Zaxarova: “Ermənistan cəmiyyətinin sürükləndiyi dəhşətli parçalanmanı görürük”

2026/06/1780488600.jpg
Oxunub: 269     15:44     10 İyun 2026    
“Rusiyanın Ermənistanda keçirilən parlament seçkilərindən sonra yaranmış vəziyyətlə bağlı ciddi sualları var”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova açıqlama verib.

O bildirib ki, Moskva Ermənistanda seçki prosesinin keçirildiyi şərait, səsvermə zamanı qeydə alınan pozuntular və müxalifət nümayəndələrinə qarşı atılan addımlarla bağlı məlumatları diqqətlə izləyir.

“Bir daha vurğulamaq istəyirəm ki, Ermənistanda bütün seçki prosesinin keçdiyi mühit, o cümlədən səsvermə qaydalarının pozulmasına dair çoxsaylı və faktlarla təsdiqlənmiş məlumatlar bizdə qanunauyğun suallar yaradır”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Moskva üçün əsas məsələlərdən biri Ermənistan hakimiyyətinin özünün bəyan etdiyi demokratiya və hüququn aliliyi prinsiplərinə praktikada nə dərəcədə sadiq qalacağıdır.

Zaxarova yekun seçki nəticələrinin açıqlanmasını gözləməyi təklif edib və Rusiyanın baş verənləri diqqətlə izlədiyini bildirib. Rusiya XİN rəsmisi seçkiqabağı kampaniya dövründə Ermənistan müxalifətinin üzləşdiyi vəziyyətə də toxunaraq bunu “misli görünməmiş təzyiq” adlandırıb.

O qeyd edib ki, Rusiyanı xüsusilə siyasi və ictimai xadimlərin, hətta səsvermə günü belə saxlanılması narahat edir.

“Seçki günü belə ilk növbədə Ermənistanın milli maraqlarını müdafiə edən siyasi və ictimai xadimlər saxlanılır. Bu maraqlara Ermənistan-Rusiya münasibətlərinin qorunması və möhkəmləndirilməsi də daxildir. Bütün bunlar bizim üçün anlaşılmaz və tamamilə qəbuledilməzdir”, - deyə Zaxarova vurğulayıb.

Diplomat bildirib ki, seçki iştirakçılarının seçki günü və ya ondan əvvəl şübhəli əsaslarla saxlanılması müasir demokratik ölkə üçün normal hesab edilə bilməz.

Onun fikrincə, Ermənistanda yaranmış vəziyyət repressiya mühitinin formalaşdığını göstərir. “Bu, tamamilə qəbuledilməz, dəhşətli repressiya atmosferidir”, - deyə Rusiya XİN nümayəndəsi qeyd edib.

Zaxarovanın sözlərinə görə, problem yalnız bu addımların bəyan olunmuş siyasi prinsiplərlə ziddiyyət təşkil etməsində deyil, həm də onların artıq konkret nəticələr verməsindədir. O, həmin nəticələrdən biri kimi Ermənistan cəmiyyətində parçalanmanın dərinləşməsini göstərib. “Erməni cəmiyyətində dəhşətli parçalanma var”, - deyə diplomat bildirib.

Zaxarova hesab edir ki, istənilən dövlət və siyasi xadimin əsas vəzifəsi cəmiyyəti parçalamaq deyil, birləşdirmək olmalıdır. Onun sözlərinə görə, Ermənistan üçün daxili birliyin qorunması xüsusi əhəmiyyət daşıyır və hakimiyyət bu birliyi gücləndirməyə çalışmalıdır.

Açıqlamasının sonunda Zaxarova yenidən Ermənistan cəmiyyətindəki vəziyyətə diqqət çəkərək bildirib ki, Moskva erməni cəmiyyətinin sürükləndiyi dərin parçalanmanı açıq şəkildə görür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan  


Bizi "telegram"da izləyin