Çinin “iki pilotlu əjdahası”: J-20S ABŞ-nin hava üstünlüyünü sınağa çəkir

2026/02/dsf45-1771416190.jpg
Oxunub: 402     17:31     09 İyun 2026    
J-20S hava üstünlüyü, görmə xəttindən kənar (BVR) döyüşlər və quru ilə dəniz hədəflərinə dəqiq zərbələr üçün hazırlanıb.

Şəbəkə mərkəzli müharibə müasir döyüşlərin əsas istiqamətinə çevrilib. Pilotsuz Uçuş Aparatı (PUA) sürülərinin koordinasiyasından tutmuş yaxınlıqdakı dost döyüş təyyarələri və hərbi gəmilərin situasiya məlumatlılığını artırmaq üçün sensor qovşaqları kimi istifadəsinə qədər bütün böyük ordular gələcəyin yolunun şəbəkələşdirilmiş müharibələrdən keçdiyi üzərində işləyir.

Eyni zamanda, rəqibin əsas şəbəkələrinə çıxışını məhdudlaşdırmaq da vacibdir.

Çinin ən yeni beşinci nəsil döyüş təyyarəsi J-20S Pekinin təhlükəli “Chengdu J-20 Mighty Dragon” hava üstünlüyü/zərbə qırıcısının variantı olaraq, Çin ordusunun hava müharibəsində şəbəkə mərkəzli yanaşmanı tam şəkildə qəbul etdiyini göstərir. Dünyanın ilk əməliyyat qabiliyyətli iki yerlik beşinci nəsil qırıcısı kimi tarixə düşən, “Chengdu” Aviasiya Korporasiyası (CAC) tərəfindən Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri (PLAAF) üçün hazırlanmış tandem kabinəli bu təyyarə Çinin hava qüvvələri üçün ciddi və mühüm irəliləyişdir.

J-20 “Mighty Dragon”un texniki göstəriciləri

İstifadəyə verildiyi il: 2017
İstehsal sayı: təxminən 200-250+ (istehsal davam edir)
Uzunluq: təxminən 69 fut (20,9 m)
Qanad açılımı: təxminən 42-45 fut (təxminən 13-14 m)
Çəkisi (maksimal qalxma çəkisi): təxminən 80.000 funt (36.000+ kq)
Mühərriklər: iki ədəd WS-10C “afterburner”li turboreaktiv, gələcəkdə WS-15-ə keçid ehtimalı
Maksimal sürət: təxminən 1.320 mil/saat (2.130 km/saat)/“Mach 2.0”
Uçuş məsafəsi: təxminən 1.200 mil (2.000 km)
Xidmət tavanı: təxminən 65.000 fut (20.000 m)
Silahlanma: daxili silah bölmələri, xarici asqılar, 24.000 funt (11.000 kq) faydalı yük
Ekipaj: 1 nəfər


İki yerlik J-20S qırıcısı haqqında bilinməli məqamlar

Hələ 2018-ci ildə Çində iki yerlik J-20 variantı barədə şayiələr yayılmağa başlamışdı. İlk prototip nəhayət 2021-ci ilin sonlarında CAC müəssisələrində yerüstü sınaqlar zamanı müşahidə olundu. Təyyarə ilk uçuşunu 2021-ci ilin noyabrında həyata keçirdi və 2025-ci ilin əvvəlinə qədər azı altı prototip istehsal edildi, bunlara təkmilləşdirilmiş elektro-optik sistem və yeni boya sxemləri kimi yeniliklər daxil idi.

J-20S ilk dəfə 2024-cü ildə “Zhuhai” Aviaşousunda ictimaiyyətə təqdim edildi. Bu ilin iyuluna qədər isə PLAAF-ın 172-ci Hava Briqadasına məxsus əməliyyat nişanlı J-20S təyyarələrinin görünməsi modelin sınaq mərhələsindən aktiv xidmətə keçdiyini göstərdi. Bu sürətli irəliləyiş Çinin PUA inteqrasiyası və çoxməqsədli çeviklik üzərində cəmlənən “beşinci nəsil plus” imkanlara doğru irəliləyişi ilə üst-üstə düşür.

Çinin J-20S modeli bir yerlik J-20-nin əsas stels arxitekturasını qoruyur, lakin iki nəfərlik heyət üçün dəyişikliklərə malikdir. Yuxarıda qeyd edildiyi kimi, J-20S iki kabinli dizayna malikdir. Ön hissədə pilot, arxa hissədə isə silah sistemləri zabiti (WSO) və ya döyüş zabiti əyləşir. Bu, WSO-ya sensor məlumatlarının birləşdirilməsi, radioelektron mübarizə və komanda tapşırıqlarını pilotu yükləmədən yerinə yetirməyə imkan verir. Bu isə mürəkkəb mühitlərdə real vaxt rejimində qərar qəbulunu mümkün edir (məsələn, hava erkən xəbərdarlıq və idarəetmə təyyarələrindən hədəflərin yönləndirilməsi və ya PUA sürülərinin idarə olunması).

“Chengdu” Aviasiya Korporasiyası ikinci oturacaq üçün ön gövdəni yenidən layihələndirib, sabitlik üçün quyruq stabilizatorlarını böyüdüb və daha güclü və səmərəli ola biləcək qallium nitrid (GaN) texnologiyalı təkmilləşdirilmiş AESA radarını yerləşdirmək üçün burun hissəsini dəyişdirib. Təyyarə aşağı radara görünmə qabiliyyətini gücləndirmək üçün tünd boz (demək olar ki, qara) radaruducu örtüyə malikdir.

Burun altında yerləşən qabaqcıl elektro-optik hədəfləmə sistemi (EOTS) passiv aşkarlama və təhdid izləmə üçün 360 dərəcə örtük təmin edir. Avionik kompleks yüksək situasiya məlumatlılığı yaradır və döyüş meydanında kiçik radioelektron mübarizə təyyarəsi, əslində “ana gəmi” kimi çıxış edə bilir.

Bu təyyarə iki ədəd “Shenyang” WS-10C turboreaktiv mühərriki ilə təchiz olunub, gələcəkdə isə supersəs kreyser uçuşu qabiliyyəti üçün daha güclü WS-15 mühərriklərinə keçid planlaşdırılır.

J-20S PUA sürüsünə rəhbərlik etmək üçün hazırlanıb

J-20S hava üstünlüyü, görmə xəttindən kənar (BVR) döyüşlər və quru ilə dəniz hədəflərinə dəqiq zərbələr üçün hazırlanıb. Kabinənin arxa oturacağından WSO “sadiq qanadçı” tipli PUA-ları kəşfiyyat, radioelektron qarışdırma və ya zərbə tapşırıqları üçün idarə edə bilər ki, bu da mübahisəli hava məkanında qüvvə çoxaltma effektini artırır.

J-20S radioelektron qarışdırma aparmaq, taktiki məlumat emalı mərkəzi kimi fəaliyyət göstərmək və digər qırıcılar, PUA-lar və erkən xəbərdarlıq və idarəetmə platformaları da daxil olmaqla şəbəkələşdirilmiş vasitələr üçün komanda mərkəzi rolunu oynamaq üçün nəzərdə tutulub. Təyyarə xaotik döyüş meydanı ssenarilərində PLAAF sistemləri ilə inteqrasiya olunur və J-16D kimi radioelektron mübarizə təyyarələri və PUA sürülərinin dəstəyi ilə düşmən müdafiəsini aşkarlanmadan yarıb keçə bilir.

Təyyarənin silahlanmasına daxili bölmələrdə altı ədədə qədər PL-15 və PL-21 uzaqmənzilli “hava-hava” raketləri, PL-10 qısamənzilli raketlər və dəqiq idarə olunan sursatlar daxildir. Xarici asqılar isə “maksimum yük” konfiqurasiyasında stelslik tələb olunmayan missiyalar üçün 12-yə qədər raket daşımağa imkan verir.

ABŞ ilə Çin Xalq Respublikası arasında mümkün münaqişə zamanı J-20S müdafiə sistemlərini aşmaq üçün PUA sürülərini koordinasiya etməklə, yanacaqdaşıyan təyyarələr və AWACS kimi dəstək vasitələrini sıradan çıxarmaqla və real vaxt rejimində taktiki nəzarət təmin etməklə təhdidləri artıra bilər. Bu isə Tayvan boğazı kimi bölgələrdə hava üstünlüyü balansını dəyişə bilər. İstehsal genişlənir, hesablamalara görə, ilin sonuna qədər ondan çox J-20S xidmətdə ola və daha geniş J-20 parkını tamamlaya bilər.

Dəyanət Ağaları
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   J-20S   ABŞ  


Bizi "telegram"da izləyin