Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Tramp administrasiyasında çalışmış keçmiş yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp siyasi təsir imkanlarını itirmək və “topal ördək” statusuna düşməkdən narahatdır.
ABŞ siyasi terminologiyasında “topal ördək” səlahiyyət müddətinin sonuna yaxın təsir imkanlarını əhəmiyyətli dərəcədə itirən seçkili vəzifəli şəxsə deyilir. Belə siyasətçi formal olaraq hakimiyyətdə qalsa da, dəstəyi azalır və öz qərarlarını həyata keçirməkdə çətinliklərlə üzləşir.
Tramp hələ fevral ayında “NBC News” telekanalına müsahibəsində ikinci prezidentlik müddətindən sonra vəzifədə qalmaq niyyətində olub-olmaması barədə suala birbaşa cavab verməmişdi.
“Bu maraqlı olardı. Amma sizin axtardığınız cavabı versəydim, bu dəhşətli olardı. Həyat daha az həyəcanlı və daha az maraqlı olardı”, - deyə Tramp bildirmişdi.
Donald Trampın ikinci prezidentlik müddəti 2029-cu il yanvarın 20-də başa çatır.
ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Bu məhdudiyyətin aradan qaldırılması üçün Konqresin hər iki palatasında üzvlərin üçdə iki hissəsinin razılığı və ən azı 38 ştatın təsdiqi tələb olunur. Alternativ variant kimi ştatların üçdə ikisinin təşəbbüsü ilə Konstitusiya Konventi çağırıla bilər.
“Reuters” qeyd edir ki, Trampın siyasi nüfuzu ilə bağlı müzakirələr noyabr ayında keçiriləcək aralıq Konqres seçkiləri fonunda daha da aktuallaşıb.
Agentliyin həmsöhbəti olan hazırkı Ağ Ev müşavirlərindən biri bildirib ki, administrasiya respublikaçı qanunvericilərə Trampın onların siyasi gələcəyinə əvvəlki kimi təsir göstərə bildiyini nümayiş etdirməyə çalışır.
Bununla belə, mənbə etiraf edib ki, aralıq seçkilərdən sonra prezidentin siyasi təsirinin tədricən azalması qaçılmaz görünür.
Ağ Ev isə Trampın mövqelərinin zəifləməsi ilə bağlı iddiaları rədd edir.
Administrasiya nümayəndəsi Oliviya Ueyls bəyan edib ki, Tramp “Respublikaçılar Partiyasının mübahisəsiz lideridir və Konqresdə respublikaçı çoxluğun qorunmasına sadiqdir”.
“Reuters”in qeyd etdiyi kimi, Trampın 2029-cu ildən sonra da siyasi çəkisini qorumasının yollarından biri 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədinin müəyyənləşdirilməsi prosesində fəal iştirak etməsi ola bilər.
ABŞ prezidentlərinin fəaliyyəti üzrə ixtisaslaşmış tarixçi, Rays Universitetinin professoru Duqlas Brinkli isə bildirib ki, dünya Trampın prezidentliyinin son illərində yeni gözlənilməz addımlarına hazır olmalıdır.
“Onun idarəetmədəki xaotik üslubu demokratların Konqresə nəzarəti ələ keçirib-keçirməməsindən asılı olmayaraq yox olmayacaq”, - deyə Brinkli vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az