Ordu.az xəbər verir ki, Türkiyənin “EMR Group” şirkəti ilə Portuqaliyanın “Beyond Vision” texnologiya şirkəti arasında “ILA Berlin 2026” sərgisində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Məlumata görə, Avropa müdafiə bazarında insansız sistemlər və avtonom texnologiyalar sahəsində rəqabəti yeni mərhələyə daşıyan anlaşma çərçivəsində iki şirkət Almaniya başda olmaqla Avropa üzrə kritik infrastruktur layihələrində birgə fəaliyyət göstərəcək.
“ILA Berlin 2026” sərgisi çərçivəsində keçirilən görüşlər zamanı rəsmiləşdirilən əməkdaşlıq sənədi “EMR Group”un Biznesin İnkişafı üzrə meneceri Emrullah Görsoy və “Beyond Vision” şirkətinin Satış direktoru Pedro Meireles Figueiredo tərəfindən imzalanıb.
Tərəflərin məqsədi Avropa müdafiə və aviasiya sektorunda mövqelərini gücləndirməkdir. Razılaşma xüsusilə insansız sistemlərin kritik infrastruktur layihələrində tətbiqinə və bu proseslər üçün tələb olunan inteqrasiya edilmiş təchizat zənciri həllərinə yönəlib.
Əməkdaşlığın əsas istiqamətlərindən biri “Beyond Vision”un hava platformalarının “EMR Group”un mühəndislik infrastrukturu ilə birləşdirilərək əməliyyat imkanlarının artırılmasıdır.
Bu çərçivədə tərəflər Avropa bazarında artan təhlükəsizlik tələblərinə uyğun xüsusi həllər təqdim etməyi, eyni zamanda “EMR Group”un aviasiya və müdafiə sənayesindəki logistika və istehsal şəbəkəsindən istifadə edərək birgə layihələrin icrasını sürətləndirməyi planlaşdırırlar.
“EMR Group” nümayəndələri bildiriblər ki, şirkətin Türkiyədə həyata keçirdiyi yeni istehsal investisiyaları istehsal gücünü artırıb və bu əməkdaşlıq beynəlxalq bazarlardakı fəaliyyətin genişləndirilməsi istiqamətində mühüm addımdır.
“Beyond Vision” isə inkişaf etdirdiyi avtonom həllərlə Avropa müdafiə sənayesinin ehtiyaclarına cavab verən texnologiya tərəfdaşı mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.
Şirkət nümayəndələri vurğulayıblar ki, imzalanmış Memorandum yalnız kommersiya əməkdaşlığı deyil, həm də müdafiə və aviasiya sektorunun texniki tələblərinə cavab verəcək uzunmüddətli tərəfdaşlıqdır.
Onların sözlərinə görə, yaxın dövrdə konkret layihələrin həyata keçirilməsi üçün işlər daha da intensivləşdiriləcək.
Sevinc Əliyeva
Ordu.az