dəyişikliyi üçün tələb olunan üçdə iki çoxluqdan, yəni 105 yerlik parlamentdə təxminən 70 mandatdan xeyli aşağıdır. Buna görə də konstitusiya islahatı prosesi müxalifət partiyaları, xüsusilə iş adamı Samvel Karapetyanın Güclü Ermənistan Partiyası və sabiq prezident Robert Köçəryanın “Hayastan” İttifaqı ilə uzlaşma və dialoq zərurəti yaradır. Bu isə prosesin daha əhatəli, lakin eyni zamanda daha yavaş və danışıqlara əsaslanan şəkildə irəliləyə biləcəyini göstərir.

Akademik və diplomatik təhlillər fonunda ən real ssenari mərhələli normallaşmadır. 2026-2027-ci illərdə aşağıdakı addımların prioritet olması gözlənilir:

Sərhəd keçid məntəqələrinin mərhələli şəkildə açılması, məhdud keçidlər və “yük daşımaları” formatının genişləndirilməsi, regional səviyyədə birbaşa ticarət və mədəni əməkdaşlıq mexanizmlərinin yaradılması, Cənubi Qafqazda sülh, rifah və əməkdaşlığın əsaslarının qoyulması, Azərbaycan-Ermənistan sülh danışıqları ilə paralel diplomatik koordinasiyanın təmin edilməsi və TRIPP (Zəngəzur dəhlizi-red.) kimi təşəbbüslərlə uyğun addımların atılması.

Burada xüsusi vurğulanmalı məqam Ermənistanın Baş naziri Paşinyanın Zəngəzur dəhlizi üzərində həyata keçirilməsi planlaşdırılan TRIPP təşəbbüsünün Azərbaycan-Ermənistan sülh prosesindən müstəqil olduğunu bildirməsidir.

Bu prosesdə konstitusiya islahatı kritik mərhələ olacaq. Paşinyanın 2027-ci ildə referendum keçirmək hədəfi müxalifətin müqaviməti və aşağı seçici fəallığı riski səbəbindən çətin görünür. Bununla belə, uğurlu islahat davamlı sülhün yolunu aça bilər. Lakin Rusiyanın mümkün müdaxilələri, daxili qütbləşmə və iqtisadi həssaslıqlar risk amilləri olaraq qalmağa davam edəcək.

Nəticə etibarilə, Paşinyanın qələbəsi Cənubi Qafqazda “sülh küləyi”nin güclənməsinə töhfə verib. Ankara-İrəvan münasibətlərində konkret irəliləyiş hər iki tərəfin realist diplomatiya, qarşılıqlı hörmət və regional sabitliyə yönəlmiş yanaşmasından asılıdır. Bu çərçivədə Türkiyə Ermənistanın suverenlik və inkişaf axtarışlarını dəstəkləyərkən, öz milli təhlükəsizlik və regional inteqrasiya prioritetlərini də nəzərə alan balanslı siyasət yürütməyə davam edəcək. Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması isə yalnız bütün tərəflərin məsuliyyət daşıması ilə mümkün olacaq.

Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Hazel Çağan Elbir
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin