Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ən azı 700 min nəfər artıq öz mövqeyini bildirib” başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, Nikol Paşinyan və ya onun rəhbərlik etdiyi prokurorluq Mərkəzi Seçki Komissiyasına müraciət edərək “Hayastan” blokunun lideri, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın, eləcə də “Güclü Ermənistan” Partiyasından David Qazinyanın və daha üç nəfərin toxunulmazlığının ləğv olunması və onlara qarşı cinayət təqibinin aparılması üçün icazə istəyib.
Nəşrin yazdığına görə, Mərkəzi Seçki Komissiyası bu vəsatətləri təmin edib.
“Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, prokurorluq və ona bağlı hüquq-mühafizə strukturları Nikol Paşinyanın göstərişlərini yerinə yetirmək üçün 22 il əvvəl baş vermiş hansısa sövdələşmə və hökumət qərarını araşdırmağa qədər gediblər. Məqsəd isə bunu Robert Köçəryana qarşı istifadə etməkdir”, - deyə məqalədə bildirilib.
Müəllif qeyd edir ki, söhbət bütün mümkün iddia müddətləri başa çatmış, üstəlik hüquqşünasların fikrincə, cinayət tərkibi daşımayan bir məsələdən gedir.
“Bu, mahiyyət etibarilə boş ittihamdır”, - deyə nəşr vurğulayıb.
Məqalədə daha sonra qeyd olunur ki, ölkənin və cəmiyyətin mövcud vəziyyəti nəzərə alınmasa, bütün bu hüquqazidd proseslər hətta gülünc görünə bilərdi.
Müəllifin fikrincə, baş verənlərin siyasi sifariş və nümayiş xarakterli olduğunu göstərən əsas amillərdən biri də Nikol Paşinyanın son çıxışlarında sərgilədiyi emosional davranışdır.
“Onun dağıtmaq, məhv etmək barədə səsləndirdiyi ifadələr, insanları küçələrə çıxmağa və inqilab etməyə çağırması bunu göstərir. Halbuki insanlar küçələrə çıxacaqlarsa, bu, Paşinyanın çağırışları ilə və ya onun hər şeyi dağıtmaqla bağlı təhdidləri ilə bağlı olmayacaq”, - deyə məqalədə qeyd olunub.
Müəllif hesab edir ki, vətəndaşlar artıq öz mövqelərini seçkilərdə ifadə ediblər.
“Ən azı 730 min nəfər səsvermə yolu ilə “Vətəndaş Müqaviləsi” partiyasını rədd edib. Başqa sözlə, insanlar artıq öz sözlərini deyiblər və bu mövqe ilə hesablaşmaq lazımdır”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu
Ordu.az