Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşrində dərc olunan “Növbəti uğursuzluq: Büdcə bunun nəticəsində nə qədər vəsait itirib?” sərlövhəli məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, hakimiyyət nümayəndələri kölgə iqtisadiyyatında dövr edən vəsaitlərin büdcəyə cəlb edilməsi, əvvəlki dövrlərdə mənimsənildiyi iddia olunan vəsaitlərin geri qaytarılması barədə uzun-uzadı çıxışlar etsələr də, vergi gəlirlərinin səviyyəsini cəmi 1,1 faiz bəndi artırmağa nail olublar.
“2021-ci illə müqayisədə vergi-ÜDM nisbətində 1,1 faiz bəndi yaxşılaşma əldə etmişik ki, bunun da 0,6 faiz bəndi 2025-ci ildə qeydə alınıb”, - deyə Ermənistanın maliyyə naziri bildirib.
Məqalə müəllifinin fikrincə, bu göstərici kölgə iqtisadiyyatına qarşı mübarizənin effektivliyini əks etdirir.
“Buraya kölgədə dövr edən vəsaitlərin büdcəyə cəlb edilməsi və mənimsəmələrin qarşısının alınması daxildir. Lakin göstəricidə nəzərəçarpacaq dəyişiklik baş verməyib.
İqtisadiyyat böyüdüyü halda hakimiyyət həmin artıma uyğun səviyyədə vergi toplaya bilmirsə, bu, artımın müəyyən hissəsinin kölgədə qalması, vergi inzibatçılığının yetərli olmaması və dövlət büdcəsinin yükünün qanuni fəaliyyət göstərən vətəndaşların və biznes subyektlərinin üzərinə düşməsi deməkdir.
Son 4 ildə Ermənistanda vergi gəlirlərinin yığılması üzrə orta illik yaxşılaşma cəmi 0,27 faiz bəndi təşkil edib. Bu göstərici hətta hakimiyyətin tez-tez tənqid etdiyi əvvəlki hökumətlər dövründə qeydə alınan nəticələrdən də aşağıdır.
Onlar vergi-ÜDM nisbətini 25 faizə çatdıracaqlarına söz vermişdilər. Lakin göstəricini yalnız 24,1 faizə yüksəldə biliblər və nəticədə 0,9 faiz bəndi həcmində geriqalma yaranıb. Bunun nəticəsində büdcəyə on milyardlarla dram daxil olmayıb. Amma buna görə heç kim məsuliyyət daşımır”, - deyə məqalədə bildirilir.
Müəllif xatırladır ki, vergi yığımının səmərəliliyi nominal ifadədə nə qədər vergi toplandığı ilə deyil, ÜDM-ə nisbətdə nə qədər vergi generasiya edildiyi ilə ölçülür.
Məqalədə qeyd olunur ki, hökumətin “irəliləyişi” məhz bu sahədə zəif olub. Son 4 ildə vergi-ÜDM nisbətində cəmi 1,1 faiz bəndi artım qeydə alınıb ki, bunun da 0,6 faiz bəndi ötən ilin payına düşür. Bundan əvvəlki 3 ildə isə göstərici cəmi 0,5 faiz bəndi yüksəlib.
“Bəzi illərdə vergi yığımının effektivliyi hətta aşağı düşüb, kölgə iqtisadiyyatı isə genişlənib. Məsələn, 2024-cü il büdcəsində təxminən 0,75 faiz bəndi yaxşılaşma vəd olunurdu, lakin faktiki olaraq azalma baş verdi”, - deyə məqalədə vurğulanır.
Müəllif hesab edir ki, hakimiyyət bu uğursuzluqları əsaslandırmaq üçün müxtəlif səbəblər göstərsə də, bu, sosial vəziyyəti ağır olan vətəndaşların rifahını yaxşılaşdırmır.
“Nəinki daha yüksək nəticələrə, hətta özlərinin müəyyən etdikləri illik minimum 0,3 faiz bəndi artıma belə nail ola bilməyiblər. Buna baxmayaraq, saatlarla büdcənin vergi gəlirləri üzrə görünməmiş nəticələrindən danışırlar”, - deyə məqalədə qeyd olunur.
Nəşrin məlumatına görə, son illərdə vergi gəlirləri nominal ifadədə artsa da, bunun əsas səbəbi hakimiyyətin fəaliyyətindən çox, xarici amillərin təsiri ilə qeydə alınan yüksək iqtisadi artım olub.
“İqtisadi artım nəticəsində ÜDM yüksəlib və bu da toplanan vergilərin həcmini artırıb. Halbuki kölgə iqtisadiyyatı ilə mübarizə və inzibatçılıq sahəsində əldə olunan nəticələr qənaətbəxş olmayıb”, - deyə müəllif yazır.
Məqalədə bildirilir ki, vergi-ÜDM nisbətində əldə edilən məhdud yaxşılaşma yalnız inzibatçılığın deyil, həm də vergi ödəyicilərinin üzərinə düşən yükün artırılması hesabına baş verib.
“Son illərdə vergi yükü geniş şəkildə artırılıb, xüsusilə də kiçik biznes bundan zərər çəkib. Dövriyyə vergisinin yükü ikiqat artırılıb. Çoxsaylı müəssisələr dövriyyə vergisi sistemindən çıxarılaraq daha ağır ümumi vergi sisteminə keçirilib. Cərimələrin məbləği bir neçə, bəzi hallarda isə onlarla dəfə artırılıb”, - deyə məqalədə vurğulanır.
Müəllif qeyd edir ki, bütün bunlara baxmayaraq, vergi yığımının ÜDM-də payı son 4 ildə cəmi 1,1 faiz bəndi artıb.
“Bu isə o deməkdir ki, hakimiyyət ÜDM-ə nisbətdə vergi yığımı ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməyib. Lakin onlar bu barədə danışmaqdan yayınır və nominal göstəricilərin arxasında gizlənməyə çalışırlar.
İqtisadi fəallığın yüksəldiyi, dövriyyələrin, satış və istehlak həcmlərinin artdığı şəraitdə belə vergi sistemi bu inkişafı tam şəkildə büdcə gəlirlərinə çevirə bilməyib.
Bu vəziyyət hakimiyyətin vəd etdiyi inzibatçılıq islahatlarının ya həyata keçirilmədiyini, ya gecikdiyini, ya da real iqtisadiyyatda işləmədiyini göstərir”, - deyə müəllif yazır.
Məqalədə vurğulanır ki, vergi yığımının keyfiyyətini artıra bilməyən hökumətlər adətən daha asan üsullara əl atır, ya borclanmanı artırır, ya da iqtisadiyyatın görünən hissəsinə vergi təzyiqini gücləndirirlər.
“Ermənistan hakimiyyəti də məhz bunu edib. Vəd edilən vergi islahatlarını həyata keçirə bilmədiyi halda, dövlət borcunu sürətlə artırıb”, - deyə məqalədə qeyd olunur.
Nəşrin məlumatına görə, son 5 ildə hökumətin borcu təxminən 6,4 milyard dollar artıb.
“Dövlət borcu bütün əvvəlki dövr ərzində 7,5 milyard dollar olduğu halda, son 5 ildə onu 13,9 milyard dollara çatdırıblar. Bununla yanaşı, biznesin üzərinə düşən vergi yükü də ağırlaşdırılıb. Bütün bu siyasətin nəticəsini isə vətəndaşlar və vicdanla vergi ödəyən şəxslər ödəyirlər”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az