Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti “Ermənistan Ombudsmanının hansı əmlakı var?” başlıqlı məqaləsində yazıb.
Nəşr Anahit Manasyanın 2022-2025-ci illər üzrə gəlir və əmlak bəyannamələrini araşdıraraq onun əmlakı, maliyyə vəsaitləri və gəlirləri ilə bağlı məlumatları təqdim edib.
Məqalədə bildirilir ki, 2022-ci ildə Baş prokurorun müavini vəzifəsinə təyin olunarkən Anahit Manasyanın İrəvanın Kanaker-Zeytun inzibati rayonunda yerləşən iki mənzili olub. Mənzillərdən biri onun şəxsi mülkiyyətində olub və 2015-ci ildə əldə edilib, digəri isə ortaq mülkiyyət hesab olunur və 1995-ci ildə alınıb.
“Bundan əlavə, onun 2012-ci il istehsalı olan FORD markalı avtomobili olub. Həmin nəqliyyat vasitəsi 2017-ci ildə əldə edilib.
Bəyannaməyə əsasən, həmin dövrdə onun bank əmanətləri 9 milyon 300 min dram, 9 min 123 avro və 9 min 326 ABŞ dolları təşkil edib. Bank hesablarında isə 16 milyon 401 min dram, 23 min 654 avro və 204 ABŞ dolları olub.
Nağd vəsaitləri 140 min dram, 4 min 750 avro və 6 min 600 ABŞ dolları həcmində göstərilib.
2022-ci ildə Anahit Manasyanın bəyan edilmiş gəlirləri 15,2 milyon dramı ötüb. Ən böyük gəlirlər Ermənistan Məhkəmə Departamentindən, “Çaarat Kapan” şirkətindən, “Avrasiya Əməkdaşlığı” Fondundan və İrəvan Dövlət Universitetindən əldə olunub. Bundan başqa, o, Almaniyanın Beynəlxalq Hüquqi Əməkdaşlıq Fondu, Raul Valenberq İnstitutu və BMT daxil olmaqla müxtəlif beynəlxalq qurumlardan avro və İsveçrə frankı ilə gəlirlər əldə edib”, - deyə müəllif bildirib.
Nəşr vurğulayır ki, 2023-cü ildə Manasyan eyni iki mənzili və FORD markalı avtomobili saxlamaqda davam edib. İl ərzində yeni əmlak və ya nəqliyyat vasitəsi əldə etməyib, həmçinin heç bir əmlak satmayıb. Qiymətli kağızlar, paylar, investisiyalar və ya borc öhdəlikləri barədə məlumat təqdim edilməyib.
2023-cü ilin sonunda onun bank əmanətləri 10 milyon 100 min dram, 9 min 700 ABŞ dolları və 9 min 258,58 avro təşkil edib. Bank hesablarında isə 37 milyon 602 min 726 dram, 288 min 18 dram, 16 min 854,46 avro və 196,67 ABŞ dolları olub.
Məqaləyə görə, 2023-cü ildə Anahit Manasyanın ümumi gəliri 24 milyon 480 min 46 dram təşkil edib. Bunun əsas hissəsi Ombudsman Aparatından aldığı əməkhaqqından formalaşıb.
“2024-cü ildə də onun əmlak vəziyyəti dəyişməyib. İrəvandakı iki mənzil və FORD markalı avtomobil onun mülkiyyətində qalıb. Həmin il ərzində daşınar və ya daşınmaz əmlakın alınması və ya satılması qeydə alınmayıb.
2024-cü ilin sonunda bank əmanətləri 10 milyon 967 min 304,8 drama, 9 min 700 ABŞ dollarına və 9 min 451,58 avroya yüksəlib. Bank hesablarında isə 49 milyon 947 min 342,26 dram, 288 min 18,1 dram, 23 min 909,93 avro və 652,57 ABŞ dolları olub. 2024-cü ildə onun gəlirləri 19 milyon 470 min 330 dram təşkil edib. Bu məbləğin böyük hissəsi İnsan Hüquqları Müdafiəçisi Aparatından və İrəvan Dövlət Universitetindən əldə olunan gəlirlərdən ibarət olub”, - deyə müəllif yazıb.
Məqalədə bildirilir ki, 2025-ci ildə ən diqqətçəkən dəyişiklik borc vəsaiti ilə bağlı olub. Belə ki, Anahit Manasyan “Avanqart İnvest” MMC-yə 31 milyon 292 min dram məbləğində borc verib. 2025-ci ilin sonunda onun bank əmanətləri 11 milyon 890 min 797 dram, 10 min 24 ABŞ dolları və 9 min 621,27 avro təşkil edib. Bank hesablarında isə 31 milyon 850 min 2,55 dram, 288 min 18 dram, 33 min 184,38 avro və 96,08 ABŞ dolları olub.
“Nağd vəsaitləri 200 min dram, 2 min 927 avro və 6 min 680 ABŞ dolları həcmində göstərilib. Ermənistan Ombudsmanının 2025-ci ildəki ümumi gəliri 20 milyon 57 min 425 dram olub. Bunun böyük hissəsini Ombudsman Aparatından aldığı əməkhaqqı təşkil edib.
Beləliklə, araşdırma göstərir ki, 2022-2025-ci illər ərzində Anahit Manasyanın əsas əmlak mənzərəsi dəyişməyib, onun iki mənzili və bir avtomobili olub. Bununla yanaşı, bank əmanətləri və maliyyə vəsaitləri ildən-ilə artıb. 2025-ci ildə isə əlavə olaraq “Avanqart İnvest” MMC-yə verilmiş 31,3 milyon dram məbləğində borc da bəyannamədə əks olunub”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az