Ordu.az xəbər verir ki, bu müqavilələr insanlı döyüş təyyarələri ilə birlikdə fəaliyyət göstərəcək yarı avtonom pilotsuz döyüş təyyarələrinin sürətlə xidmətə qəbul edilməsi istiqamətində mühüm addım hesab olunur.
Proqram çərçivəsində “General Atomics” tərəfindən hazırlanan FQ-42 və “Anduril” tərəfindən hazırlanan FQ-44 platformaları üçün mühəndislik, istehsalın inkişafı və seriyalı istehsal müqavilələri imzalanıb.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, planlaşdırılandan dörd ay əvvəl verilən müqavilələr hər iki platformanın mürəkkəb əməliyyat tələblərinə cavab verdiyini və tammiqyaslı istehsala hazır olduğunu göstərir.
Aparılan qiymətləndirmələr nəticəsində FQ-42 və FQ-44 platformalarının getdikcə mürəkkəbləşən təhdid mühitində hava üstünlüyünün qorunması üçün xərc baxımından səmərəli və əməliyyat baxımından uyğun həllər təqdim etdiyi bildirilib.
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meynk bildirib ki, rəqabətli seçim prosesindən tammiqyaslı istehsala sürətli keçid yarı avtonom sistemlərin daha qısa müddətdə əməliyyat istifadəsinə verilməsinə imkan yaradır.
Onun sözlərinə görə, bu müqavilələr onilliyin sonuna qədər 150-dən çox döyüş qabiliyyətli CCA platformasının tədarük ediləcəyi ilə bağlı gözləntiləri gücləndirir.
ABŞ Hərbi Hava Qüvvələri missiya avtonomiyası proqram təminatlarının hazırlanması üçün altı şirkəti əhatə edən ayrıca müqavilə paketi də formalaşdırıb. Proqramda “Anduril”, “General Atomics”, “Lockheed Martin”, “Northrop Grumman”, “RTX Collins Aerospace” və “Shield AI” iştirak edəcək.
Qurum proqram təminatı ilə aparat hissəsinin ayrıldığı yeni yanaşmanı “proqram təminatı ayrıca satılır” modeli kimi xarakterizə edib. Bu yanaşmanın missiya proqramlarının daha sürətli yenilənməsinə imkan verəcəyi vurğulanıb.
İlk mərhələdə “Anduril”, “RTX Collins Aerospace” və “Shield AI” şirkətlərinə əlavə istehsal seçimləri təqdim olunaraq missiya avtonomiyası proqramlarının daha sürətli inkişaf etdirilməsi planlaşdırılır.
Proqram çərçivəsində altı aylıq iki rəqabətli inkişaf mərhələsi həyata keçiriləcək. Birinci mərhələnin sonunda şirkətlərin fəaliyyət göstəriciləri qiymətləndiriləcək və növbəti mərhələyə keçid müəyyən ediləcək. CCA Increment 1 proqramı üzrə əsas missiya avtonomiyası təminatçısının 2027-ci ilin yayında seçilməsi nəzərdə tutulur.
ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Ken Uilsbax bildirib ki, CCA sistemləri gələcəyin hava əməliyyatlarının əsas elementlərindən birinə çevriləcək.
Onun sözlərinə görə, bu platformalar yüksək təhdidli mühitlərdə qüvvə proyeksiyası və qüvvə sıxlığının yaradılması anlayışını dəyişdirir və bu imkanların daha sürətlə qoşunlara çatdırılması taktiki üstünlüyün qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
ABŞ uzunmüddətli perspektivdə təxminən 1000 döyüş qabiliyyətli CCA platformasını inventarına daxil etməyi planlaşdırır. Açıq Sistem Arxitekturası yanaşması sayəsində missiya proqram təminatlarının müxtəlif platformalara asan inteqrasiyası və gələcək sistemlərə ötürülməsi nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az