Koşta: “Aİ sammitdə Ukrayna və Moldovanın üzvlük danışıqlarının başlanmasını təsdiqləyə bilər”

2026/05/1777907366.jpg
Oxunub: 197     15:54     11 İyun 2026    
Avropa İttifaqına üzv ölkələrin liderləri iyunun 18-19-da keçiriləcək sammitdə Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların ilk mərhələsinin açılmasını rəsmən təsdiqləyə bilərlər.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Koşta sammit iştirakçılarına ünvanladığı dəvət məktubunda bildirib.

Sənəddə qeyd olunub ki, Ukrayna və Moldovanın üzvlüklə bağlı danışıqlarında ilk fəsillər paketinin açılması onların Avropa İttifaqına inteqrasiya yolunda mühüm mərhələ olacaq.

Koştanın sözlərinə görə, bu addım hər iki ölkənin danışıqlar prosesində uzun müddətdir davam edən durğunluğun aradan qaldırılmasına imkan verəcək və Aİ-nin genişlənmə siyasətinə yeni təkan qazandıracaq.

Avropa Şurasının Prezidenti Qərbi Balkan ölkələrinin əldə etdiyi irəliləyişləri də qeyd edib və bu yaxınlarda Tivatda keçirilmiş Aİ-Qərbi Balkanlar sammitini xatırladıb.

Bununla yanaşı, daha əvvəl KİV-lərdə Aİ ölkələrinin Ukrayna, Moldova və Balkan ölkələri üçün Avropa İttifaqına “ikinci dərəcəli üzvlük” modelini müzakirə etməyə başladığı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, belə bir model yeni üzvlərin hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra və onları Brüsselin daha sərt nəzarəti altına sala bilər.

Koşta vurğulayıb ki, Ukrayna sammitin əsas mövzularından biri olacaq. Müzakirələr başlamazdan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Aİ liderləri qarşısında çıxış edəcək.

Avropa Şurasının Prezidenti bildirib ki, birlik ölkələri Kiyevə dəstək siyasətini davam etdirmək niyyətindədirlər. Son dövrdə Pilotsuz Uçuş Aparatları (PUA) ilə bağlı baş verən hadisələrdən sonra təhlükəsizlik məsələləri xüsusi diqqət mərkəzində olacaq.

Məktubda qeyd olunub ki, son vaxtlar Aİ hava məkanına, o cümlədən Rumıniyaya PUA-ların daxil olması müdafiə imkanlarının gücləndirilməsi ilə bağlı ümumi gündəliyin, xüsusilə də Aİ-nin şərq cinahının möhkəmləndirilməsinin vacibliyini bir daha göstərib.

Sammitdə həmçinin Avropa İttifaqının 2028-2034-cü illəri əhatə edəcək yeni çoxillik büdcəsinin müzakirəsi planlaşdırılır. Koşta liderləri gələcək büdcə razılaşmasının əsas meyarlarına, o cümlədən Aİ üçün yeni gəlir mənbələrinin axtarışına diqqət yetirməyə çağırıb.

Görüşün gündəliyinə Avropa iqtisadiyyatının rəqabət qabiliyyəti, Yaxın Şərqdəki vəziyyət, miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlər də daxil edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koşta     Ukrayna   Moldova  


Bizi "telegram"da izləyin