Zurabyan: “Az səs topladığımıza görə danışmaq haqqımızın olmadığını iddia etmək tamamilə əxlaqsız cəfəngiyyatdır”

2026/06/1781088557.jpg
Oxunub: 212     14:50     10 İyun 2026    
“Erməni Milli Konqresi”nin sədr müavini Levon Zurabyan az səs topladıqları üçün danışmaq hüquqlarının olmadığını iddia edənləri sərt tənqid edib.

Ordu.az xəbər verir ki, Zurabyan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Beləliklə, guya bizim az səs topladığımıza görə danışmaq haqqımızın olmadığı barədə bütün söhbətlər tamamilə əxlaqsız cəfəngiyyatdır”, - deyə o bildirib.

Zurabyan fikrini əsaslandırarkən tarixi nümunələrə istinad edib.

“Əgər həqiqət səsvermə ilə müəyyənləşsəydi, İsa çarmıxa çəkilməzdi. 2017-ci ildə bizim az səs toplamış partiyamızdan başqa, ümummilli konsensus formalaşmışdı ki, Minsk qrupunun planını qəbul etmək erməni xalqına xəyanətdir. İnsanların 99 faizi belə düşünürdü. Tarix həmin 99 faizə amansız dərs verdi”, - deyə o qeyd edib.

“Erməni Milli Konqresi” rəsmisi daha sonra Adolf Hitler və Benito Mussolininin hakimiyyətə demokratik səsvermə yolu ilə gəldiyini xatırladaraq əlavə edib: “Hitler və Mussolini də hakimiyyətə demokratik səsvermə ilə gəliblər. Bəs onda onlar haqlı idilər?”.

Zurabyan vurğulayıb ki, aldıqları səslərin az olması onların mövqeyini daha az həqiqi etmir.

“Bizim sözümüz yalnız az səs aldığımıza görə daha az həqiqətə çevrilmir. Təəssüf ki, tarix yenidən bizim xəbərdarlıqlarımızın və təklif etdiyimiz həll yollarının doğruluğunu sübut edəcək”, - deyə o bildirib.

O, həmçinin özlərini susdurmağa çalışanlara da cavab verib.

“Bizi söz haqqından məhrum etmək istəyənlərə deyirəm: qaçın, biz danışacağıq və həqiqəti xalqımıza çatdıracağıq”, - deyə Zurabyan qeyd edib.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, “Erməni Milli Konqresi” seçkilərdə səslərin 1 faizindən də azını toplayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zurabyan   Ermənistan  


Bizi "telegram"da izləyin