Lavrov: “Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyü məsələsi həlledici mərhələyə çatıb”

2026/06/1780637526.jpg
Oxunub: 189     15:50     10 İyun 2026    
“Ermənistanın Avrasiya İqtisadi Birliyində gələcək üzvlüyü ilə bağlı məsələ həlledici mərhələyə daxil olub və bu məsələyə operativ şəkildə aydınlıq gətirilməlidir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, İrəvan hələlik Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində olmadığını bəyan etsə də, ölkədə artıq Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul olunub.

Lavrov qeyd edib ki, bu şəraitdə Ermənistanın hansı istiqaməti seçəcəyini tez bir zamanda dəqiqləşdirməsi vacibdir.

Nazir xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin və Rusiya hökumətinin üzvləri də bu məsələnin yaxın vaxtlarda aydınlaşdırılmalı olduğunu bildiriblər.

“Bu, erməni xalqının seçiminə hörmət etmədiyimiz üçün deyil. Biz sadəcə bu seçimin nə olduğunu dəqiq bilmək istəyirik. Çünki Avropa İttifaqına qoşulmaq haqqında qanunu həyata keçirib eyni zamanda Avrasiya İqtisadi Birliyində qalmaq mümkün deyil. Hər iki qurumun fəaliyyət prinsipləri bir-birinə uyğun gəlmir”, - deyə Lavrov vurğulayıb.

Daha əvvəl Kremlin nümayəndələri Ermənistanın Avropa İttifaqı ilə inteqrasiyaya can atmasının onun suveren hüququ olduğunu bildirsələr də, bunun Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin maraqları hesabına baş verməməli olduğunu qeyd etmişdilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan   AİB  


Bizi "telegram"da izləyin