Erməni oliqarxın partiyası parlamentə düşəcək?

2026/06/1781008538.jpg
Oxunub: 173     13:36     10 İyun 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyan erməni oliqarx Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasının parlamentə düşmək şansları ilə bağlı suala münasibət bildirib.

Ordu.az xəbər verir ki, o, parlamentdə jurnalistlərlə söhbəti zamanı məsələ ilə bağlı danışıb.

Hovakimyan əvvəlcə Tsarukyana qarşı ittiham irəli sürülməsi ilə bağlı sualları Baş Prokurorluğa ünvanlamağı tövsiyə edib.

Ermənistan MSK sədri qeyd edib ki, deputatlığa namizəd statusu mandatların bölüşdürülməsinə qədər qüvvədə qalır.

Sonradan o əlavə edib ki, Tsarukyan barəsində yayılan məlumatlar yeni ittihamla deyil, əvvəlki cinayət işi ilə bağlıdır.

“Seçki Məcəlləsi deputatlığa namizədlərə toxunulmazlıq verir, lakin bu, yalnız cinayət təqibi namizəd statusu əldə edildikdən sonra başlanarsa qüvvədə olur”, - deyə Hovakimyan bildirib.

Tsarukyanın rəhbərlik etdiyi partiyanın parlamentə düşə biləcəyi barədə suala cavab olaraq isə Ermənistan MSK sədri yekun nəticələr açıqlanmadan hər hansı proqnoz verməyəcəyini deyib.

“Bu barədə əvvəlcədən qiymətləndirmə verə bilmərəm. Yekun nəticələr tamamlandıqdan sonra qərar Mərkəzi Seçki Komissiyasının qərarı formasında açıqlanacaq”, - deyə o qeyd edib.

Hovakimyan həmçinin hakimiyyətin “Çiçəklənən Ermənistan”ın səslərini azaltması barədə ittihamları rədd edib.

Onun sözlərinə görə, dörd seçki məntəqəsində texniki məlumat daxil etmə xətası aşkarlanıb və protokollarda düzgün rəqəmlər əks olunub.

“Əgər səhv daxil etmə olubsa, bu düzəldiləcək. Hətta onlar aşkarlamasaydılar belə, biz bunu yenə düzəldəcəkdik”, - deyə Ermənistan MSK sədri vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsarukyan  


Bizi "telegram"da izləyin