Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin son sülh danışıqları təklifini rədd etdikdən sonra Ukrayna PUA-ları şənbə günü bir həftə ərzində ikinci dəfə Sankt-Peterburqu hədəfə alıb. Uzaqmənzilli zərbələrin iki dalğası Rusiyanın ikinci ən böyük şəhərində və onun ətrafında yerləşən hədəflərə, o cümlədən dəniz arsenalına və neft terminallarına yönəlib.
Hücumlar iki səbəbə görə diqqət çəkib. Birincisi, Sankt-Peterburq Putinin doğma şəhəridir. Rusiya lideri 1952-ci il oktyabrın 7-si məhz burada anadan olub. İkincisi isə şəhər həmin vaxt İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun analoqu olan “Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu”na (SPIEF) ev sahibliyi edirdi. XVIII əsrin əvvəllərində əsası qoyulan şəhərin adı rəsmi olaraq Müqəddəs Pyotrun şərəfinə verilsə də, eyni zamanda çar I Pyotrun adı ilə də bağlıdır.
Zərbələrin ilk dalğası forumun açıldığı 2026-cı il iyunun 3-də, ikinci dalğası isə tədbirin başa çatdığı şənbə günü həyata keçirilib. Sankt-Peterburq Ukrayna sərhədindən təxminən 965 kilometr uzaqlıqda yerləşir və Moskva ilə müqayisədə hədəfə alınması daha əlçatandır.
Şəhərin vurulması ilə Ukrayna müharibənin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Son hücumlardan sonra Rusiya tərəfi 140-dan çox PUA-nın vurulduğunu bildirib. Hücum o qədər genişmiqyaslı olub ki, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov sakinlərə evdə qalmağı tövsiyə edib. Bu, Rusiyanın dörd ildən artıq əvvəl Ukraynaya qarşı başladığı səbəbsiz işğaldan sonra hər hansı Rusiya rəsmisinin belə xəbərdarlıq etdiyi ilk hal olub.
“Ötən gecə PUA-larımız təxminən 1000 kilometr məsafə qət edərək Sankt-Peterburq bölgəsinə, düşmənin hərbi dəniz qüvvələrinin arsenalına və Kronştadtdakı bazaya çatdı”, - deyə Zelenski “X” sosial şəbəkəsində yazıb.
Ukrayna Rusiyanın hərbi dəniz obyektlərini və enerji infrastrukturunu hədəfə aldı
Həyata keçirilən hücumlar nəticəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin arsenalı və Rusiyanın Baltik Donanmasının əsas bazası hesab olunan Kronştadt adasındakı obyekt vurulub. Kronştadt Rusiya Hərbi Dəniz Qüvvələrinin təmir və təchizat mərkəzi hesab olunur və burada hərbi dəniz akademiyası fəaliyyət göstərir.
CNN-in məlumatına görə, analitiklər iyunun 3-də baş verən hücum zamanı limanda dayanan ən azı bir Rusiya hərbi gəmisinin zərər gördüyünü müəyyən ediblər. Bundan əlavə, PUA-lar Rusiya ordusunu yanacaqla təmin edən mühüm neft anbarlarında və terminallarında böyük yanğınlara səbəb olub.
“Ən azı üç neft məhsulu çəni alov içindədir. Bu neft bazası cənub və şərq istiqamətlərində fəaliyyət göstərən Rusiya qoşunlarının yanacaqla təminatı üçün mühüm arxa cəbhə mərkəzidir”, - deyə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) yaydığı açıqlamada bildirib.
Son PUA hücumları Sovet dövründə qapalı hərbi şəhər statusuna malik olan Kronştadtın İkinci Dünya müharibəsindən bəri ilk dəfə hava hücumuna məruz qalması ilə yadda qalıb.
Hücumlar Rusiyanın toxunulmazlıq imicini sarsıtmağa yönəlib
Hücum zamanı Sankt-Peterburqun Pulkovo hava limanında uçuşlar müvəqqəti dayandırılıb. Şəhərdaxili ictimai nəqliyyatın fəaliyyəti də qısa müddətə dayandırılsa da, sonradan bərpa olunub. Prezident Putin iyunun 3-də baş verən hücumun Rusiya iqtisadiyyatına “müəyyən zərər” vurduğunu etiraf edib.
“Bu hücumlar təbii ki, heç bir müsbət nəticə vermir”, - deyə Putin SPIEF-də çıxışı zamanı bildirib.
Rusiyaya xarici investisiyaların cəlb olunmasını hədəfləyən əsas investisiya forumundan dərhal əvvəl həyata keçirilən bu hücumlar Sankt-Peterburqun belə hədəfə çevrilə bilməsini göstərməklə yanaşı, ölkənin Ukrayna qarşısında toxunulmaz olduğu barədə formalaşdırdığı imicə də ciddi zərbə vurub. Son PUA hücumları Kiyevin həyata keçirdiyi əməliyyatların yalnız sonuncusudur.
Cəmi bir il əvvəl SBU uzaq məsafədə yerləşən bir neçə Rusiya hərbi hava bazasına qarşı cəsarətli “Hörümçək Toru” əməliyyatını həyata keçirmiş, nəticədə çoxsaylı bombardmançı təyyarələr və digər hava vasitələri zədələnmiş və ya sıradan çıxarılmışdı. Ukrayna PUA hücumlarının intensivliyini artırdıqca əsas sual Putinin danışıqlar masasına gətirilə-bilməyəcəyidir. Rusiya lideri dəfələrlə bəyan edib ki, Kreml qarşıya qoyduğu məqsədlərə nail olmadan müharibə başa çatmayacaq.
Sevinc Əliyeva
Ordu.az