“Eurofighter”in yeni radarında sınaqlar davam edir

2026/06/Ekran-1781090972.jpg
Oxunub: 208     15:30     10 İyun 2026    
Almaniya və İspaniyanın “Eurofighter” döyüş təyyarələri üçün hazırlanmış ECRS “Mk1” radarının yerüstü sınaqları tamamlanıb və uçuş sınaqlarına hazırlıq mərhələsi başlayıb.

Ordu.az xəbər verir ki, radarın hazırlanması prosesində iştirak edən HENSOLDT və “Indra” şirkətləri sistemi real əməliyyat şəraitinə yaxın mühitdə sınaqdan keçirməyə başlayıblar.

Məlumata görə, “Mk1” radarı təyyarələrə tam inteqrasiya olunub və bu günə qədər hazırlanmış ən müasir proqram təminatı ilə təchiz edilib. Radarın proqram təminatının təkmilləşdirilməsi və real ssenarilərin yoxlanılması məqsədilə sistem canlı hədəflər üzərində sınaqdan keçirilir.

“Indra” şirkətinin açıqlamasında qeyd olunub ki, ilkin nəticələr radarın həm aparat, həm də proqram təminatı baxımından yüksək etibarlılıq və performans nümayiş etdirdiyini göstərir.

HENSOLDT şirkətinin Eurofighter radar proqramının rəhbəri Falko Firl bildirib ki, ECRS “Mk1” radarının 2027-ci ildə Almaniya və İspaniyaya təhvil verilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub.

“Indra” şirkətinin “Eurofighter” proqramı üzrə direktoru Monika Peres Fernandes isə vurğulayıb ki, yeni AESA radarının sınaq mərhələsinin başlaması “Eurofighter” platformasının gələcək hava üstünlüyü imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

ECRS “Mk1” Almaniya və İspaniya Hərbi Hava Qüvvələrinin istifadəsinə veriləcək yeni nəsil Eurofighter radarıdır. AESA texnologiyasına əsaslanan sistem “hava-hava” və “hava-yer” əməliyyatları ilə yanaşı, aktiv və passiv radioelektron mübarizə imkanlarını da genişləndirəcək.

Qeyd edək ki, layihə üzrə müqavilə 2020-ci ildə imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Eurofighter   ECRS   Mk1  


Bizi "telegram"da izləyin