Ordu.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Bundestaqda hökumət bəyanatı ilə çıxışı zamanı bildirib.
Merts qeyd edib ki, münaqişə başa çatdıqdan sonra Almaniya da Fars körfəzi regionunda məsuliyyət götürməyə hazırdır.
“Biz ölkə olaraq Fars körfəzi regionunda münaqişənin başa çatmasından sonra məsuliyyət daşımağa hazırıq. Bunun üçün zəruri şərtlər yarandığı anda Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına qatılmağa hazırıq”, - deyə Almaniya Kansleri vurğulayıb.
Onun sözlərinə görə, həmin vaxta qədər Almaniya münaqişənin diplomatik yolla həllini dəstəkləyəcək.
Merts bildirib ki, Almaniyanın əsas məqsədi dəyişməz olaraq qalır və İran öz nüvə proqramını tamamilə dayandırmalıdır. Kanslerin fikrincə, bu proses beynəlxalq səviyyədə yoxlanıla bilən formada həyata keçirilməlidir.
Almaniya hökumətinin başçısı əlavə edib ki, İsrailin və bütövlükdə regionun təhlükəsizliyi təmin edilməlidir.
“İsrailin və bütün regionun təhlükəsizliyinə zəmanət verilməlidir. Əks halda həmin bölgədə sülh mümkün olmayacaq”, - deyə Merts bildirib.
Bundan əvvəl İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı Tehranın Hörmüz boğazında gəmiçiliyi tam dayandırmaq niyyətində olduğunu açıqlamışdı.
İran bu addımı ABŞ-nin ölkə ərazisinə endirdiyi təkrar zərbələrdən sonra atdığını bəyan edib.
Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri boğazdan keçməyə cəhd göstərən azı iki gəminin onların tərəfindən vurulduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az