Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşrində dərc olunan “Ermənistanı ağır günlər gözləyir” sərlövhəli məqalədə qeyd olunub.
Məqalədə bildirilir ki, Avropada Ermənistan məhsullarını heç kim gözləmir. Müəllifin fikrincə, Avropa öz iqtisadiyyatı və istehsal etdiyi məhsulların satışı ilə bağlı problemləri həll etməkdə çətinlik çəkdiyi halda, Ermənistan iqtisadiyyatının problemlərini həll etməsi real görünmür.
“Yaranmış vəziyyət Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub. Hakimiyyət bunu müvəqqəti hesab etsə də, iqtisadiyyat və biznes böyük itkilərlə üzləşir. Bu proses nəticəsində yaranacaq zərərləri heç bir hakimiyyət tam şəkildə kompensasiya etmək iqtidarında deyil. Əgər biznes öz problemlərini çox qısa müddətdə həll etməsə, dövlət büdcəsi bunun öhdəsindən gələ bilməyəcək”, - deyə məqalədə vurğulanır.
Nəşr qeyd edir ki, hazırda biznesin bu problemləri həll etmək imkanları məhduddur və bunun üçün vaxt, bəzən isə uzun müddət tələb olunur. Halbuki kənd təsərrüfatı məhsulları alternativ bazarlar açılanadək gözləyə bilməzdi. Müəllif hesab edir ki, alternativ bazarların yaradılması barədə əvvəldən düşünülməli idi.
“Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının demək olar ki, bütün çeşidləri bazarını itirib. Digər ölkələrə, o cümlədən Avropa İttifaqına ixrac isə çox məhdud həcmdə qalır. Avropa İttifaqı bazarında Ermənistan məhsulları ciddi rəqabət problemləri ilə üzləşir.
Qiymət-keyfiyyət nisbəti Ermənistan məhsullarını rəqabətdən kənarda qoyur. Hətta subsidiyalar belə bu problemi aradan qaldırmağa və Avropa İttifaqı bazarında nəzərəçarpacaq yer tutmağa kifayət etmir”, - deyə məqalədə qeyd olunur.
Müəllif əlavə edir ki, istehsalın kiçik həcmi də məhsulların maya dəyərinə, rəqabət qabiliyyətinə və tələbatın ödənilməsinə mənfi təsir göstərir.
“Bu problemlərin həlli illər tələb edir. Hakimiyyət isə bu işi görməyib və öz siyasəti ilə iqtisadiyyatı zərbə altına qoyub. Bir tərəfdən əsas ixrac bazarından məhrum edib, digər tərəfdən isə alternativ yaratmayıb”, - deyə məqalədə bildirilir.
Nəşrdə Avropa İttifaqına ixracın ilin sonuna qədər 4-5 dəfə artırılacağı barədə səsləndirilən bəyanatlar da tənqid edilir.
“Belə açıqlamalar məsuliyyətsizdir və onların reallaşacağına dair heç bir əsas yoxdur. Son dövrlərdə Ermənistanın Avropa İttifaqına ixracında müəyyən artım müşahidə olunsa da, bunun Ermənistan məhsullarının yeni bazarlara yönləndirilməsi ilə ciddi əlaqəsi yoxdur.
Bu il Avropa İttifaqı ölkələrinə ixrac artsa da, bu əsasən metalların ixrac həcminin və qiymətlərinin yüksəlməsi hesabına baş verib. Digər məhsulların ixracı isə əvvəlki kimi aşağı səviyyədə qalır”, - deyə nəşr yazır.
Məqalədə bildirilir ki, müəyyən ölkələrə ixrac rüsumlarının subsidiyalaşdırılması qərarından sonra da bu göstəricilər demək olar ki, dəyişməyib və Rusiya qazının bahalaşacağı təqdirdə vəziyyətin yaxşılaşacağı gözlənilmir.
Nəşr hakimiyyətə yaxın iş adamı Xaçatur Sukiasyanın Rusiya qazından daha ucuz qaz alınması imkanları barədə açıqlamalarını da tənqid edib.
“Mümkün qaz bahalaşması ilə bağlı müzakirələr fonunda hakimiyyətə yaxın oliqarx Xaçatur Sukiasyanın daha ucuz qaz mənbələrinin mövcudluğundan danışması ictimaiyyəti və biznesi çaşdırmaq cəhdidir. O iddia edir ki, üçüncü bir ölkə Ermənistana qaz satmağa hazırdır, lakin həmin ölkənin adını açıqlamır və yalnız bunun Azərbaycanın olmadığını bildirir”, - deyə məqalədə qeyd olunur.
Müəllif hesab edir ki, burada sirli heç nə yoxdur və söhbət Türkmənistan qazından gedir.
“Türkmənistan qazı ilə bağlı müzakirələr yeni deyil. Bu məsələ onilliklərdir müzakirə olunur, lakin hələ də nəticə yoxdur və yaxın perspektivdə nəticə əldə ediləcəyinə dair ümidlər də zəifdir. Hətta belə bir nəticə əldə olunsa belə, bu qaz Rusiya qazına alternativ ola bilməz”, - deyə nəşr vurğulayır.
Məqalədə qeyd olunur ki, söhbət İran ərazisindən “svop” mexanizmi vasitəsilə Türkmənistan qazının idxalından gedir.
“Əgər illər ərzində bu istiqamətdəki problemlər həll edilməyibsə, regionda mövcud olan gərgin vəziyyət fonunda onların indi həll ediləcəyini düşünmək çətindir. Üstəlik, problemlər yalnız iqtisadi, maliyyə və logistik deyil, həm də siyasi xarakter daşıyır və Türkmənistanla İran arasındakı münasibətlərlə bağlıdır”, - deyə müəllif qeyd edir.
Məqalədə vurğulanır ki, bütün problemlər aradan qaldırılsa belə, bu marşrut Rusiya qazını əvəz edə bilməz.
“Nəzəri baxımdan Ermənistan Türkmənistandan ildə maksimum 600 milyon kubmetr qaz ala bilər. İrandan gələn qaz kəmərinin imkanları bundan artıq deyil. Həmin qaz kəmərinin ötürmə qabiliyyəti təxminən 1-1,1 milyard kubmetrdir və bunun 400-500 milyon kubmetri artıq qaz-elektrik enerjisi mübadiləsi çərçivəsində İran qazı ilə istifadə olunur”, - deyə məqalədə bildirilir.
Nəşr əlavə edir ki, bu həcm Ermənistanın daxili tələbatının yalnız kiçik hissəsini ödəyə bilər.
“Üstəlik, həmin qazın Ermənistana çatana qədər hansı qiymətə başa gələcəyi də məlum deyil”, - deyə müəllif vurğulayır.
Məqalədə Xaçatur Sukiasyanın Ermənistanda qaz tariflərinin yüksək olmasından şikayət etməsi də tənqid olunur.
“O bildirir ki, Ermənistan dünyada qazın sərhəddəki qiyməti ilə müqayisədə istehlakçıya 120 faiz baha çatdırıldığı yeganə ölkədir. Lakin unudur ki, daxili qaz tariflərini nə qaz təchizatçısı ölkə, nə “Qazprom Ermənistan”, nə də istehlakçılar müəyyən edir. Bu tarifləri hakimiyyət və ona tabe olan Tənzimləmə Komissiyası müəyyən edir”, - deyə məqalədə qeyd olunur.
Müəllif hesab edir ki, dolların dəyərinin 25 faiz azalmasına baxmayaraq, qaz tariflərinin endirilməməsi nəticəsində vətəndaşların cibindən milyardlarla dram çıxarılıb.
“Hazırda əhali üçün qazın qiyməti sərhədə daxil olan Rusiya qazının qiymətindən 2,3 dəfə yüksəkdir. Əgər sabah Ermənistan güzəştli Rusiya qazından məhrum olarsa, vətəndaşlar indiki ilə müqayisədə xeyli yüksək məbləğ ödəməli olacaqlar. Hazırda min kubmetri təxminən 170 dollara alınan qaz üçün istehlakçılar 390 dollara və ya 143,7 min drama yaxın vəsait ödəyirlər. İdxal olunan qazın qiyməti iki dəfə artsa, ödənişlərin hansı həddə çatacağını təsəvvür etmək çətin deyil”, - deyə məqalədə vurğulanır.
Nəşrin fikrincə, belə bir vəziyyət həm iqtisadiyyatın, həm də istixana təsərrüfatlarının fəaliyyətinə ciddi təsir göstərə bilər.
“Bu halda iqtisadiyyatın nə qədər davam gətirə biləcəyi və istehlakçıların artan xərcləri necə qarşılayacağı ciddi sual olaraq qalır”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az