Milyonluq radarların FPV korluğu: “Molfar Defense” kiçik PUA-ları aşkar etməyin kodunu tapıb?

2026/06/1781168635.jpg
Oxunub: 203     13:39     11 İyun 2026    
Polşa-Ukrayna müdafiə startapı olan “Molfar Defense” yaxın vaxtlarda xüsusi olaraq kiçik FPV tipli Pilotsuz Uçuş Aparatlarını (PUA) aşkar etmək üçün nəzərdə tutulmuş sistemin hazırlanması məqsədilə 2 milyon avro (təxminən 2,3 milyon dollar) investisiya alıb.

Polşa-Ukrayna müdafiə şirkəti olan “Molfar Defense” kiçik və aşağı hündürlükdə uçan PUA-ları aşkar etmək üçün nəzərdə tutulmuş yeni nəsil taktiki radar sistemləri hazırladığını açıqlayıb. Bu layihə Ukrayna müharibəsinin ortaya çıxardığı ən mühüm nəticələrdən birini əks etdirir: PUA-lar çox vaxt ənənəvi hava hücumundan müdafiə şəbəkələrindən yayınır və onları aşkar etmək son dərəcə çətin olur.

Maraqlıdır ki, müasir ordular onilliklər ərzində qırıcıları, bombardmançıları və qanadlı raketləri aşkar edə bilən radar sistemlərinin yaradılmasına böyük resurslar sərf ediblər. Lakin bugünkü döyüş meydanı spektrin tam əks tərəfində yerləşən sistemlər ətrafında formalaşır: yerə yaxın uçan və müasir hava hücumundan müdafiə sistemlərindən yayınmağı bacaran kiçik PUA-lar.

Aktuallığını qorumaq üçün hava hücumundan müdafiə sistemləri bu aşağı texnologiyalı PUA-lara da uyğunlaşmalı olacaq.

PUA-lar Ukrayna müharibəsi ərzində necə dəyişib?

Tarixən radarlar böyük təyyarələri, yüksək sürətli hədəfləri və ya yüksək hündürlükdəki təhdidləri izləmək üçün istifadə olunurdu. Çünki əsas təhlükə yaradan vasitələr məhz bunlar hesab edilirdi.

Bu gün isə bir çox hərbi PUA kiçik ölçülü, aşağı sürətli və alçaqdan uçan platformalardır. Onları ətraf mühitdəki digər obyektlərdən ayırd etmək çox vaxt çətin olur.

Bu təsadüfi deyil. Müasir hava hücumundan müdafiə sistemləri qırıcı təyyarələr və ya yaxınlaşan raketlər kimi iri hədəflərə qarşı optimallaşdırılıb. Kiçik kamikadze tipli PUA-lar isə bu sistemlərin diqqətindən yayınmaq üçün hazırlanır. 2025-ci ilin iyununda Ukraynanın həyata keçirdiyi “Hörümçək Toru” əməliyyatı bu tendensiyanı aydın şəkildə nümayiş etdirdi. Həmin əməliyyat zamanı kiçik Ukrayna PUA sürüləri Rusiya hərbi bazalarına daxil olaraq özlərindən qat-qat böyük təyyarələri sıradan çıxarmışdı.

Xüsusilə fiber-optik idarəetməyə malik PUA-lar müdafiə tərəfi üçün ciddi problem yaradıb. Bu PUA-lar radio rabitə kanallarından istifadə etmir. Onlar operatorla uzun fiber-optik kabel vasitəsilə əlaqə saxlayır. Nəticədə radio siqnallarını boğan radioelektron mübarizə sistemləri bu PUA-lara qarşı təsirsiz qalır və ən uğurlu PUA əleyhinə vasitələrdən biri əhəmiyyətini itirir.

“Molfar Defense” hansı həlli təklif edir?

Bu boşluğu aradan qaldırmaq üçün “Molfar Defense” aşağı hündürlükdə uçan PUA-lar, çoxrotorlu platformalar və mürəkkəb hava şəraiti üçün optimallaşdırılmış yeni taktiki radar sistemləri üzərində işləyir. Şirkətin məlumatına görə, sistemlərdə qabaqcıl siqnal emalı texnologiyaları, çoxölçülü hədəf analizi və PUA-larla digər hava obyektləri arasında daha dəqiq fərqləndirmə imkanları tətbiq olunur.

Əsas məqsəd yanlış həyəcan siqnallarını azaltmaq və aşkarlama səviyyəsini yüksəltməkdir. Başqa sözlə, sistem obyektin aşkar edilməsindən sonra onun quş, yoxsa hücum PUA-sı olduğunu sürətlə və dəqiq müəyyən etməlidir.

Ümumilikdə Ukrayna müharibəsi döyüş meydanında innovasiyaların sürətlə inkişaf etməsinə səbəb olub və ölkə PUA müharibəsinin sınaq meydanına çevrilib.

Hər yeni texnologiya yeni əks-texnologiyanın yaranmasına gətirib çıxarır. Ukraynanın radioelektron maneələri Rusiyanı fiber-optik PUA-lar hazırlamağa sövq edib. Bu isə Ukraynanı yeni sensorlar üzərində işləməyə məcbur edib. Nəticədə Rusiya da öz taktikasını dəyişib. Müharibə fasiləsiz texnoloji yarışa çevrilib və bunun nəticələri yalnız bu münaqişə ilə məhdudlaşmır. Bu proses dünyanın digər ölkələrinin hərbi satınalmalarına və müdafiə planlaşdırmasına da təsir göstərir.

NATO Ukraynanın PUA əleyhinə təcrübəsini diqqətlə izləyir

NATO Ukrayna ilə Rusiya arasında gedən PUA müharibəsini yaxından izləyir. Bu məsələ Avropa müdafiə alyansı üçün açıq prioritetə çevrilib. Çünki Rusiya PUA-ları dəfələrlə Latviya, Estoniya, Litva və digər NATO ölkələrinin hava məkanına daxil olub. Bu səbəbdən NATO-nun şərq cinahında yerləşən dövlətlər PUA əleyhinə sistemlərə, radar şəbəkələrinə və təbəqəli hava hücumundan müdafiə sistemlərinə investisiyaları artırırlar.

Müharibə göstərir ki, iri və bahalı radar sistemləri kiçik PUA-lar qarşısında toxunulmaz deyil. Hətta yüksək dəyərə malik sensorlar da hücum hədəfinə çevrilə bilər. Böyük radar sistemi məhv edildikdən sonra hava hücumundan müdafiə şəbəkəsində “kor zonalar” yaranır və bu da daha böyük platformaların hücumu üçün imkan açır. Buna görə də formalaşmaqda olan yeni yanaşma yalnız bir neçə güclü radara güvənmək deyil. Əvəzində çoxsaylı kiçik sensorlar, paylanmış aşkarlama şəbəkələri və daha ucuz taktiki radar sistemləri ön plana çıxır.

“Molfar Defense” yaxın vaxtlarda İsveçin “Front Ventures” investisiya şirkətindən 2 milyon avro (2,3 milyon dollar) maliyyə dəstəyi əldə edib.

Şirkətin genişlənmə planlarına Ukraynada filial açılması və Ukrayna ordusu ilə birbaşa əməkdaşlıq daxildir. Kütləvi istehsalın isə 2027-ci ilin sonlarında başlanması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FPV   PUA   Molfar-Defense  


Bizi "telegram"da izləyin