Ordu.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İrlandiyanın RTE telekanalına müsahibəsində bildirib.
“Biz vahid mövqedə deyilik. Mən daim eşidirəm ki, niyə Rusiya və Ukrayna məsələsində ortaq mövqeyiniz var, amma İsrail məsələsində yoxdur. Bunun səbəbi tarixidir. Bəzi ölkələr vəziyyətə fərqli yanaşır və ümumi məxrəcə gəlmək son dərəcə çətindir”, - deyə Kallas bildirib.
Müsahibə zamanı jurnalist sanksiyaların sərtləşdirilməsini dəstəkləyən ölkələr kimi İrlandiya, İspaniya və Sloveniyanı misal göstərib.
Buna cavab olaraq Kallas qeyd edib ki, eyni mövqeni bölüşən başqa ölkələr də var və daha sərt tədbirlər tələb edən dövlətlərin sayı artır.
Avropa diplomatiyasının rəhbəri bildirib ki, yaxın vaxtlarda Avropa Komissiyası İsrailə qarşı yeni tədbirlər təklif edəcək.
Lakin onun fikrincə, həmin təkliflərin qəbul olunması çətin görünür.
Jurnalistin bu vəziyyətin Avropa İttifaqını zəiflədib-zəiflətmədiyi barədə sualına cavab olaraq Kallas bunun məyusedici olduğunu vurğulayıb.
Xatırladaq ki, may ayında Belçikanın Baş naziri Bart De Vever Avropa İttifaqının heç vaxt İsrailə qarşı sanksiyalar tətbiq etməyəcəyini bildirmişdi.
Belçika adətən Avropa İttifaqı Şurasında İsrailə qarşı mümkün sanksiyalarla bağlı müzakirələrdə fəal iştirak etmir.
Belçika mediasının qiymətləndirmələrinə görə, ölkə İsrailə qarşı sanksiyaların qəbul edilməsinə mane olan Aİ üzvlərindən biridir.
Sevinc Əliyeva
Ordu.az