Nümayəndələr Palatasının üzvləri F-22 “Raptor”ların hər hansı birinin ən azı 2032-ci ilin sentyabr ayınadək istismardan çıxarılmasını qadağan edən düzəliş irəli sürüblər. Bu addım 2027-ci ildə başa çatmalı olan mövcud qadağanın müddətini uzadır. Düzəliş ABŞ Hərbi Hava Qüvvələrinin altıncı nəsil F-47 qırıcısını gözlədiyi bir dövrdə qəbul edilir. Yeni təyyarənin hazırlanması isə ABŞ-nin say baxımından azalan və qocalan taktiki qırıcı parkı fonunda həyata keçirilir.
Yeni qanun göstərir ki, Konqres ABŞ-nin hava üstünlüyü təmin edən ən güclü qırıcılarından biri ilə etibarlı əvəzləyici xidmətə qəbul olunana qədər vidalaşmağa hazır deyil. Bu ehtiyatlı yanaşma F-47 proqramının elan ediləndən daha gec başa çatacağı ilə bağlı narahatlıqlardan qaynaqlanır.
Konqres F-22-dən imtina etmək istəmir
Konqres artıq 2027-ci maliyyə ilinin sonunadək F-22-lərin istismardan çıxarılmasını qadağan edib. Yeni düzəliş bu müdafiəni 2032-ci maliyyə ilinin sonunadək uzadır. Nəticədə hazırda xidmətdə qalan 184 F-22 təyyarəsinin hamısının Hərbi Hava Qüvvələrinin inventarında saxlanılması və döyüş hazırlığında qalması gözlənilir.
Bu qərar diqqət çəkir. Çünki cəmi bir neçə il əvvəl Hərbi Hava Qüvvələri F-22 parkının bir hissəsini mərhələli şəkildə istismardan çıxarmağa ümid edirdi. Lakin Konqres qısamüddətli döyüş qabiliyyəti boşluqlarını qəbul etmək istəmir.
Yaşına baxmayaraq, F-22 “Raptor” hələ də dünyanın ən güclü hava üstünlüyü qırıcısı hesab olunur. 2000-ci illərin ortalarında xidmətə qəbul olunan F-22 həm ABŞ inventarında, həm də rəqib ölkələrin arsenalında mövcud olan bütün təyyarələrdən xeyli üstün idi. Stelslik texnologiyası, forsajsız yüksək sürətli uçuş qabiliyyəti, yüksək manevr imkanları və qabaqcıl sensor sistemləri ilə F-22 dünyanın ilk əməliyyat istifadəsinə verilmiş beşinci nəsil qırıcısı olub.
Təyyarənin güclü çəkindirmə effekti yaratdığı da iddia olunur. Soyuq müharibədən sonrakı dövrdə F-22 heç vaxt başqa ölkənin hərbi hava qüvvələri ilə birbaşa hava döyüşünə girməyib və buna görə də indiyədək heç bir pilotlu təyyarəni vurmayıb. “Raptor”un hesabına yazılan yeganə təsdiqlənmiş hədəf 2023-cü il fevralın 4-də ABŞ hava məkanına daxil olmuş Çin müşahidə aerostatının vurulmasıdır.
Əvvəlcə Hərbi Hava Qüvvələri təxminən 750 F-22 istehsal etməyi planlaşdırırdı. Lakin bu plan Sovet təhlükəsinin hələ mövcud olduğu dövrə təsadüf edirdi. Soyuq müharibə başa çatdıqdan, Sovet təhlükəsi aradan qalxdıqdan və büdcə təzyiqləri artdıqdan sonra alış planları mərhələli şəkildə azaldıldı. Nəticədə planlaşdırılan say əvvəlcə 339-a, daha sonra isə 187-yə endirildi. ABŞ-nin müdafiə naziri Robert Qeyts 2009-cu ildə istehsalı məhz bu rəqəmdə dayandırdı.
F-22 proqramının dayandırılmasının əsas səbəbi onun yüksək xərci idi. Bir F-22-nin istehsal xərcinin təxminən 150 milyon dollar olduğu, proqramın ümumi xərcinin isə 60 milyard dolları keçdiyi hesablanırdı. İstehsal xətti bağlandıqdan sonra isə itirilmiş təyyarələrin yenisi ilə əvəz olunması qeyri-mümkün hala gəldi.
Ən zəif F-22-lərə belə ehtiyac var
Əvvəlcə Hərbi Hava Qüvvələri F-22-nin ən köhnə versiyası olan 32 ədəd “Block 20” təyyarəsini istismardan çıxarmaq istəyirdi. Bu təyyarələr əsasən təlim məqsədilə istifadə olunurdu və tam döyüş qabiliyyətinə malik deyildi. Hərbi Hava Qüvvələri hesab edirdi ki, onların müasirləşdirilməsi həddindən artıq baha başa gələcək.
Lakin Konqres fərqli mövqe tutdu. Qanunvericilər hesab etdilər ki, hətta bu təlim təyyarələri belə faydalıdır və qırıcı parkının artıq azaldığı şəraitdə onların da saxlanılması vacibdir. Buna görə də Hərbi Hava Qüvvələrinin bu planının qarşısı alındı. Konqres üzvlərini xüsusilə Çinin hərbi potensialının artması narahat edir. Çin getdikcə daha çox J-20 “Mighty Dragon” stels qırıcısını, qabaqcıl raket sistemlərini və inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemlərini silahlanmaya qəbul edir.
F-47 qırıcısının isə hələ aktiv xidmətə başlamasına bir neçə il qalır. Buna görə də Konqres hesab edir ki, əgər F-22 xidmətə yeni əvəzləyici hazır olmadan çıxarılsa, ABŞ Çin qarşısında əlverişsiz vəziyyətə düşə bilər. Məhz buna görə Konqres ən azı 2032-ci maliyyə ilinin sonunadək F-22 “Raptor”ların istismardan çıxarılmaması qərarını verib. Qanunvericilər hesab edirlər ki, Hərbi Hava Qüvvələrinin mövcud imkanlarını qoruyub saxlamaq gələcək layihələrin uğuruna tam arxalanmaqdan daha təhlükəsiz seçimdir.
Dəyanət Ağalarlı
Ordu.az