Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri “Ədliyyə Nazirliyi Artur Qazinyanın partiyasının qeydiyyatını rədd edib” başlıqlı məqaləsində yazıb.
Nəşrin məlumatına görə, sözügedən siyasi qüvvənin dövlət qeydiyyatı üçün təqdim etdiyi müraciət Dövlət Reyestrinin rəhbəri tərəfindən rədd edilib.
Nazirlik bildirib ki, rədd qərarının əsası “Partiyalar haqqında” qanunun 11-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndi olub. Həmin müddəaya əsasən, partiyanın təsisçilərinin sayı qanunun tələblərinə uyğun olmadıqda və ya təsis qurultayında partiyanın yaradılması, proqramının qəbulu, nizamnaməsinin təsdiqi, rəhbər və ya nəzarətedici orqanların formalaşdırılması barədə qərarlar qəbul edilmədikdə, yaxud daimi fəaliyyət göstərən rəhbər orqanın rəhbəri seçilmədikdə qeydiyyat rədd edilə bilər.
“Yəni ya partiyanın təsisçilərinin sayı qanunun tələblərinə uyğun olmayıb, ya da təsis qurultayında qanunla nəzərdə tutulmuş vacib qərarlar qəbul edilməyib”, - deyə nəşr qeyd edib.
Məqalədə xatırladılır ki, Artur Qazinyan əvvəllər “Hayastan” fraksiyasının deputatı olub, lakin sonradan deputat mandatından imtina edib. Bu yaxınlarda onun qardaşı David Qazinyan “Güclü Ermənistan” Partiyasının siyahısı ilə parlamentə deputat seçilib.
“Ədliyyə Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, siyasi partiyaların dövlət qeydiyyatından imtina edilmiş müraciətləri siyahısında yalnız bir siyasi qüvvə yer alıb. Həmin siyasi qüvvə isə hüquqşünas ailəsi ilə bağlıdır. Artur Qazinyan hüquq elmləri namizədi, dosentdir və 2006-cı ildən etibarən İrəvan Dövlət Universitetində Avropa Araşdırmaları Mərkəzinin yaradıcılarından biri olub və ona rəhbərlik edib”, - deyə nəşr bildirib.
“Joğovurd” qəzetinə açıqlama verən Artur Qazinyan qeyd edib ki, “Vahid Ermənistan” Partiyası artıq çoxdan ləğv olunub və hüquqi baxımdan mövcud deyil.
“Biz seçkilərdə iştirak etmək üçün müraciət etməmişik, qeydiyyat ərizəsi təqdim etməmişik və ümumiyyətlə belə bir məsələmiz yoxdur”, - deyə o bildirib.
Qazinyan əlavə edib ki, partiyanın ləğv edilməsinin əsas səbəbi onun siyasi passivliyi olub.
Alpər Mövludoğlu
Ordu.az