Avstraliyada 19 ölkənin iştirak edəcəyi “Pitch Black” hərbi hava təlimləri keçiriləcək

2026/06/1781605553.jpg
Oxunub: 194     14:18     16 İyun 2026    
Avstraliya materikin şimal hissəsində 19 ölkədən hərbçilərin də iştirak edəcəyi “Pitch Black 2026” beynəlxalq hərbi hava təlimlərini keçirəcək. Təlimlərə 100-dən çox təyyarə cəlb olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər iyulun 20-dən avqustun 7-dək keçiriləcək. Onlarda Böyük Britaniya, ABŞ, İndoneziya, Hindistan, İspaniya, Kanada, Malayziya, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Cənubi Koreya, Sinqapur, Tailand, Fici, Filippin, Finlandiya, Fransa, İsveç, Yaponiya və Bruneydən hərbçilər iştirak edəcəklər.

Müdafiə qurumunun açıqlamasında qeyd olunub ki, “Pitch Black” Avstraliya Kral Hərbi Hava Qüvvələrinin ən böyük beynəlxalq təlimidir. Manevrlər zamanı iştirakçılar dünyanın ən böyük hərbi poliqonlarından birində döyüş şəraitinə maksimum yaxın şərtlərdə fəaliyyətlər icra edəcəklər.

Avstraliya Kral Hərbi Hava Qüvvələrinin nümayəndəsi Mett Makkormak bildirib ki, birgə hazırlıq “Avstraliyanın müttəfiqləri və tərəfdaşları arasında qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltməyə” imkan verəcək.

Onun sözlərinə görə, “Pitch Black 2026” təlimləri həm Avstraliyanın, həm də bütövlükdə regionun hazırlığı və kollektiv təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, mürəkkəb ssenarilər üzrə birgə təlimlər birlikdə fəaliyyət göstərmək imkanlarını artırır və regionda sabitliklə təhlükəsizliyin qorunmasına sadiqliyi nümayiş etdirir.

Təlimlər çərçivəsində Şimal Ərazisinin sakinləri üçün də açıq tədbirlər nəzərdə tutulub. Darvində hərbi aviasiyanın nümayiş uçuşları təşkil ediləcək, Avstraliya Kral Hərbi Hava Qüvvələrinin bazası isə ziyarətçilərin üzünə açıq olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Təlim  


Bizi "telegram"da izləyin