Ordu.az xəbər verir ki, Zaxarova bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.
Kallas seçkilərin nəticələrini şərh edərkən Ermənistan xalqının guya Rusiyanın güclü təzyiqlərinə baxmayaraq “Avropa gələcəyini” seçdiyini bildirmişdi.
Moskvanın Brüsselin bu bəyanatlarını necə qiymətləndirdiyi barədə suala cavab verən Zaxarova bildirib ki, Ermənistanın hətta Avropa İttifaqına namizəd ölkə statusu yoxdur və Kallas növbəti dəfə həqiqətə uyğun olmayan açıqlama verib.
“Kaya Kallasdan növbəti yalandan başqa bir şey gözləmək mümkün deyildi. O, belə insandır, onun mahiyyəti budur”, - deyə Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın seçki kampaniyası dövründə Avropa strukturlarının fəallığını görməmək mümkün olmayıb.
“Gündəmi az da olsa izləyən hər kəs Avropa İttifaqının seçki prosesini faktiki olaraq əl ilə idarə etməyə çalışdığını görə bilərdi”, - deyə o bildirib.
Zaxarova hesab edir ki, Avropa qurumlarının bir sıra addımları seçki prosesinə müdaxilənin göstəricisidir.
O, hibrid təhdidlərə qarşı sürətli reaksiya missiyalarını, may ayının əvvəlində seçki kampaniyasının ən qızğın dövründə İrəvanda təşkil olunan tədbirləri, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyunun 4-də Ermənistana maliyyə dəstəyi ilə bağlı telefon zənglərini və səsvermənin nəticələri açıqlanmamışdan əvvəl Avropa İttifaqının nümayəndəsinin Ermənistana səfərini misal göstərib.
“İstədikləri nəticəni əldə etmək üçün Brüsseldə demokratiya, qanunçuluq və prinsiplər barədə dediklərini kənara qoydular”, - deyə Rusiya XİN nümayəndəsi qeyd edib.
Zaxarova seçkilərin nəticələrinə toxunaraq bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının reytinqi əvvəlki seçkilərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşüb.
“Biz hələ iyunun 8-də demişdik ki, hakimiyyətin bütün təzyiqlərinə baxmayaraq, “Vətəndaş Müqaviləsi” partiyasının reytinqi əvvəlki seçkilərlə müqayisədə ciddi şəkildə azalıb”, - deyə o vurğulayıb.
Diplomat həmçinin Ermənistan cəmiyyətində Rusiya ilə münasibətlərin qorunması və inkişaf etdirilməsi istəyinin mövcud olduğunu iddia edib.
“Ermənistan cəmiyyətində Ermənistan-Rusiya əlaqələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi tələbi açıq şəkildə görünür. Çünki bu münasibətlər erməni xalqına real fayda verir”, - deyə Zaxarova bildirib.
O, Ermənistanın Avropa inteqrasiyası perspektivlərini də şübhə altına alıb.
“Avropa inteqrasiyasından danışanda Ermənistana konkret olaraq nə təklif edirlər? Moldovaya Rumıniyanın tərkibinə daxil olmaq təklif olunur. Ermənistana nə təklif ediləcək? Hansı dövlətin tərkibinə daxil olmalıdır?”, - deyə o sual verib.
Zaxarovanın fikrincə, Avropa qurumları Ermənistan cəmiyyətində süni seçim illüziyası yaradaraq Avropa İttifaqı ilə Rusiyanı qarşı-qarşıya qoymağa çalışıblar.
“Bu, açıq manipulyasiyadır və erməni xalqının real maraqları ilə heç bir əlaqəsi yoxdur. Məqsəd Ermənistanı daxildən zəiflətmək, insanları bir-birinə qarşı qoymaq və Ermənistanı Rusiya ilə qarşıdurmaya sürükləməkdir”, - deyə diplomat qeyd edib.
Zaxarova bir daha xatırladıb ki, Ermənistanın Avropa İttifaqına namizəd ölkə statusu belə yoxdur. Onun sözlərinə görə, buna baxmayaraq Brüssel artıq Ermənistanın “Avropa gələcəyi” barədə danışır.
Rusiya XİN nümayəndəsi Avropa İttifaqının hazırkı vəziyyətini də tənqid edib.
“Bugünkü Avropa İttifaqı tərəfdaşlarına iqtisadi durğunluqdan, silahlanma yarışından, təhlükəli xarici siyasət avantüralarından və kor-koranə antirusiya kursundan başqa heç nə təklif edə bilmir”, - deyə o bildirib.
Zaxarova əlavə edib ki, Avropa rəsmiləri öz iqtisadi problemləri barədə danışmaqdan yayınırlar.
Onun fikrincə, Qərb iqtisadi problemlərini başqalarının hesabına həll etməyə çalışır və məhz bu səbəbdən təhlükəli geosiyasi oyunlara qoşulur.
Diplomat sonda bildirib ki, sanksiyalar siyasəti və münaqişələrin dəstəklənməsi Avropa iqtisadiyyatlarının vəziyyətini daha da ağırlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az