“Past”: Ermənistanda seçki pozuntularını necə “həzm etməyə” çalışırlar?

2026/06/1781755742.jpg
Oxunub: 209     08:06     18 İyun 2026    
“Ermənistanın seçki sistemi növbəti ciddi sınaq qarşısındadır. Burada siyasi məqsədəuyğunluğu hüquqi əsaslandırmalarla pərdələməyə çalışırlar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Hüquqi “bespredel”: seçki pozuntularını necə “həzm etməyə” çalışırlar?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, söhbət seçkilərdən sonra yaranmış vəziyyətdən gedir.

“Rəsmi şəkildə ciddi pozuntular qeydə alınsa da, məsul dövlət qurumları onları aradan qaldırmaq əvəzinə, beynəlxalq qurumların hesabatlarını öz istəklərinə uyğun şərh etməklə hərəkətsizliklərinə haqq qazandırmağa çalışırlar. Baş verənlər minlərlə vətəndaşın seçki hüququnu təhlükə altına qoyur və cəzasızlığın ən pis nümunələrindən birinə çevrilə bilər.

Əgər üç seçki məntəqəsində səsvermənin nəticələri rəsmi şəkildə ləğv edilibsə, bu o deməkdir ki, pozuntular əhəmiyyətli xarakter daşıyıb və seçkilərin yekun nəticələrinə birbaşa təsir göstərib. Belə hallarda seçki orqanı nəticələrin doğurduğu fəsadları aradan qaldırmaq üçün konkret addımlar atmağa borcludur. Seçki Məcəlləsinin 101-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyasının qarşısında yalnız iki seçim var: ya həmin məntəqələrdə qismən təkrar səsvermə keçirilməli, ya da ümumi yeni seçkilər təyin edilməlidir.

Burada əsas və prinsipial məqam ondan ibarətdir ki, Mərkəzi Seçki Komissiyası icraedici və təşkilati orqandır. Onun əsas vəzifəsi qanunun tələblərini qeyd-şərtsiz yerinə yetirməkdir, qanunu öz mülahizəsinə və ya siyasi məqsədəuyğunluğa uyğun şərh etmək deyil. Seçki orqanı hüquqi normaları şəxsi mülahizələri əsasında dəyişdirməyə imkan verən qanunvericilik və ya diskresion səlahiyyətlərə malik deyil”, - deyə məqalədə vurğulanıb.

Nəşr qeyd edir ki, buna baxmayaraq, Mərkəzi Seçki Komissiyası öz hərəkətsizliyinə haqq qazandırmaq üçün Venesiya Komissiyasının 2025-ci il tarixli təcili hesabatına istinad edir.

“Onların arqumenti belədir: əgər yalnız bir neçə məntəqədə təkrar səsvermə keçirilsə, seçicilər artıq ümumi mənzərəni biləcəklər və taktiki hesablamalarla səs verə bilərlər. Buna görə də qismən təkrar səsvermə düzgün vasitə hesab edilmir. Lakin bu, sırf hüquqi manipulyasiyadır”, - deyə məqalədə bildirilir.

Müəllif vurğulayır ki, Venesiya Komissiyası heç vaxt məntəqə üzrə təkrar səsvermənin problemli olması halında pozuntuların nəticəsiz qalmalı olduğunu deməyib. Əksinə, beynəlxalq qurumun məntiqinə görə, seçkilərdə baş verən hər bir ciddi pozuntu effektiv hüquqi reaksiya ilə müşayiət olunmalıdır.

“Əgər məntəqə üzrə təkrar səsvermə ədalətli nəticəni təmin etmirsə, qanunda nəzərdə tutulan ikinci yol, yəni yeni seçkilərin keçirilməsi qalır. Mərkəzi Seçki Komissiyasının pozuntunu qeydə alıb, nəticələri isə dəyişmədən saxlamaq kimi “üçüncü yol” uydurmaq hüququ yoxdur”, - deyə nəşr yazıb.

Məqalədə qeyd olunur ki, hüquq sistemində pozuntunun nə qədər ağır olması və onun nəticələrinin aradan qaldırılmasının nə qədər çətinləşməsi ilə məsuliyyətdən yayınma imkanlarının artması kimi absurd qayda mövcud ola bilməz. Pozuntunun miqyası cəzasızlığın təminatına çevrilməməlidir.

Nəşr diqqətə çatdırır ki, Mərkəzi Seçki Komissiyasının istinad etdiyi Venesiya Komissiyasının hesabatı Rumıniyada 2024-cü ildə keçirilmiş seçkilərlə bağlı hazırlanıb. Həmin vaxt Rumıniya Konstitusiya Məhkəməsi pozuntuların ağırlığını nəzərə alaraq seçkilərin nəticələrinin tam ləğvi yolunu seçmişdi.

“Beləliklə, Mərkəzi Seçki Komissiyası istinad etdiyi sənədlə əslində öz mövqeyinin əksini sübut edir. Hazırda Konstitusiya Məhkəməsi qarşısında prinsipial məsələ dayanır: Ermənistanda seçicinin səsi qorunur, yoxsa siyasi məqsədəuyğunluğun qurbanına çevrilə bilər?

Ali məhkəmə qanunu öz mülahizəsinə uyğun şəkildə kənara qoya və ya təxminən 3400 vətəndaşın konstitusion seçki hüququndan məhrum edilməsini qanuniləşdirə bilməz. Əgər məhkəmə Mərkəzi Seçki Komissiyasının bu mövqeyini qəbul etsə, gələcək üçün təhlükəli presedent yaranacaq. Belə ki, hakimiyyət üçün siyasi baxımdan əlverişsiz olan istənilən seçki pozuntusu nəticəsiz qala biləcək. Bu, artıq adi seçki mübahisəsi deyil, dövlət institutlarının dayanıqlılığı və konstitusiya quruluşu məsələsidir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin