ABŞ prokurorluğu Maduro işi üzrə məhkəmə iclasının iyulun sonuna keçirilməsini istəyir

2026/06/1781605638.jpg
Oxunub: 180     14:24     16 İyun 2026    
ABŞ federal prokurorluğu Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı növbəti məhkəmə iclasının iyundan iyulun sonuna keçirilməsi üçün Nyu-York məhkəməsinə vəsatət təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Nyu-York ştatının Cənub Dairəsinin prokuroru Cey Kleytonun imzaladığı sənəddə qeyd olunub.

Sənədə əsasən, ABŞ hökuməti müdafiə tərəfinin razılığı ilə növbəti məhkəmə iclasının 2026-cı il iyunun 30-dan 2026-cı il iyulun 22-nə keçirilməsini xahiş edib.

İttiham tərəfi əlavə edib ki, əlavə vaxt iş üzrə yeni materialların müdafiə tərəfinə təqdim olunması və cavabdehin vəkilləri tərəfindən onların öyrənilməsi üçün tələb olunur.

Xatırladaq ki, 2026-cı il yanvarın 3-də ABŞ Venesuelanın mülki və hərbi obyektlərinə zərbələr endirib, Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi saxlayaraq ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsinin Federal Məhkəməsi qarşısına çıxarılıblar.

Cütlük narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməkdə ittiham olunur. Maduro və həyat yoldaşı özlərini təqsirli bilməyiblər.

Bu müddət ərzində Venesuelada dövlət başçısının səlahiyyətlərini səlahiyyətli prezident Delsi Rodriqes icra edir. O, Maduronun hakimiyyəti dövründə respublikanın icraedici vitse-prezidenti vəzifəsini tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Maduro  


Bizi "telegram"da izləyin