Mərkəzi Kəşfiyyat İdarəsi İranın nüvə məsələsində güzəştə getməyəcəyini hesab edir

2025/12/1767067598.jpg
Oxunub: 197     10:15     16 İyun 2026    
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff ABŞ Prezidenti Donald Trampa İranın əldə olunmuş razılaşmalara baxmayaraq vəd edilən nüvə güzəştlərinə əslində getməyəcəyi barədə məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Trampa və administrasiyanın digər yüksəkvəzifəli nümayəndələrinə bildirib ki, ABŞ kəşfiyyat xidmətlərinin topladığı əməliyyat məlumatları Tehranın yekun razılaşma çərçivəsində nüvə proqramı üzrə öhdəliklərini yerinə yetirməyə hazır olması ilə bağlı ciddi şübhələr yaradır.

“Məlumatlar göstərir ki, İranın niyyətləri razılaşma üzrə götürdüyü öhdəliklərlə üst-üstə düşmür”, - deyə mənbələrdən biri bildirib.

O əlavə edib ki, ötən bazar günü qarşılıqlı anlaşma memorandumunun yekun razılaşdırılmasının elan edilməsindən əvvəl keçirilən görüşlərdə Tramp və komandası bir neçə ABŞ kəşfiyyat qurumu tərəfindən toplanmış məlumatları müzakirə edib. Həmin məlumatlar göstərib ki, İran rəsmilərinin razılaşmanı öz aralarında müzakirə etmə tərzi onların vasitəçilərə və ABŞ-yə dedikləri ilə uyğun gəlməyib.

Mənbələr qeyd ediblər ki, bu daxili müzakirələr zamanı dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset narahatlıqlarını ifadə edərək qarşılıqlı anlaşma memorandumuna şübhə ilə yanaşıblar. ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezidentin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner isə sənədin qəbul edilməsinin tərəfdarı olublar.

“Axios”un məlumatına görə, Vens, Uitkoff və Kuşner cümə günü İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə görüşməyi planlaşdırırlar. Görüşdə qarşılıqlı anlaşma memorandumuna uyğun olaraq razılaşdırılmalı olan sülh sazişinin hazırlanmasının növbəti mərhələləri müzakirə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   MKİ  


Bizi "telegram"da izləyin