Ordu.az xəbər verir ki, bu barədə o, iyunun 11-də keçirilən brifinq zamanı danışıb.
Gümrüdə mümkün növbədənkənar yerli seçkilərlə bağlı suala cavab verən Paşinyan bildirib ki, məsələ ilə bağlı hüquqi müzakirələr hələ davam edir. Bununla belə, o, nəticələri gözləmədən şəhərin abadlaşdırılması üçün şəxsi məsuliyyət daşıdığını bəyan edib.
Ermənistanın baş naziri qeyd edib ki, yerli özünüidarəetmə orqanları maneələr yaratdığı hallarda hökumət şəhərdə vəziyyəti yaxşılaşdırmaq üçün alternativ yollar tapacaq.
“Mənim üçün bu, şəxsi faciədir. Mənim rəhbərlik etdiyim ölkədə bir şəhər necə bu vəziyyətdə ola bilər?” - deyə Paşinyan təəccübünü ifadə edib.
Jurnalistlər ona ölkədə oxşar problemlərlə üzləşən başqa şəhərlərin də olduğunu xatırladıblar. Lakin Paşinyan bu fikirlə razılaşmayıb.
Onun sözlərinə görə, digər şəhərlərdə müəyyən işlər görülür və həmin şəhərlərin rəhbərlərinin müxalif baxışlara malik olması prosesə mane olmur.
“Gümrü rəhbərliyi sabotajla məşğul olub. Müxalifət nümayəndələrinin rəhbərlik etdiyi başqa şəhərlər də var və onlar subsidiya proqramlarından istifadə edərək inkişaf edirlər. Gümrüdə isə korrupsiya və sabotaj var. Bütün bunlar sonradan baş naziri ittiham etmək üçün edilir”, - deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri ona səs verən Gümrü sakinlərinə təşəkkür edib və şəhərə bundan sonra daha tez-tez səfər edəcəyini vəd edib.
Alpər Mövludoğlu
Ordu.az