NATO-nun Baş katibi Ankara sammiti öncəsi Vaşinqtona səfər edəcək

2026/06/1781727474.jpg
Oxunub: 188     00:15     18 İyun 2026    
NATO-nun Baş katibi Mark Rutte gələn həftə Vaşinqtona səfər edəcək.

Ordu.az “Euronews”a istinadən xəbər verir ki, səfər zamanı Rutte ABŞ rəhbərliyi ilə danışıqlar aparacaq və iyul ayında Ankarada keçiriləcək NATO sammitinə hazırlıq məsələlərini müzakirə edəcək.

Məlumata görə, müttəfiq ölkələr son aylarda ABŞ ilə Avropa dövlətləri arasında yaranmış fikir ayrılıqlarını azaltmağa çalışırlar.

Danışıqların əsas mövzularından biri ABŞ-İran razılaşmasından sonra Hörmüz boğazında gəmiçiliyin sərbəst hərəkətinin bərpası olacaq.

Mark Rutte bildirib ki, Hörmüz boğazında sərbəst keçidin təmin edilməsi mühüm irəliləyiş sayılır və NATO üzvü olan bir çox ölkə Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi təşəbbüsü dəstəkləməyə hazırdır.

Ruttenin səfəri 2026-cı il iyunun 23-25-nə planlaşdırılıb. NATO sammiti isə iyulun 7-8-də Ankarada keçiriləcək.

Məlumata görə, alyans ölkələri sammit zamanı müdafiə xərclərinin artırılması, silah istehsalının genişləndirilməsi və Avropa ölkələri ilə Kanadanın NATO təhlükəsizliyində daha böyük məsuliyyət daşıması məsələlərini müzakirə edəcəklər.

Rutte bildirib ki, NATO-nun əlavə qüvvələrə, daha çox resursa və daha güclü müdafiə sənayesinə ehtiyacı var.

Euronews-un məlumatına görə, NATO ölkələrinin əksəriyyəti artıq Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına yönəlmiş Fransa-Böyük Britaniya əməliyyatına qoşulmağa hazır olduqlarını bəyan ediblər. Bəzi ölkələr regiona freqatlar, minatəmizləmə gəmiləri və hərbi personal göndəriblər.

Sammitin əsas mövzularından biri də müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması olacaq. Məlumata görə, Mark Rutte müttəfiqlərin bu istiqamətdə daha sürətli addımlar atmasını tələb etməyə hazırlaşır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rutte   Ankara   Vaşinqton  


Bizi "telegram"da izləyin