SİNARİT: Böyük Ölçülü İnsansız Sualtı Platforma

2026/06/1781695948.jpg
Oxunub: 290     15:31     17 İyun 2026    
Türkiyə müdafiə sənayesində əldə etdiyi insansız sistemlər sahəsindəki yüksəlişi dərin sulara da daşıyır. Qabaqcıl avtonom imkanları və modul quruluşu ilə diqqət çəkən SİNARİT “Böyük Ölçülü İnsansız Sualtı Platforması” (LUUV) sinfinə məxsus sistem kimi döyüş meydanındakı qüvvələr balansını dəyişdirməyə hazırlaşır. Sıfır personal riski ilə əməliyyat apara bilən bu nəhəng platforma asimmetrik döyüş qabiliyyəti ilə “Sualtı Yeni Dövr”ün öncüsü kimi xarakterizə olunur.

“Mavi Vətən”in Səssiz və Ağıllı Mühafizəçisi

SİNARİT sadəcə bir sualtı platforması deyil; süni zəka və qabaqcıl avtonom sistemlərlə təchiz edilmiş, müstəqil qərarlar qəbul edə bilən strateji güc artırıcısıdır. Uzunluğu 11,5 metr, subasımı qabiliyyəti isə 18 metrik ton olan nəhəng korpusu 40 futluq konteynerlərdə daşına biləcək şəkildə optimallaşdırılıb. Bu xüsusiyyət SİNARİT-in dünyanın istənilən nöqtəsinə logistika baxımından asanlıqla göndərilməsinə və gizli şəkildə əməliyyat zonasına çatdırılmasına imkan yaradır.

Texniki Qabiliyyətlər və Performans

Gücünü təhlükəsiz və uzunömürlü LiFePO batareya texnologiyasından alan platforma 30 kVt gücündə elektrik mühərriki sistemi ilə səssiz şəkildə hərəkət edir.

Sürət: 4 düyün standart sürət, 8 düyün şnorkel rejimində sürət və maksimum 12 düyün sürət.

Dərinlik: Standart olaraq 100 metrdən artıq dərinliyə enə bilən platforma, əlavə seçim olaraq 2000 metrə qədər təzyiqə davamlılıq təmin edə bilir.

Mənzil: Şnorkel dəstəyi ilə 400 dəniz milindən artıq əməliyyat məsafəsi.

Rabitə: VHF, HF və fasiləsiz idarəetməni təmin edən SATCOM sistemləri.

Bir Platforma, Onlarla Tapşırıq: Modul Faydalı Yük

SİNARİT-i analoqlarından fərqləndirən ən mühüm xüsusiyyət taktiki çeviklik təmin edən dəyişdirilə bilən faydalı yük modullarıdır. Tapşırığa uyğun olaraq bir neçə dəqiqə ərzində yenidən konfiqurasiya edilə bilən platforma sanki sualtı arsenalını xatırladır:

Tapşırıq Növü - Faydalı Yük Tutumu

Hücum və Zərbə - 2 ədəd idarəolunan mərmi və ya qanadlı raket
Pilotsuz Uçuş Aparatı Daşıyıcısı - 40 ədəd FPV və ya 40 ədəd sabit qanadlı “gəzən sursat”
Müdafiə və Mina - 12 ədəd dəniz minası və ya hava hücumundan müdafiə raketi
Atəş Gücü - 30 mm avtomatik top və 250 ədəd yüksək partlayış qabiliyyətli sursat
Kəşfiyyat (ISR) - Elektro-optik sensor paketi, SAS + ROV ilə mina əleyhinə döyüş imkanları


Təşəbbüs Artıq SİNARİT-dədir

Xərc baxımından səmərəli konstruksiyası ilə aşağı büdcəli, lakin yüksək təsir gücünə malik əməliyyatların həyata keçirilməsinə imkan yaradan SİNARİT GNSS, INS və DVL dəstəkli dəqiq naviqasiya sistemi vasitəsilə dəniz dibində qüsursuz şəkildə marşrut izləyir. Döyüş meydanını nəzarət altında saxlayaraq təşəbbüsü düşməndən almağı hədəfləyən bu texnologiya Türkiyənin dənizlərdə mütləq üstünlük baxışının ən konkret nümunələrindən biri kimi tarixə düşür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SİNARİT   Türkiyə   LUUV  


Bizi "telegram"da izləyin