ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

2026/06/1781757174.jpg
Oxunub: 214     08:35     18 İyun 2026    
ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr, kəşfiyyat və silahlı qüvvələr komitələrinin yüksək vəzifəli üzvləri İranla imzalanmış anlaşma memorandumu ilə bağlı Dövlət Departamentindən daha ətraflı məlumat tələb ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Konqresmenlər Qreq Miks, Cim Hayms və Adam Smit ABŞ dövlət katibi Marko Rubiyoya ünvanladıqları üç səhifəlik məktubda administrasiyanın diplomatiyaya qayıdışını və müharibəni dayandırmaq qərarını alqışladıqlarını, lakin Konqresə daha geniş məlumat təqdim edilməsinin vacib olduğunu bildiriblər.

Qanunvericilər İranla bağlı anlaşma memorandumunun tam mətninin, onunla əlaqəli bütün əlavə sazişlərin və icra mexanizmlərinin təqdim olunmasını tələb ediblər. Həmçinin administrasiyanın İranla danışıqlar aparmaq və gələcək razılaşmaya nail olmaq strategiyası barədə ətraflı məlumat verilməsi istənilib.

Konqres üzvləri İranın ballistik proqramına və Yaxın Şərqdəki digər qüvvələrə göstərdiyi dəstəyə qarşı hər hansı məhdudiyyətlərin nəzərdə tutulub-tutulmadığının da aydınlaşdırılmasını tələb ediblər.

Bundan əlavə, onlar İranın dondurulmuş aktivləri və sanksiyaların yumşaldılması ilə bağlı ABŞ administrasiyasının hansı öhdəlikləri üzərinə götürdüyünün izah edilməsini istəyiblər.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqot isə nəşrə açıqlamasında bildirib ki, prezident administrasiyası Konqresi mütəmadi olaraq məlumatlandırır və “şəffaf məlumatları birbaşa Amerika xalqına təqdim edir”.

ABŞ Senatında bəzi demokrat senatorlar da Vaşinqtonla Tehran arasında imzalanmış memoranduma skeptik yanaşıblar.

Senatdakı azlıq lideri Çak Şumer jurnalistlərə açıqlamasında Donald Trampın danışıqlar prosesini uğursuz idarə etdiyini bildirib. Onun fikrincə, ABŞ-nin mövqeyi müharibədən əvvəlki dövrlə müqayisədə daha da zəifləyib.

Senator Mark Uorner vurğulayıb ki, bu memorandum Vaşinqtonun qələbəsi kimi təqdim edilə bilməz. Riçard Blumental isə sazişi “ABŞ-nin qeyd-şərtsiz kapitulyasiyası” adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Konqres   İran  


Bizi "telegram"da izləyin