Almaniya və Fransanın döyüş təyyarəsi layihəsi dayandırılıb: Avropada diqqətlər KAAN-a yönələ bilər

2026/06/1781078339.jpg
Oxunub: 329     11:59     10 İyun 2026    
Almaniya və Fransanın birgə hazırladığı 6-cı nəsil döyüş təyyarəsi proqramı olan FCAS layihəsi dayandırılıb.

Ordu.az xəbər verir ki, Avropada digər perspektivli döyüş təyyarəsi proqramlarının da qrafikdən geri qalması fonunda Türkiyənin KAAN layihəsinin önəmi daha da artır.

Məlumata görə, Avropanın müdafiə sənayesi sahəsində ən iddialı layihələrindən biri hesab edilən FCAS proqramının dayandırılmasının əsas səbəblərindən biri tərəflər arasında proqram təminatı, mənbə kodları və əqli mülkiyyət hüquqları ilə bağlı fikir ayrılıqları olub.

İddialara əsasən, Fransa layihənin əsas texnoloji bazasının özündə olduğunu bildirərək bu sahələrdə əsas qərarvermə səlahiyyətinin Parisə məxsus olmasını istəyib. Almaniya isə milyardlarla avro vəsait yatıracağı layihədə yalnız istehsalçı tərəf kimi iştirak etməyi qəbul etməyib.

Tərəflər arasında digər ciddi fikir ayrılığı yeni təyyarənin əməliyyat tələbləri ilə bağlı yaranıb. Fransa Avropanın əsas nüvə dövlətlərindən biri kimi yeni təyyarənin nüvə silahı daşıya bilməsini və aviadaşıyıcılardan fəaliyyət göstərməsini vacib hesab edib.

Berlin isə nə nüvə silahı daşıyan təyyarələrə, nə də aviadaşıyıcı konsepsiyasına ehtiyac duymadığını bildirərək bu tələbləri dəstəkləməyib. Nəticədə Avropanın gələcək döyüş təyyarəsi layihələrindən biri hesab edilən FCAS proqramı faktiki olaraq dayandırılıb.

Ekspertlər hesab edirlər ki, bu vəziyyət Avropa ölkələrinin diqqətini Türkiyənin milli döyüş təyyarəsi KAAN proqramına yönəldə bilər.

TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu daha əvvəl bildirmişdi ki, Türkiyə təkcə KAAN üzərində deyil, həm də gələcəkdə 6-cı nəsil döyüş təyyarəsi konsepsiyası üzərində işləyir.

“Avropa ölkələri də 6-cı nəsil döyüş təyyarəsi hazırlamaq istəyirlər. Biz də bu istiqamətdə çalışırıq və onlardan əvvəl nail olacağıq”, - deyə Demiroğlu vurğulamışdı.

Mövzu ilə bağlı fikirlərini bölüşən türkiyəli akademik Barın Kayaoğlu hesab edir ki, FCAS layihəsinin iflası və qlobal geosiyasi qeyri-müəyyənliyin artması Avropa ölkələrinin alternativ həllər axtarmasına səbəb ola bilər.

Onun sözlərinə görə, Türkiyənin İspaniya ilə HÜRJET layihəsi üzrə əməkdaşlığı və KAAN proqramında əldə ediləcək nəticələr Avropa ölkələrinin gələcək seçimlərinə birbaşa təsir göstərəcək.

Məqalədə qeyd olunur ki, İspaniya köhnəlmiş döyüş təyyarələrini əvəz etmək üçün yeni platformalar axtarır. Madrid daha əvvəl ABŞ-dən F-35 tədarükü planlarını dayandıraraq FCAS və “Eurofighter” proqramlarına üstünlük verdiyini açıqlamışdı.

Lakin “Eurofighter” istehsal xəttinin tam yüklənməsi yeni problemlər yaradır.

Digər tərəfdən, Böyük Britaniya, İtaliya və Yaponiyanın iştirak etdiyi GCAP proqramında da vaxt qrafikinin gecikə biləcəyi bildirilir. Hazırkı vəziyyətdə ABŞ istisna olmaqla, NATO ölkələri arasında yeni nəsil döyüş təyyarəsini səmaya qaldırmağı bacaran yeganə ölkə Türkiyə hesab olunur.

Barın Kayaoğlu vurğulayıb ki, müasir təhlükəsizlik şəraitində dövlətlərin uzun illər yeni platformaları gözləmək imkanı yoxdur.

Onun fikrincə, Avropa ölkələri alternativ olaraq ABŞ-yə müraciət edərək F-35 və ya gələcək F-47 layihələrinə maraq göstərə bilərlər. Lakin burada həm xərc artımı, həm də proqram təminatı yeniləmələri və əməliyyat müstəqilliyi ilə bağlı məhdudiyyətlər mövcuddur.

Ekspert hesab edir ki, KAAN, ANKA-3 və KIZILELMA kimi qabaqcıl sistemlərin uğurla sınaqdan keçirilməsi Türkiyənin beynəlxalq bazardakı mövqeyini daha da gücləndirə bilər.

O əlavə edib ki, Türkiyə HÜRJET layihəsində olduğu kimi, tərəfdaş ölkələrin öz alt sistemlərini platformalara inteqrasiya etməsinə imkan verən çevik əməkdaşlıq modelini davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Fransa   Avropa   KAAN  


Bizi "telegram"da izləyin